Valideynlərin 17 faizi bildirir ki, onların uşaqları kiberbullinqin – internetdə təhqirin qurbanı olub. Bəzi ölkələrdə bu göstərici 37 faizə çatır. 9 yaşından 17 yaşadək hər beş uşaqdan biri virtual məkanda seksual xarakterli materiallarla qarşılaşır.
NUHÇIXAN xəbər verir ki, bu, dayanıqlı inkişaf naminə genişzolaqlı rabitə üzrə BMT komissiyasının yeni məruzəsində misal gətirilən statistik məlumatların yalnız bəziləridir.
Ekspertlər qeyd edirlər ki, internet uşaqlar üçün təhsil və məlumatların əlçatanlığı sahəsində imkanlarını genişləndirib, onlar qarşısında ucsuz-bucaqsız onlayn-əyləncələr aləminə qapılar açıb. Bununla yanaşı, uşaqlar çox vaxt virtual məkanda təhlükəyə məruz qalırlar.
İnternet uşaqların seksual istismarı üçün bir alət rolunu oynaya bilər. Onlayn rejimdə yeniyetmələrin radikallaşdırılması və onların ekstremistlərin sıralarına cəlb edilməsi tez-tez baş verir, bəzi uşaqlarda videooyunlardan sağlamlıq üçün ciddi və təhlükəli olan asılılıq inkişaf edir.
Ekspertlər xatırladırlar ki, uşaqlar internet istifadəçilərinin təxminən 30 faizini təşkil edir və beynəlxalq birlik onları potensial təhlükədən qoruya biləcək ölçülər götürməlidir.
Ekspertlər qeyd edirlər ki, bu gün dünyada uşaqların və yeniyetmələrin təxminən 71 faizi internet istifadəçiləridir və yaxın illərdə inkişaf etməkdə olan ölkələrdə genişzolaqlı rabitənin yayılması ilə əlaqədar bu göstərici artmaqda davam edəcək.
Bununla yanaşı, məruzədəki məlumatlara müvafiq olaraq, dünyanın yalnız 21 ölkəsində uşaqları internetdə təhqirdən müdafiə edən qanunlar mövcuddur.
Mütəxəssislər qeyd edirlər ki, onlayn-təhlükələrlə mübarizədə valideynlər, müəllimlər və sosial sahədə çalışan işçilər mühüm rol oynayır. Bu insanlar uşaqlara internetdə onları gözləyən təhlükə haqqında danışmalı, onlara bu və digər hallarda özlərini necə aparmalarını izah etməli və virtual məkanda davranışlarını izləməlidirlər.
Ekspertlər xatırladırlar ki, bundan ötrü valideyn və müəllimlərin sərəncamında müasir texnologiyalar var. Məlumatları “süzgəcdən keçirməyə”, müəyyən kontenti bloklamağa və uşaqların internetdə olma vaxtını məhdudlaşdırmağa imkan verən xüsusi proqramlar mövcuddur.