Gənclərin muzeylərlə tanışlığı davam edir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, muxtar respublikada turizmin təbliği, tarixi yerlərin tanıdılması məqsədilə “Naxçıvanı tanıyaq” devizi altında təşkil olunan növbəti ekskursiya Ordubad rayonunda yerləşən muzeylərə olub.
Ekskursiyaya başlamazdan əvvəl qonaqlara bildirilib ki, bu cür gəzintilərin təşkil olunmasında məqsəd muxtar respublikanın tarixi yerlərini və turizm məkanlarını gənclərə tanıtmaq, bu zaman çəkilmiş fotoşəkillərin gənclər tərəfindən müxtəlif sosial şəbəkələrdə paylaşılmaqla muxtar respublikanın təbliğində gənclərin fəallığını artırmaqdan ibarətdir.
Ekskursiyaya Ordubad rayon Tarix Diyarşünaslıq Muzeyindən başlayan gənclərə muzey haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, 4 mindən artıq eksponatın toplandığı muzeydə xalq sənətkarlarının əsərləri, maddi-mədəniyyət, tətbiqi-sənət nümunələri, rayon ərazisindən aşkara çıxarılmış arxeoloji tapıntılar xüsusi yer tutur.
Sonra gənclər kimyaçı alim, akademik Yusif Məmmədəliyevin ev muzeyində, görkəmli Azərbaycan maarifçisi, pedaqoq, şair, Məhəmmədtağı Sidqinin Ev muzeyində və Məmməd Səid Ordubadinin Ev Muzeyində olublar.
Sonda gənclər üçün çay süfrəsi təşkil olunub. Ekskursiyada 25 gənc iştirak edib.
Nurlan Sadiqov