Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Diaqnostika Müalicə Mərkəzinin həkimləri Culfa rayonunda humanitar tibbi aksiya keçiriblər.
Növbəti aksiyada ümumilikdə 21 nəfərdən ibarət tibbi heyət iştirak edib. Yüksəkixtisaslı heyət 38 nəfəri ambulator müayinələrdən keçirib, cərrahi müdaxiləyə ehtiyacı olan 29 xəstə üzərində müxtəlif növ yırtıq, fimoz, burun-qulaq-boğaz və başqa əməliyyatlar aparılıb. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr palatalara köçürülüb, bir günlük müşahidədən sonra evlərinə buraxılıb. Üzərində öd əməliyyatı aparılanlar ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunduqlarına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndiriblər.
Diaqnostika Müalicə Mərkəzinin həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqların işləmə qaydalarını da öyrədiblər. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli həkim və tibb işçilərinə izah edilib.
Qeyd edək ki, humanitar aksiyaların digər rayonlarda da ilboyu keçirilməsi nəzərdə tutulub.