XXI əsrin kəndi - FOTOLAR

Səməd Canbaxşiyev yazır...

A- A A+

Mən özüm kənddə böyümüşəm. Kəndimiz dəniz səviyyəsindən 2000 metrə yaxın hündürlükdə yerləşir. Bizim uşaqlıq illərimiz 1970-80-ci illərə düşüb. O zaman kənd deyəndə göz önünə  küçələri yayda tozlu, qışda buzlu, yaz və payızda isə palçıqlı bir aləm göz önünə gəlirdi. Həmin vaxtlar əslində Sovet İttifaqının “mənəm-mənəm” deyən dövrü idi. O dövlət ki, dünyanın iki ən güclüsündən biri sayılırdı. Amma biz kəndə göstərilən qayğıda onu hiss edə bilmirdik. Dünyanın ən güclü ölkəsinə məxsus olan kənddə  üstü şiferli evlər barmaqla sayılırdı.  Qalan evlərin damı isə  “tol” deyilən enli, nazik qır lenti ilə örtülmüş  ya da sadəcə samanla qarışdırılan palçıqla suvanmışdı. Ona görə də yağış yağan kimi evin külfəti dama çıxıb sızqa yağmurun altında “dehadeh” palçığı ayaqlayıb bərkidirdilər ki, ev dammasın. Kəndin palçıqlı küçələri, ortasından keçən və qonşu kəndə gedən yolundan  isə danışmağa dəyməzdi. Bu başqa bir  “kabus” idi. İş o yerə çatırdı ki yağmurlu  günlərdə məktəbə, inzibati idarələrə gedən adamlar yolda palçıqdan qorunmaq üçün “tuflilərini” kağıza büküb qoltuğuna vurur, ayağına isə  qaloş geyib gedirdilər. Mənzil başına çatanda  ayaqqabını dəyişib içəri girirdilər. O zaman təkcə bizim deyil, elə qonşu kəndlərdə də məktəb binaları  da ürəkaçan deyildi. Bir mərtəbədən ibarət məktəblərin  çölü ildə bir dəfə- məktəb açılanda əhənglə ağardılırdı. Soyuq düşən kimi siniflərdə qalanan odun, kömür sobaları otaqların rəngini qapqara qaraldırdı. Aralı döşəmə taxtaları isə qələm, karandaş “qəbristanlığı” idi. Əlimizdən təsadüfən düşən kiçik əşyalar bizim deyildi- döşəmə həmin an onları “udurdu”...

Yollar o qədər bərbad idi ki, Naxçıvan şəhərindən 40-45 kilomemtrlik məsafəni minik avtomobili ilə 1 saata, avtobusla ilə bir saatdan da artıq vaxta gəlmək olurdu. 

Kəndin tibb məntəqəsi əvvəlcə  kiminsə köhnə evi olmuşdu. Yeriyəndə eyvanının taxtaları ayağın altında əyilib-qalxır, cır-cır cırıldayırdı. Bu o zaman Naxçıvanda olan bütün kəndlərin  acınacaqlı mənzərəsi idi. Amma indi hər şey tamam başqadır..

Müstəqillik... Bu kökü, dövlətçilik tarixi olan xalqlar üçün təkcə azadlıq deyil, həm də sabaha doğru inkişaf baxımından bir sıçrayışdır. Hələ o xalqın insanlarının qanında qurmaq-yaratmaq vərdişi ola... Bu gün müstəqillik  Azərbaycan vətəndaşının qanına, canına işləyib. Onu əyani şəkildə sözdən işə çevirənlərin səyi ilə hər bir sahədə nəinki hiss edə, hətta görə bilirik. Bunu indiki kəndlərimizdə müşahidə etmək daha fərəhələndiricidir. Bu gün  Naxçıvanın kəndləri 21-ci əsrə məxsus şəkildə qurulur və inkişaf edir. Muxtar respublikanın rayon mərkəzləri və kəndlərinin 90 faizi abadlaşıb.  Burda   yaradılan infrastruktur 1980-ci illərin kiçik şəhərləri və qəsəbələrindəkindən dəfələrlə üstündür. Artıq “kənd” ifadəsi Naxçıvan gəncinin düşüncəsində palçıqlı küçə, bərbad yol, yarıqaranlıq həkim ambulatoriyası  və köhnə məktəblə assosiasiya olunmur. Bu ifadənin arxasında tamamilə yeni, rahat yolu, rəngbərəng dam örtüyü olan evləri, rabitəsi, interneti olan müasir yaşayış məntəqəsi canlanır.

Bu günlərdə Babək rayonun Kültəpə kəndində yeni yaradılan sosial-məişət obyektləri sakinlərin istifadəsinə verildi. Kənddə dövlətin qayğısı ilə inşa edilən üç mərtəbəli, ən müasir avadanlıqlarla təchiz olunan məktəb yəqin ki, bizim uşaqlıq illərində heç arzumuz da ola bilməzdi. Səliqəli, rahat, geniş sinif otaqları, maddi texniki bazası, internet resursları  ilə dünyanı nəinki həmin kəndə, lap oturduğun məktəbli partasına qədər “gətirmək” mümkündür. 

1980-ci illərdə kənddə tibbi xidmət  ifadəsi bir qədər fantastik səslənirdi. Olsa-olsa uzağı bir məntəqə və ya ambulatoriya olardı. Onun da ki otaqlarında bir çarpayı və paslanmayan metaldan tibbi avadanlıqlar gözə dəyirdi. İndi isə kənd ambulatoriyalarında  olan avadanlıqlarla istənilən xəstəyə ilkin və vacib tibbi xidməti göstərmək mümkündür. Hətta ultrasəs qurğuları ilə daxili xəstəlikləri təyin etmək olar. Kəndlərdəki  Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar qoyulub. Kültəpə kəndindəki Həkim ambulatoriyasının Fizioterapiya kabinəsi isə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası ilə təmin edilib. Peşəkarlar və bu işdən az da olsa başı çıxanlar söhbətin nədən getdiyini anladılar. Bir kənd ambulatoriyasında göstəriləcək tibbi xidmətin səviyyəsi maddi-texniki baxımdan istənilən şəhər xəstəxanası ilə demək olar ki, eyni səviyyədədir. Yəni artıq insanlar sağlamlıqlarını qorumaq üçün kəndlərdən şəhərlərə gedib saatlarla vaxt itirmirlər. Necə deyərlər, dövlətin qayğısı ilə hər şey onların “ayağına gəlib”.

Kültəpənin yenilənən yolu, inşa edilən Kənd Mərkəzi və  Xidmət Mərkəzi indi bu kəndin simasını tamamilə dəyişib. Kənd artıq qəsəbəni xatırladır. Hər şey sadəcə bir məqsədlə -vətəndaşa qayğı və lazımi səviyyədə-21-ci əsrin tələblərinə uyğun xidmətə hesablanıb. Bu müstəqil dövlətimizin vətəndaşla bir yerdə olmasının və onun gələcəyinə hazırladığı sağlam yaşamın nümunəsidir. Artıq bu cür inkişafın təntənəsi olaraq yol, kənd, xidmət mərkəzləri, sosial obyektlər, məktəb, tibbi xidmətə nəzər saldıqda  Naxçıvanın ən ucqar dağ kəndləri ilə rayon mərkəzləri, paytaxtı ilə müqayisədə elə də ciddi fərq qalmır. Vətəndaşdan isə tələb olunan və bir qədər də yumşaq desək, gözlənən qurulanları istifadə etməklə yanaşı qorumaq və uzun illər istismarına şərait yaratmaqdır. Çünki bu qurulanlar tarixdir- dünəndən bu günə yadigar qalan qədim abidələr də elə bir zaman bax beləcə qurucu-yaradıcı insanlar tərəfindən inşa edilməyibmi?

P.S. Onu da deyim ki, Naxçıvanın digər kəndləri kimi,  bizim kənddə də bu cür infrastruktur yaradılıb. Məktəbimiz zirzəmi ilə üçmərtəbəlidir, kənd və xidmət mərkəzləri tikilib, şüşə kimi asfalt yol salınıb.  Söhbəti bir faktla yekunlaşdırım: abadlaşan yollara görə Şahbuz rayonunun dağ kəndi olan Külüsə indi gün ərzində 8 avtobus marşrutu işləyir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: