Prokurorluq orqanları dövlətçilik maraqlarına, insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir
“Mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram.”
Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün- oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur. Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına yüksək dövlət qayğısının ifadəsi olmaqla yanaşı, həm də prokurorluq işçilərinin fəaliyyətinə verilən böyük dəyərin təzahürüdür.
Azərbaycan prokurorluq orqanlarının əsasının 1918-ci il oktyabrın 1-də qoyulmasına baxmayaraq, onun dövlət orqanı kimi formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin hələ ölkəmizə rəhbərliyinin birinci dövründə cəmiyyətdə haqq və ədalətin zəfər çalması uğrunda böyük əzm və fədakarlıqla çalışaraq insan hüquq və azadlıqlarının müdafiəsinin ən ali forması kimi qanunlara eyni cür və dürüst əməl edilməsinə nail olub.
Ulu öndərin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra milli prokurorluq orqanları ölkənin hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının müdafiəsində çox əhəmiyyəti olan, konstitusion statuslu, yüksək dünya standartlarına və müasir beynəlxalq tələblərə uyğun sivil təşkilat kimi formalaşıb. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaradıb.
Məhz bu dövrdən ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq, prokurorluq orqanlarında köklü islahatlara başlanılıb. “Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz layiqli yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiq xidmət edir”, - deyən ulu öndərin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olub.
Ulu öndər Heydər Əliyevin prokurorluq işçilərinə ünvanlanmış dəyərli tövsiyələri və prokurorluq peşəsinə verdiyi qiymət hər bir əməkdaşın xalqına və dövlətinə sədaqət hissini gücləndirməklə böyük ruh yüksəkliyi yaradıb. Ümummilli liderin "Prokurorluq peşəsi ağır çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız" sözlərini prokurorluq işçiləri öz fəaliyyətlərində əsas istiqamət kimi götürürlər.
Müstəqil dövlətimizin müntəzəm irəliləyişində müşahidə olunan dayanıqlı və davamlı tərəqqisi prokurorluqda adekvat dəyişikliyin baş verməsinə hərtərəfli şərait yaratmaqla bu dövlət təsisatının ardıcıl və sistemli inkişafına səbəb olub. Ölkəmizin hazırkı inkişaf səviyyəsinə uyğun olaraq prokurorluq orqanları da bu gün əvvəlki istənilən bir dövrdə olduğundan daha çox inkişaf etməklə müasirləşib və fəaliyyətini ən yüksək tələblər səviyyəsində təkmilləşdirməyə çalışıb. İnkişaf etmiş dünya dövlətlərinin bu qəbildən olan qurumlarına məxsus olan müsbət keyfiyyətləri özündə birləşdirən, prokurorluğun müasir dövrdə fəaliyyət istiqamətinə və roluna dair Avropa Şurasının, Beynəlxalq Prokurorlar Assosiasiyasının və digər nüfuzlu beynəlxalq təşkilatların müəyyən etdiyi standartlara cavab verən prokurorluq orqanları, dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin təmin olunmasına və insan hüquq və azadlıqlarının ən ümdə dəyər kimi qorunmasına xidmət edən, sıralarında öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirən, yüksək mənəvi, əxlaqi və peşə keyfiyyətlərinə malik olan, etik davranış qaydalarına riayət etməklə cəmiyyətin etimadını qazanmış dövlət qurumu kimi fəaliyyət göstərir. Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi:"Son illər prokurorluqda sağlam iş şəraitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir."
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən istifadə edilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması sahəsində ciddi uğurlar əldə edilib. Dövlət proqramının icrası üzrə prokurorluğun fəaliyyətinin bütün sahələrini əhatə edən çoxsaylı və əhəmiyyətli tədbirlər həyata keçirilməklə əsaslı təkmilləşməyə və müasirləşməyə nail olunub.
Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanları da həmişə öz üzərində yüksək dövlət qayğısını hiss edib. Ötən dövrdə muxtar respublika prokurorluğunun, eləcə də rayon, şəhər prokurorluqlarının normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb, 2006-cı ildə Şahbuz və Culfa rayon prokurorluqları üçün müasir standartlara cavab verən yeni inzibati binalar tikilərək istifadəyə verilib. Muxtar respublikanın sosial-iqtisadi və demokratik inkişafına uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün yeni mərhələnin başlanğıcını qoyub. Ordubad, Kəngərli və Sədərək rayon prokurorluqları üçün yeni inzibati binalar tikilib, Şərur rayon Prokurorluğunun inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Prokurorluğu mərkəzi aparatının inzibati binası əsaslı yenidənqurmadan sonra müasir texniki vasitə və kriminalistik avadanlıqlarla təmin edilərək istifadəyə verilib. Prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Naxçıvan şəhər və Babək rayon prokurorluqları üçün də yeni inzibati binalar tikilərək istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyə və tapşırıqlarına uyğun olaraq, cinayət hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, muxtar respublika cinayətkarlığın səviyyəsi baxımından ən stabil regiona çevrilib, cinayət hadisələrinin sayı dəfələrlə azalıb. Bu gün muxtar respublikanın prokurorluq orqanları profilaktik tədbirlərin təsirliliyinin artırılmasını diqqət mərkəzində saxlayırlar. Çünki demokratik dövlət quruculuğunda insanların hərtərəfli hüquqi düşüncəyə və hüquq mədəniyyətinə malik olmaları əsas şərtlərdəndir. Bununla bağlı hüquqi maarifləndirmə işinin əhəmiyyətini qeyd edən Ali Məclisin Sədri demişdir: “Hüquqi maarif işinin təşkil edildiyi bir cəmiyyətdə işləmək də, yaşamaq da rahatdır və belə cəmiyyət inkişaf edir. Ona görə də bizim əsas vəzifələrimiz hüquq maarifi işini gücləndirməkdən ibarət olmalıdır”. Ali Məclis Sədrinin proqram xarakterli tapşırıqlarını muxtar respublikanın prokurorluq orqanları özləri üçün prioritet vəzifə kimi qəbul edərək əsas diqqəti həyata keçirilən profilaktik tədbirlərin təsirliliyinin artırılmasına yönəldiblər.
Prokurorluq orqanlarına işə qəbulun müsabiqə qaydasında keçirilməsi prokurorluğun kadr tərkibinin savadlı hüquqşünaslar hesabına komplektləşdirilməsi üçün ciddi zəmin yaradıb. Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqələrin keçirilməsi qaydalarına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Prokurorluğuna Naxçıvan Muxtar Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyata alınmış şəxsləri prokurorluq orqanlarına işə qəbul etmək səlahiyyəti verilib. Bu səlahiyyətdən istifadə edilərək Naxçıvan Muxtar Respublikası Prokurorluğunda aşkarlıq və şəffaflıq şəraitində test imtahanları keçirilib və nəticədə, gənc hüquqşünaslar prokurorluq orqanlarına işə qəbul olunublar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müstəqil dövlətin əsas sütunu onun hüquq-mühafizə orqanlarıdır. Hər bir ölkənin ümumi sabitliyi, social-iqtisadi inkişafı, ilk növbədə, həmin ölkənin hüquq-mühafizə orqanlarının fəaliyyətindən asılıdır. Ona görə də bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə və maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir”.
Bu qayğını daim öz üzərlərində hiss edən prokurorluq orqanlarının əməkdaşları bundan sonra da qanunçuluq və hüquq qaydasının mohkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsində səylə çalışacaqlar.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun
Hüquqi təminat və informasiya şöbəsi