NUHÇIXAN xəbər verir ki, muxtar respublikada əhalinin, xüsusi ilə də gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Şahbuz şəhərində 40 mənzilli yaşayış binası tikilir.
İnşa olunan bina zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarətdir. Buradakı mənzillərdən 20-si üçotaqlı, 20-si isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 90 və 83, ikiotaqlı mənzillərin ümumi sahəsi isə 63 və 70 kvadratmetr olacaq. Binanın zirzəmisində xidmət mərkəzi, bərbərxana, qadın gözəllik salonu, dərzi, ərzaq və təsərrüfat malları mağazaları yerləşəcək.
Qeyd edək ki, dövlət vəsaiti ilə tikilən binadakı mənzillər münasib qiymətə gənc ailələrə təklif edilir.
Emin Novruzov