Bu il Naxçıvanda süni mayalandırma yolu ilə düyə və camışlardan 6 min başa yaxın sağlam cins bala alınıb
Muxtar respublikada maldarlıq və heyvandarlığın inkişaf etdirilməsi və əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsi istiqamətində bir sıra işlər görülür.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, maldarlıqda qısırlığın ləğvi və damazlıq heyvanların əldə olunması məqsədilə 2019-cu ilin yanvar-avqust aylarında 8780 baş inək, düyə və camış süni yolla mayalandırılıb. Bu dövr ərzində həmin inək, düyə və camışlardan 5 min 980 baş sağlam cins bala alınıb.
Azərbaycan Respublikası Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamına əsasən süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiyanın müəyyən edilməsi maldarlığın dinamik inkişafına təkan verməkdədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Süni Mayalanma Mərkəzinin yaradılması mal-qaranın cins tərkibinin daha da yaxşılaşdırılmasına, heyvandarlıq məhsulları istehsalının artımına müsbət təsir göstərəcək. Bu istiqamətdə hazırda mərkəz üçün yeni infrastruktur obyektləri yaradılır.