Naxçıvan şəhərində yeni liftlər quraşdırılır - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki yaşayış binalarında quraşdırılan yeni və müasir liftlər sakinlərin istifadəsinə verilib. Şəhərin digər yerlərində də bu işlər davam olunur.
Heydər Əliyev prospektindəki 1, 2 və 3 nömrəli binalarda yenisi ilə əvəz olunan liftlərdən sakinlər artıq rahatlıqla istifadə edirlər. Əvvəllər bu binalardakı liftlər 4 nəfər üçün nəzərdə tutulurdusa, indi ən müasir və təhlükəsiz şəkildə quraşdırılan Türkiyənin “Kağan” firmasına məxsus bu geniş kabinəli liftlər 6 nəfərlikdir. Yeni quraşdırılan liftlərdə diqqəti çəkən məqamlardan biri isə liftin içərisində quraşdırılan monitordur. Bu monitorlarda mütəmadi olaraq Naxçıvanın tarixi, gəzməli-görməli, həmçinin turistik imkanlara malik yerləri nümayiş olunur. İstifadəyə verilən hər bir liftdə təhlükəsizlik kamerası və məlumat lövhəsi də quraşdırılıb ki, bu da sakinlərin daha rahat və təhlükəsiz hərəkət etmələrini təmin edir.
Lift təsərrüfatı yenilənən binalarda yarana biləcək hər hansısa problemin qarşısını dərhal almaq məqsədilə lift nəzarət otağı da yaradılıb.
Lift təmirinə start verilən növbəti ünvan isə Qoçüstü məhəlləsi bina 2-dir. Bu binada artıq köhnə liftlərin söküntüsünə başlanılıb və işlər sürətlə davam etdirilir.
Qeyd edək ki, sakinlərin rahatlığını təmin etmək məqsədilə yaradılan bu imkanlar Azərbaycan Respublikası prezidentinin imzaladığı sərəncama uyğun olaraq həyata keçirilir. Sərəncama əsasən muxtar respublikamızda lift təsərrüfatının yenilənməsi məqsədilə vəsait ayrılıb.
Nurlan Sadiqov