Gənclərin muzeylərlə tanışlığı davam edir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bir qrup gənc Kəngərli rayonundakı muzeyləri gəzib və burada sərgilənən eksponatlara baxıblar. Ekskursiyada nazirliyin hamiliyinə verilən ixtisaslarda təhsil alan gənclər iştirak edib.
Gənclər əvvəlcə Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Burada onlara muzey barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən yaradılıb. Muzeydə rayonun tarixini, qədimliyini və məişətini özündə əks etdirən dəyərli eksponatlar toplanıb və nümayiş olunur.
Ekskursiya çərçivəsində gənclər türk-islam mədəniyyətinin möhtəşəm nümunələrindən və Şərq memarlığının incilərindən olan Qarabağlar Türbə Kompleksində də olublar. Burada onlara kompleks haqqında ətraflı məlumat verilib.
Sonda gənclər Şahtaxtinskilər Muzeyində olublar. Bildirilib ki, muzeyin ekspozisiyasında Şahtaxtinskilər haqqında məlumatlar, əlyazmalar, nəslin müasirlərinin fotoşəkilləri və digər eksponatlar öz əksini tapır. Ümumi məlumatdan sonra gənclər Şahtaxtinskilər haqqında toplanan materiallarla yaxından tanış olublar.
Ərhan Novruzov