Naxçıvanda məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı keçirilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2019-cu il üçün İş planına uyğun olaraq Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı təşkil olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikamızda bütün sahələrdə inkişafa nail olunub. Sağlamlıq imkanları məhdud şəxslərin və qadınların ictimai-mədəni həyatda iştirakı, onların istedadlarının üzə çıxarılması və məşğulluqlarının təmin edilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Məhdud fiziki imkanlılar və istedadlı qadınların rəsm və əl işlərindən ibarət növbəti sərgi-satışın təşkil olunmasını bu kateqoriyadan olan şəxslərə dövlət qayğısının daha bir ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, muxtar respublikada digər fəaliyyət sahələri ilə yanaşı qadınların məşğulluğunun təmin olunması da diqqətdə saxlanılır, xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşatmağı özünə fəaliyyət sahəsi kimi seçən və asudə vaxtını bu işlərə sərf edən qadınların sayı artır, onlar tərəfindən yeni yaradıcılıq nümunələri hazırlanır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev isə qeyd edib ki, muxtar respublikanın bütün sakinləri kimi, sağlamlıq imkanları məhdud şəxslər də yüksək dövlət qayğısı ilə əhatə olunublar. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət qadın siyasəti qadınlarımızı cəmiyyətin fəal üzvünə çevirib, onların ictimai həyatda iştirakını təmin edib. Həyata keçirilən bu siyasətin tərkib hissəsi kimi istedadlı qadınların fəaliyyətlərinin inkişaf etdirilməsinə də xüsusi diqqət yetirilir.
İstedadlı və yaradıcı qadınlar adından Lalə Əliyeva yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, 10 gün davam edəcək sərgi-satışda ümumilikdə 305 müəllifin 3 min 926 sayda əl işi sərgilənir. Toplanılan əl işləri arasında milli geyim nümunələri, yağlı boya ilə çəkilən təbiət mənzərələri, quramalar, toxuma xalçalar, vitraj, rəsm işləri, dekorativ və muncuqla işlər həmçinin, ağac üzərində yanma üsulu ilə hazırlanan əsərlər və digər maraqlı əl işlər sərgilənir.
Ərhan Novruzov