Sonuncu dərs - FOTOLAR

A- A A+

O, bizim ilk müəllimimiz deyildi, lakin biz onun sonuncu şagirdləri olduq. Sonuncu deyəndə ki, bir gün sağollaşıb ayrıldığımız o İşıqlı adamı sabah məktəbdə tapa  bilmədik.. Uşaq ağlım ilk dəfə idi belə acımasız şəkildə tanış olurdu  ölümlə. İlahi, müəllim də ölə bilərmiş?.. Yox, o hamıdan güclü, hamıdan savadlı, hamıdan əziz müəllimim ölümə belə asan yenilə bilməzdi. Və inanırdım (hələ də inanıram) o İşıqlı adam biryolluq yox, sadəcə müəyyən  zaman kəsiyində bizdən ayrılırdı və biz nə zamansa yenə ondan nələrisə öyrənmək üçün dərsinə tələsəcəyik.

Oxucuları və qələm dostlarının Əbülfəz İnfiloğlu kimi tanıdığı, bizimsə  sadəcə Əbülfəz müəllimimiz. Tanımayanlar üçün deyim ki, Xalq şairi Məmməd Arazın kiçik qardaşı. Nədəndir bilmirəm, ancaq onu təbiətin bir parçası, bir qaya kimi görürdüm. Torpağa, kəndə bəlkə də gözəgörünməz bir hisslə bağlı, o yerdən güc alıb, orda ülviləşən bir adam. Bizə düşüncələrini deyil, düşünməyi, var olmağı, vətən daşı olmağı təlqin edən, bütün varlığı ilə xalqa bağlı 65 yaşlı qoca çinar.

Xatırlatmaq üçün deyim ki, İbrahimov Əbülfəz İnfil oğlu 1938-ci ildə Şahbuz rayonunun Nursu kəndində anadan olub.1956- ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı ixtisasına daxil olub. Elə oxucusu da təxminən bu tarixdən Əbülfəz İnfiloğlu imzasını tanımağa başlayıb. Dövrün bir sıra qəzet və jurnallarında hekayələri çap olunub. 1961-ci ildən pedaqoji fəaliyyətə başlayıb, əvvəlcə qonşu kəndlərdə, 1967-ci ildən ömrünün sonuna qədər isə doğma Nursuda Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 2 oğlan , 6 qız övladı vardı. Övladlarını təhsilli və yüksək insani keyfiyyətlərə sadiq böyüdüb.

Nursu kənd məktəbinin zəngin pedaqoji ənənələri var idi. O məktəbdə dərs demək, İbrahim müəllimlə, Aşur müəllimlə, Aydın müəllimlə çiyin-çiyinə işləmək, estafeti onların əlindən almaq hər kişinin işi deyildi. Əbülfəz müəllim bunu bacarıb. Düz 42 il pedaqoji fəaliyyətlə məşğul oldu. Təkcə Nursuda deyil qonşu kəndlərdə Keçilidə, Külüsdə, Ağbulaqda dərs dedi. Şagirdlərinin sayı yüzlərlə, minlərlədir. Nursu kəndindən boy alıb həyatın müxtəlif sahələrində özünü təsdiqləyən hamının uğurunda “bir əlçim” də onun əməyi var.

Zənnimcə, müəllim sənətinin də şərəf lövhəsi olmalıdır. İşini sevərək öyrədən və özlüyündə məktəb olan işıqlı adamların adları yazılmalı o lövhəyə. Sonradan gələnlər sələflərin   yaxşı tanısın, müəllimlik sənətinin məsuliyyətini  bütövlüklə dərk etsinlər deyə.    

Bəzən dərs arasında xatirə kitabını varaqlayır, dizəcən yağan qarı güclə yarıb qonşu kəndlərə necə dərs demək üçün getdiyindən danışırdı. Ancaq heç bir çətinlik Əbülfəz müəllimi nə müəllim işləməkdən, nə də ki Nursudan uzaqlaşdıra bilmədi. Ata ocağının çırağını yandırmağı qaynar mühitdə yaşamaqdan, tanınmaqdan üstün tutdu. Amma şəhərdən çox-çox uzaq, ucqar dağ kəndində  məktəbdə müəllim işləməklə yanaşı, yaradıcılığından da əl çəkmədi, ilhamından üz döndərmədi. Kiçik bir rayondan böyük  ədəbi dünyanı heyrətləndirmək kimi ağır bir yükü çiyinlərinə aldı. Ədəbi aləmdə baş verən hadisələrə biganə qalmadı. İlk hekayələri olan “Yarımçıq ərizə” “Ulduz” , “Üzük” hekayəsi “Azərbaycan” jurnallarında  çap olunub. İlk kitabı olan “İldırım bulağı” adlı hekayələr kitabı 1984-ci ildə “Yazıçı” nəşriyyatında  işıq üzü görüb. Elə həmin ildə “Ulduz” jurnalında  “Qəribə taleli qız” povesti çap olunub. “Didərgin”, “Ana əli” hekayələri “Zorbulağın zümzüməsi” ədəbi almanaxında oxucu qarşısına gəlib.

Etiraf edim ki, güzgünün qarşısında saatlarla  dayanıb onun kimi  dərs danışmağa, onun kimi şeir deməyə çalışırdım. Elə onun kimi olmaq, onda çoxunun arzusu idi.

Kəndin də, məktəbin də ən çətin günlərində uzaqgörənliyi, təsəlliedici fikirləri  ilə nəinki, məktəbdəki şagirdlərinə  elə-obaya da  hayan olmağı bacarırdı. Və elə o çətin anlarda əllərini nəfəsi ilə isidən, ümidləri  soba kimi közərən o məktəblilərə mayak oldu. Xəyal qurmağı, inanmağı ,ümid etməyi də ondan öyrəndik. Bəlkə də əsl ziyalı, müəllim olmağın əsas meyarı da elə budur: gəncləri işıqlı gələcəyə inandırmaq. Qəlbimizdəki çırağı yandırdı və inandırdı ki ,biz gələcəyin müəllimi, həkimi, jurnalisti ola bilərik. Qara buludlar səmadan nə vaxtsa çəkiləcək, biz arzusunda olduğumuz həyata qovuşacağıq. Qocaman müəllim yanılmırdı...

Həyatın hər üzünü görmüşdü- İkinci Dünya müharibəsinin  iştirakçısı olub, “xalq düşməninin oğlu” olmağın çətinliyini dadmışdı. (Məmməd Arazın tərcümeyi-halını oxuyanlar yəqin ki xatırlayar). Hər qaranlıqdan əsl ziyalı səbri, təmkini, uzaqgörənliyi ilə çıxıb.

Bizə kitab oxumağı sevdirən adam. Təmənnasız, halal, saf, qürurlu və əsl vətəndaş ürəkli müəllim. Hələ də qulağıma gəlir o daşlı-kəsəkli yollardakı atının ayaq səsləri və o səslərin özünün xışıltılı gülüşünə qarışması. Ən qəmgin və fikirli vaxtlarında belə zarafatından geri qalmayan adam.

Dərsdən sonra evimizə qonşu olan bağçalarına quzu otarmaq üçün gəlirdi, heybəsində da bir dəstə kitabla. Qonşu həyətlərdən gələn uşaqlar burada da onu rahat buraxmırdı. Özü dərindən dərin bir kitab kimi idi və xışıltılı səsi ilə başlayanda söhbətə elə düşünürdüm ki, o  qədim və qalın kitabın qapısı aralanır ilahi qüvvə tərəfindən açılır, səhifələnir.

Xəstə idi. Sağlamlığı ilə bağlı əməlli-başlı problemləri var idi. Dərsdə bunu şagirdlərə hiss elətdirməsə də evdə böyüklərin dilindən eşidirdim. Elə bu zəhrimara qalmış xəstəlik ucbatından tez-tez Bakıya gedirdi, hər gəlişində də bir az daha solğunlaşırdı siması. Sonuncu dərsdəki tapşırığı isə indiyə qədər verilənlərə heç oxşamırdı. “Mənə söz verin, mən sizə dərs deməsəm belə siz həmişə çox yaxşı oxuyacaqsınız”.

Biz Əbülfəz müəllimə verdiyimiz sözü tutduq, sözsüz tutmayanlar da oldu. Ancaq bütün hallarda onun ideyalarına, arzularına layiqli insan, əsl vətəndaş olmağa çalışdıq. Və deyəsən Əbülfəz müəllimin elə böyüklüyü də bunda idi ki, yoxluğunda belə bizə yol göstərir, yolumuza işıq tuturdu.

Bu gün, 5 oktyabr isə müəlimlərin, ziya sahiblərinin bayramıdır. Müəllim deyiləndə ağlıma ilk məhz onun adı gəlir. Dünən də belə idi, şübhəsiz sabah da belə olacaq. İnsan yetişdirmək missiyasını qarşısına məqsəd qoyan və bu şərəfli çətin, məsuliyyətli yolda inamla addımlayan, öyrədən, anladan, yetişdirən bütün müəllimləri təbrik edirəm. Uğurlar olsun!

                             Fizzə Bağırova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: