NUHÇIXAN xəbər verir ki, İran İslam Respublikasının Təbriz şəhərində nəşr olunan “Ərk” qəzetində Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə bağlı məqalə dərc olunub. Naxçıvanın turizm potensialı və müasir inkişafı ilə bağlı geniş məlumat verilən məqalədə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir. 1920-ci illərdə bağlanan tarixi Moskva və Qars müqavilələri, sonrakı dövrlərdə qəbul edilən digər mühüm sənədlər haqqında oxuculara məlumat verilir. Blokada şəraitində yaşamasına baxmayaraq yüksək sürətli iqtisadi inkişaf və tərəqqi ilə regionda yetərincə mövqe nümayiş etdirən Naxçıvan məhz bu baxımdan turistlərin diqqətini özünə cəlb edir. Yazıda Naxçıvan ərazisindəki turizm obyektləri, qədim tarixi abidələr, Gəmiqaya, Nuhun məzarüstü türbəsi, Möminə xatın türbəsi, Əlincə qalası, Duzdağ və digər yerlər haqqında İranlı oxuculara məlumat verilir. Muxtar respublikanın sağlamlıq turizmi, müasir otellər, istirahət mərkəzləri təbliğ edilir.
Məqalənin geniş mətnini keçid vasitəsilə “Şərq qapısı” qəzetindən izləyə bilərsiniz.