Həkim etikası xəstə üçün ümiddir 

A- A A+

Əhalinin sağlamlığının qorunmasında həkimin, onun peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin böyük rolu vardır. Buna görə də tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, səhiyyə işçilərinə ictimai etimadı doğrultmaq üçün etik davranış qaydalarının müəyyən olunması vacib və əhəmiyyətli məsələlərdən biridir. Bütün bunlar nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən 2017-ci il iyunun 29-da “Həkimlərin etik davranış qaydaları”, 2019-cu ilin iyul ayında  isə “Tibb işçilərinin etik davranış qaydaları” hazırlanaraq təsdiq edilib və bu qaydaların icra olunmasına nəzarəti təmin etmək üçün  Etika komissiyası yaradılıb, üzvlər təyin olunub.

Həmçinin şəhər tibb müəssisələri və rayon mərkəzi xəstəxanalarında da etika komissiyaları fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 30 avqust 2019-cu il tarixli kollegiyasında etika komissiyalarının aylıq fəaliyyətləri barədə hesabatların hazırlanıb nazirliyə təqdim edilməsi barədə  tapşırıq verilib  və bu iş icraya götürülüb.

Əhalinin sağlamlığının qorunması dövlətin və cəmiyyətin xüsusi qayğısıdır.Bu sosial məsələnin həyata keçirilməsində, tibb işçisi,onun peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin böyük rolu vardır. Tibb işçisi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində insana ehtiramla, vicdanla, humanizm və mərhəmətlilik prinsiplərini rəhbər tutaraq, peşəkarlıq səviyyəsində həyata keçirməlidir. Xəstələrə göstərdiyi yardımın keyfiyyətinin artırılması məqsədilə tibb işçisi,tibb elminin son nailiyyətlərindən istifadə edərək, öz bilik və bacarıqlarını daim təkmilləşdirməlidir.

Qaydaların yazılı və elektron mətni hər bir səhiyyə müəssisəsinə göndərilərək tibb işçilərinin məlumatlandırılması təmin edilib. Artıq hər bir həkim və  tibb işçisinin praktik fəaliyyəti yeni qaydalar çərçivəsində qiymətləndirilir. Eyni zamanda maarifləndirici tədbirlər də davam etdirilir. 

Həkim-xəstə, eləcə də tibb bacısı-xəstə münasibətləri bioetikanın başlıca problemidir. Həkimin etibarlılığı, sənətinə vicdanla yanaşması, diqqətli olması, xeyirxahlığı, xəstəyə fərdi yanaşması, onun psixoloji xüsusiyyətlərini nəzərə alması, xəstələrin müalicə və diaqnostikasında kliniki və deontoloji əsaslandırması, konfidensiallığı müalicənin mühüm şərtləri sırasındadır. Səhiyyənin bu əsas prinsipləri deontologiyanın bir elm kimi daim aktual olmasına stimul verir.

Deontologiya, əslində, bütün insan cəmiyyəti yaranandan bəri aktuallığını itirməyən yeganə elm sahəsidir. Eskulapdan, Hippokratdan,İbn Sinadan üzü bəri həkimlər öz xoşbəxtliyini sağaltdığı xəstələrin xoşbəxtliyində tapıb. “Başqalarının xoşbəxtliyi ilə xoşbəxt olmaq” prinsipi özünü təbabətə həsr edən insanların əxlaqi dəyərlərinə çevrilib.Həkimlik peşəsinin müxtəlif cəhətləri, ondan tələb olunan zəruri etik-əxlaqi xüsusiyyətlər bütün məşhur şəxsiyyətləri maraqlandırıb. İbn Sinaya görə, həkimdə şahin gözləri, ilan müdrikliyi, zərif qız əlləri və şair ürəyi olmalıdır.

Məşhur terapevt,professor M.Konçalovski müxtəlif peşələr və onların məsuliyyət dərəcəsini müqayisə edərək yazırdı: “Pis aktyor, zəif yazıçı, istedadsız rəssam olmaq mümkündür, amma pis həkim olmaq cinayətdir”.

Sovet dövlətinin ilk rəhbərlərindən olan M.İ.Kalinin həkim etikasının şərəfliliyinə işarə edərək “həkim 5 ballı sistemdə tibbi etikadan mütləq 5 almalıdır”- deyib. Həkim borcu təkcə xəstənin özü qarşısında olan borc deyil, onun doğmaları, cəmiyyət, dövlət və nəhayət onun özü, öz vicdanı qarşısında olan borc kimi qəbul edilir. Həkim məsuliyyətinə aid belə bir ibrətamiz misal gətirilir. Reseptdə səhv yazdığını başa düşən A. P. Çexov aptekə qaçır.Biləndə ki, resept hələ aptekə daxil olmayıb, xəstənin dalınca qaçır ki, peseptdə buraxdığı səhvini düzəltsin.

Hələ qədimdən müalicə prosesində insan(xəstə) psixikasının roluna yüksək qiymət verilib. Sokrat deyib: ”Ruhu müalicə etmədən bədəni sağaltmaq mümkün deyil”.Rəssam Levitan müalicə prosesində həkim şəxsiyyətinin,diqqətinin, canıyananlığın əhəmiyyətini qiymətləndirərək sanatoriyadan tanışlarına yazır:”Burada ürəyi vannalarla müalicə etməyə çalışırlar, bu cəfəngiyatdır, ürəyi yalnız ürəklə müalicə etmək olar.” Həkim sənətini seçən insan unutmamalıdır ki, xəstə zədələnmiş, kövrək psixikalı insandır.

Həkim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində insana ehtiramla, vicdanla, humanizm və mərhəmətlilik prinsiplərini rəhbər tutaraq, peşəkarlıq səviyyəsində həyata keçirir.Eyni zamanda həkim öz vəzifələrini xəstənin yaşından, cinsindən, irqindən, milliyyətindən, dini əqidəsindən, sosial vəziyyətindən, siyasi baxışlarından, vətəndaşlığından və maddi vəziyyəti də daxil olmaqla başqa mənsubiyyətlərindən asılı olmayaraq yerinə yetirir.

Qərəzsiz olmaq həkimin başlıca meyarıdır. Bu mənada V.Vinnerin “Kəllə” pyesində həkim Koulu tibbdə insanpərvərlik rəmzi kimi qiymətləndirmək olar. Həkim – cərrahın qəddar düşməni, arvadının və yeganə oğlunun qatili qəza nəticəsində ağır vəziyyətdə onun qəbuluna gətirilir.
Həkimin intiqam hissi donur, xəstəni əməliyyat edərək sağaldır.Belə misallar onlarla, yüzlərlədir. Həkimin xidmət etdiyi humanist məqsədlər, sülh və əminamanlıq dövründə olduğu kimi, müharibə dövründə də, ona şəxsi ləyaqətinin qanuni müdafiəsini, professional fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılmasını tələb etməyə əsas verir.Məşhur bir kəlama görə, bir bacarıqlı həkim müharibədə çoxlu döyüşçüyə bərabərdir. Biz  Sədərək döyüşlərində dəfələrlə bunun şahidi olmuşuq.1992-ci ilin sərhədyanı münaqişəsi zamanı Naxçıvan həkimləri yaralılar üçün mina mərmiləri altında Sədərək qəsəbəsinə-döyüş zonasına getməli olurdular.Belə günlərin birində yaralını döyüş meydanından xilas etdiyi zaman Şərur rayon həkimi Valid Məmmədov düşmən gülləsi ilə şəhid olub.

Həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Xəstələrə göstərdiyi yardımın keyfiyyətinin artırılması məqsədi ilə həkim, tibb elminin son nailiyyətlərindən istifadə edərək, öz bilik və bacarıqlarını daimi təkmilləşdirməlidir. Həkimin hərəkətlərinə və qəbul etdiyi qərarlara şəxsi və maddi maraqların səbəbləri təsir etməməlidir. Eyni zamanda, insanların haqlı tənqiddən fəaliyyətinin təkmilləşdirməsində və çatışmazlıqların aradan qaldırmasında həkim səmərəli istifadə etməlidir.

Həkim, vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə səhiyyənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli,ləyaqətini alçaltmayan, pasiyentlərə zərər vurmayan vəzifə funksiyalarını həyata keçirməli, mümkün olan vasitələrlə, habelə kütləvi informasiya vasitələri ilə sağlam həyat tərzini təbliğ etməli, ictimai və professional etik normalara riayət edilməsində nümunə olmalıdır.
Qaydalar həkim və pasiyent münasibətlərində də mühüm rol oynayır.

O, pasiyenti əsassız riskə məruz qoymamalı, xüsusilə də bilik və bacarıqlarını qeyri-humanist məqsədlər üçün istifadə etməməlidir. Həkim hər hansı müalicə üsulunun seçimində ilk növbədə zərər vurmamaq prinsipini    rəhbər    tutmalıdır.Yeri gəldikdə, həkimdən susmaq, hətta xəstənin xeyrinə yalan danışmaq bacarığı da tələb olunur. Bu, tibbdə “müqəddəs yalan” adlanır. O yalan ki, insana həyat bəxş edir, o, çılpaq həqiqətdən üstündür. Xüsusən səhiyyə sistemində. Məsələn, xəstəliyi ölümlə nəticələnəcək xəstəyə ümid verərək onun xəstəliyinin sağalacağına xəstədə ümid yaratmaq. 

Bəzən həkim və tibb bacısının xəstənin yanında onun doğmaları ilə asta danışığı, sirli baxışları, sifətlərinin ifadəsi də xəstədə öz sağlamlığı barədə şübhələr yaradır. Azərbaycan poeziyasında özünəməxsus yeri olan şair Əli Kərimin   “Vəsiyyət” şeirində olduğu kimi:
                Yeri oldu-olmadı
                həkim ki
                girdi xəstənin qılığına,
                Nəsə pıçıldadı
                dostlarının qulağına
                onda həkim,
                Salam əleykim!

Həkim və tibb bacısının xəstə ilə ünsiyyəti xəstənin sağlamlığına inamını artırır.Təbabətdə yatrogen xəstəliklər adlandırılan xəstəliklər vardır. Bu xəstəliklər tibb işçisinin xəstələrə düşünmədən dediyi sözlərdən əmələ gəlir və müalicəsi çətinləşir. Odur ki, əhalinin sağlamlığının qorunmasında həkimin, onun peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin böyük rolu vardır. Buna görə də həkimlərin fəaliyyətinin səmərəliliyinin artırılması, onların ictimai etimadının yüksəldilməsi üçün etik davranış qaydalarının müəyyən olunması vacib və əhəmiyyətli məsələlərdən biridir. 

Tibb işçisinin zahiri görünüşü, geyimi, hətta danışığı, mimikası da  xəstəyə təsir edir. Tibb işçiləri bilməlidirlər ki, xəstələr onun geyiminə də fikir verirlər. Təmiz ütülü ağ xalatda, başında ləçək, sifətində təbəssüm, savadlı, qabiliyyətli tibb bacılarını xəstələr daha çox sevirlər və onlara daha çox inanırlar. Belə görkəm xəstəyə psixoterapevtik təsir edir.

Əksinə, səliqəsiz geyinmiş çirkli xalatda olan, dağınıq saçlı, dırnaqları uzun və boyalı tibb bacıları xəstələr tərəfindən yaxşı qarşılanmır.Tibb bacısı bilməlidir ki, işə gələn zaman kəskin iyli ətirlərdən istifadə etmək allergiyası olan xəstələrdə boğulma tutulmalarına və onların vəziyyətinin pisləşməsinə səbəb ola bilər.

Yaxud bir də görürdün ki, tibb işçisi xəstə ilə məşğul olmaq əvəzinə smartfon telefonu ilə uzun-uzadı şəxsi söhbətlə məşğuldur, yaxud sosial şəbəkələrdədir, ya da başı telefon oyunlarına qarışıb. Çəkilişlər aparır, səs yazır. Odur ki, belə hallar nəzərə alınaraq səhiyyə müəssisələrində iş zamanı smartfon telefonlardan istifadə qadağan edilib.

Həkim səhvlərə yol verilməsi və ya müalicə prosesində gözlənilməz ağırlaşmalar zamanı xəstəni və təcrübəli həmkarını məlumatlandırmalı, bu barədə göstərişləri gözləmədən zərərli nəticələrin aradan qaldırılmasına yönəldilmiş hərəkətlərə başlamalıdır.
 
Həkim öz həmkarlarına hörmətlə yanaşmalı, digər həkimin peşəkar səriştəsini əsassız olaraq şübhə altına almamalı və onu nüfuzdan salmamalıdır. Peşəkar iradlar əsaslandırılmalı və kollegiallıq prinsiplərinə uyğun olaraq bildirilməlidir. Çətin klinik hallarda təcrübəli həkim gənc həmkarlarına məsləhətlər verməli və köməklik göstərməli, müəssisənin digər tibb və yardımçı heyətinə hörmətlə yanaşmalı və daim onların bilik və bacarıqlarının artırılmasına köməklik etməlidir. Vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı ilə həkim sirrini təşkil edən məlumat pasiyentin müayinə və müalicəsinin mənafeyi naminə elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda nəşr edilməsi, tədris və digər məqsədlərlə istifadə olunması üçün başqa vətəndaşlara və vəzifəli şəxslərə verilə bilər.

Həkim sirrinə qanuni qaydada yiyələnən şəxslər onun yayılmasına və bununla əlaqədar vətəndaşa dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq    məsuliyyət daşıyırlar. Xəstənin müalicəsində iştirak edən digər şəxslərin həkim sirrinə riayət etmələrinə müalicə həkimi tərəfindən nəzarət    edilməlidir. Tibbi məlumatlardan istifadə hüququ olan şəxslər pasiyent haqqında əldə edilən bütün məlumatların məxfiliyini qorumalıdırlar. Elmi tədqiqatlar, tələbələrin təlimi və həkimlərin təkmilləşdirilməsi prosesində həkim sirrinə riayət edilməlidir.

Həkim öz peşə vəzifələrini lazımı səviyyədə yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına yol verdikdə qanunvericiliyə uyğun olaraq intizam, inzibati, cinayət və digər məsuliyyətə cəlb oluna bilər.Bu,ilk növbədə etika komissiyasının qərarı ilə həyata keçirilir. Bu qərarlar  eyni zamanda orta tibb işçilərinə də şamil edilir.

Qaydalara uyğun olaraq tibb işçisi həmişə öz həmkarları ilə hörmətlə rəftar etməli, yoldaşları ilə mehriban olmalı, hündürdən danışmamalı, lazım gələrsə onları müdafiə etməlidir. Deantologiyanın prinsiplərinə riayət etməyən, nöqsanlara yol verən tibb işçilərinin işdə qalıb-qalmaması məsələsinə etika komissiyasında baxılacaq və bu məsələ komissiyanın qərarı ilə həll olunacaqdır. Bütün bunlar isə əhalinin sağlamlığının etibarlı təminatında  mühüm rol oynayacaqdır.

Hüseyn Əsgərov
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat  və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: