Naxçıvanda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, oktyabrın 5-də Təbriz otelinin tədbirlər zalında Beynəlxalq Müəllimlər Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının  Təhsil naziri Rəhman Məmmədov Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəllimlərə fəxri adların verilməsi ilə bağlı imzaladığı Sərəncamları iştirakçıların diqqətinə çatdırıb. Bildirib  ki, təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə muxtar respublika müəllimlərindən 4-ü Azərbaycan Respublikasının Əməkdar müəllimi, 4-ü Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq  görülüb. 4 müəllim isə “Tərəqqi” medalı ilə təltif edilib.

Nazir təhsilin inkişafına göstərilən dövlət qayğısından danışaraq bildirib  ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilib, 200-dən çox təhsil müəssisəsi tikilib   və ya əsaslı şəkildə yenidən qurulub. Ümumtəhsil məktəbləri kompüter və elektron lövhələrlə təmin edilib, laboratoriyalar və fənn kabinələri şagird və müəllimlərin istifadəsinə verilib.

Müəllimlərin peşəkarlığının artırılması da diqqətdə saxlanılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində “Pedaqoji fikir tarixindən” kitabı nəşr olunaraq muxtar respublika müəllimlərinin hər birinə hədiyyə olunub.

Bildirilib ki, 2018-ci ildən etibarən keçirilən müsabiqələrdə yüksək nəticə göstərən 215 müəllim işlə təmin olunub. Hazırda rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd məktəblərində fəaliyyət göstərən müəllimlər üçün həvəsləndirmə tədbirləri tətbiq edilir. 

Təhsil naziri təhsilə və müəllim əməyinə göstərdiyi qayğıya görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, Şərur Rayonunun Aşağı Yaycı kənd tam orta məktəbin direktoru Yeganə Məmmədova, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru Məlahət Rüstəmova, Şahbuz rayon Ağbulaq kənd tam orta məktəbin gənc müəllimi, Prezident mükafatçısı Nigar Mirzəmmədova, Babək rayon Gülşənabad kənd tam orta məktəbin yeni işə qəbul olunan müəllimi Fatma Kərimova çıxış edərək onların fəaliyyəti üçün yardılan şəraitdən, müəllim peşəsinə marağın artmasından danışıblar.

Təhsildə səmərəli fəaliyyəti ilə fərqlənən Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Murad Babayev, Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodik kabinet müdiri Sabir Məmmədov və Naxçıvan Şəhər Şahmat Mərkəzinin direktoru Emin Hacıyev Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı, bir qrup müəllim isə diplom və hədiyyələrlə təltif olunublar.

Tədbirin bədii hissəsində “Pedaqoji fikir tarixindən” kitabından seçmələr qiraət olunub. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri  mahnı və rəqs nömrələri ifa ediblər .

                                      

                                                                 Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: