Bir amalın iki qəhrəmanı - FOTOLAR

A- A A+

Telefonuma tanımadığım bir nömrədən zəng gəldi. Xəttin o biri başında illərin ağırlığı çökmüş yorğun səsli bir qadın özünü belə təqdim etdi: “Mən şəhid Zamin Məmmədovun anasıyam. Oktyabrın 5-i onun doğum günüdür. Yad etsəniz, sevinərəm”, – dedi. 

Ertəsi gün Zaminin dünyaya göz açdığı kəndə – Babək rayonunun Nehrəm kəndinə üz tutdum. Nərgiz ana elə qapıda gözləyirdi. Övladının həsrəti bəyaz qar kimi saçlarına hopmuş, ürəyində düşmənə nifrət, gözlərində qələbəyə ümid qığılcımı gəzdirən, bu torpağa, bu elə qəhrəman yetişdirən ana ilə görüşmək, onunla həmsöhbət olmaq həm çətin, həm də şərəfli idi mənim üçün. Azərbaycan qadınının bütün keyfiyyətlərini özündə əxz etmiş Nərgiz ananın söhbətini dinlədikcə gözümdə bir tablo canlanırdı: vətənpərvər, vətənpərvər olduğu qədər məğrur, məğrur olduğu qədər də cəsarət sahibi olan bir qəhrəman ana. Ali təhsillidir. Sovet dövründə kolxozda briqadir olub. Fəaliyyət göstərdiyi müddətdə “Qırmızı Əmək Bayrağı” ordeni alıb, yaxşı işinə görə dəfələrlə fəxri fərmanlara layiq görülüb. Ailə qurduqdan sonra əmək fəaliyyəti sonlanıb. Digər missiyasını – analıq missiyasını layiqincə yerinə yetirib. 4 övlad böyüdüb. 4-ü də ali təhsilli, cəmiyyətimizə yararlı. Zamin 3-cü övladı olub.

Nərgiz ana övladının şəkillərini göstərir, haqqında qürurla danışır. Onu dinlədikcə artıq hazır­layacağım yazının baş qəhrəmanını deyil, baş qəhrəmanlarını müəyyənləşdirmişdim. Bunlardan biri şəhid Zamin Məmmədov, digəri qəhrəmanı yetişdirən Nərgiz ana idi.

“Ailə qurmağa tələsmirdi. Atası Allahverdi kişinin və mənim təkidimdən sonra qohumlardan birinin qızı ilə nişanladıq. Toy hazırlıqlarına başladıq. Otağını bəzədik. İndi bu otaq onun xatirəsilə dolub”. Divardan asılan üçrəngli bayrağımız, Zaminin hərbi forması, şəkilləri... Sanki bir muzeydir – vətənpərvərlik muzeyi. Nərgiz ana bu otağı elə muzey kimi də qoruyur. “Hər gün işdən gəlib ilk olaraq bu otağa keçirəm. Ana-bala söhbət edirik”, – deyir Nərgiz ana.

Qəhrəman doğulurlar, qəhrəman olmurlar!

Kim idi Zamin Məmmədov? O, 1985-ci il oktyabrın 5-də Nehrəm kəndində dünyaya göz açıb. Bu kənddən başlayıb Vətən sevgisi. Əvvəl Nehrəmi, Naxçıvanı, sonra bütünlüklə Azərbaycanı sarıb. Nehrəm, əsasən, muxtar respublikanın daha çox ziyalılar yetirmiş yaşayış məskəni kimi tanınır. Anasının arzusu da Nehrəm kənd 2 nömrəli orta məktəbdə dərslərini əla qiymətlərlə oxuyan Zamini həkim görmək idi. Lakin o, qəhrəman doğulmuşdu. Onun missiyası daha ali idi. Bu missiyanın ilk işartıları da elə uşaq yaşlarından görünürdü. Əlinə keçən alüminium məftilləri əyib gah tank, gah da avtomat düzəldirdi. Nərgiz ana: “O, artıq öz yolunu seçmişdi. Bunun qarşısını almaq günah olardı. İnsan yalnız sevib seçdiyi sahədə müvəffəqiyyət qazanar. Ona görə də oğlumun seçiminə hörmətlə yanaşdıq”. Orta məktəbdə oxuyarkən artıq Sovet İttifaqı dağılmış, Azərbaycan şəhidlərin qanı bahasına əldə etdiyi müstəqilliyini qorumaq uğrunda mübarizə aparırdı. Vətənpərvərlər bu mübarizənin ön cərgələrinə qoşulurdular. Bu ərəfədə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 1998-ci ildə Naxçıvanda ilk hərbi təhsil ocağı – Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradılır. Böyük qardaşı Zaur Məmmədov bu liseyin ilk məzunlarından olur. 2000-ci ildə Zamin Məmmədov da Hərbi Liseyin kursantı olmaq şərəfinə nail olur. Artıq o, məqsədinin astanasında idi...

Liseyi bitirdikdən sonra məqsədinin ardınca Bakıya üz tutan Zamin Məmmədov Heydər Əliyev adına Ali Hərbi Məktəbi də uğurla başa vurur. Leytenant rütbəsi ilə ordu sıralarında xidmətə başlayan Zamin Məmmədov öz istəyi ilə Ağdama – cəbhə bölgəsinə göndərilir. Mənfur ermənilərin atəşkəsi tez-tez pozduğu bu bölgədə onun üzərinə daha artıq məsuliyyət düşürdü. Taqım komandiri kimi əsgərləri yetişdirmək, qayğısına qalmaq, eləcə də Vətənin keşiyində ayıq-sayıq dayanmaq.

Vətəni qorumaq peşəsini seçən
oğullara eşq olsun!

Zamin 2008-ci ildə ayağından güllə yarası alsa da, tezliklə ayağa qalxıb yenidən səngərə qayıdır. Bu yoldan onu ölüm qorxusu belə, döndərə bilməzdi. Sevərək seçdiyi yolda inamla, qətiyyətlə addımlayan Zamin illər idi ki, ad gününü qeyd etmirdi. Evlərinə məzuniyyətə gələndə belə, 10 gündən artıq qalmazdı. Bütün fikri, xəyalı qısa zamanda geriyə – xidmətinə dönmək idi. Sonuncu dəfə 2010-cu ilin oktyabr ayında məzuniyyətə çıxır. Anasının xahişi ilə sinif və kursant yoldaşlarını ad gününə dəvət edir. Bu, onun həyatında təmtəraqlı qeyd olunan ilk və sonuncu ad günü olur.
2011-ci il yanvarın 25-də Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdam rayonunun Cəvahirli kəndi istiqamətində açdığı atəş nəticəsində Zamin Məmmədov şəhidlik məqamına qovuşur.

Yeni il ərəfəsində Azərbaycan televiziyasının əməkdaşları Zamin Məmmədovdan müsahibə alanda və ona “Arzuların varmı?”, – sualını ünvanladıqda cavabı belə olmuşdu: “Yeni ili işğaldan azad olunacaq torpaqlarda qeyd etmək. Səngərdə zabit kimi xidmət etmək mənim ən böyük arzum idi. Torpaqlarımızın işğalı ilə barışa bilmərik. Tam silahlanmış, döyüş gücünə malik bir ordu olaraq Ali Baş Komandanın əmrini gözləyirik. Bu əmri layiqincə yerinə yetirəcəyimizə əminəm. Biz uduzmamışıq. Əsgər anaları rahat olsunlar, qürur hissi keçirsinlər ki, övladları səngərdə düşmənlə üz-üzə torpağımızı, millətimizi, xalqımızı qoruyur”, – demişdi Zamin Məmmədov.

O bayrağı öz əlimlə torpağa sancacağam

“Divara asılmış bayrağı görürsən, qızım? O bayrağa bükülüb gəlib şəhidim. Məzarı üstünə sancmaq istədilər, qoymadım. Tanrıdan heç nə istəmirəm, ömür payı istəyirəm. Tanrı mənə ömür versin, torpaqlarımızın azad olunmasını görüm. O bayrağı öz əllərimlə Zaminin uğrunda şəhid olduğu Ağdam torpaqlarına sancacağam. Qocalıb əldən düşsəm də, sürünə-sürünə də olsa, o torpaqlara gedəcəyəm”, – deyir qəhrəman yetişdirən qəhrəman ana.

Ana deyir ki, Lələtəpə yüksəkliyinin alınması xəbərini eşidəndə işdən çıxıb qaça-qaça evə gəldim. Bu şad xəbəri Zaminə “yetirmək üçün”. Saatlarla dayandım şəklinin qarşısında. Ana-bala “söhbət etdik”. Sanki mənə dünyaları vermişdilər. Oğlumun ruhu az da olsa, dinclik tapırdı axı. Həmin gün cəmi şəhidlərin ruhu şad idi. Bundan iki il sonra Günnüt zəfəri mənə qol-qanad verdi. Oğlumun itkisindən sonra hər iki zəfər müjdəsi mənim üçün əvəzedilməz pay idi. Elə gün olmaz ki, xəbərləri izləməyəm. Dövlətimizə, ordumuzun günü-gündən artan qüdrətinə, həyatını Azərbaycan Respublikasının müdafiəsinə həsr etmiş oğullara güvənirəm.

Yüz-yüz itən olsun, min-min də bitən var

“Nəvəm Ramal Abbasov bu il Heydər Əliyev adına Hərbi Liseyə qəbul olundu. Çox sevindim. Özüm də liseyə getdim. Liseydə şəhid məzunların xatirəsinə həsr olunmuş lövhədə Zaminin də şəkli var. Əlindən tutub ora apardım. Bax dayınla öyün dedim. Onun getdiyi yolun davamçısı ol. O yolu yarımçıq buraxmaq olmaz. O yol Vətən yoludur, namus yoludur. Bu yola girdinsə, geri dönüşü yox, geridə buraxdıqlarını düşün. Bil ki, Vətən anadır. İrəli bax və cəsarətlə yürü. Biz haqq yolundayıq. Kimsənin torpağında gözümüz yox. Öz haqqımız uğrunda, Vətənimiz yolunda, lazım gəlsə, hamımız əlbir olub savaşa gedəcəyik. Bu, Vətənə məhəbbət, dövlətçiliyə sədaqət yolu, inam yoludur! Bu yolda yüz-yüz itən olacaq, Zaminlər itəcək, Ramallar bitəcək”.

Bir müqəddəs amalın iki qəhrəmanı – ana və oğul! Vətən aşiqi yetişdirmiş ana da qəhrəmandır. “Oktyabrın 5-i onun doğum günüdür. Yad etsəniz, sevinərəm”, – demişdi Nərgiz ana. Biz heç onu unutmadıq ki! Şəhidlər ölmür, şəhidlər unudulmur. Şəhidlər elə bir mərtəbədədirlər ki, yoxluqları ilə belə, illərə meydan oxuyurlar. Onlar uğrunda şəhid olduqları bu torpağa, bu elə, bu obaya adlarını öz qanları ilə yazıblar. Bu torpaq şəhid qanları ilə müqəddəsləşib.

Şəhid varsa, torpaq da var, Vətən də.
Şəhidlərə ölüm yoxdur Vətəndə!

Ruhiyyə RƏSULOVA
Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: