Böyükdüzdə quruculuq işləri davam etdirilir - FOTOLAR
Kəngərli rayonunun Böyükdüz kəndində genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Hazırda Böyükdüzdə 342 şagird yerlik məktəb binası tamamilə yenidən qurulur və genişləndirilir. Yenidənqurma işləri zamanı məktəbin əvvəlki binasında əsaslı təmir işləri aparılmaqla yanaşı, gələcək perspektiv nəzərə alınaraq, bura yeni korpus da əlavə olunub. Yeni korpusda, əlavə olaraq 7 sinif otağı, psixoloq və şahmat otaqları, kitabxana və 2 qarderob nəzərdə tutulub. Hazırda binanın daxilində son tamamlama işləri aparılır.
Kənddə inşasına başlanılan digər birmərtəbəli bina isə həkim ambulatoriyasıdır. Həkim ambulatoriyasında stomatoloq üçün kabinə, doğuş, peyvənd, aptek, tibb bacısı, manipuliyasiya və laboratoriya otaqları, palata nəzərdə tutulub.
Kənd sakinlərini sevindirən daha bir obyekt isə yeni tkilən birmərtəbəli xidmət mərkəzidir. Burada ət dükanı, dərzi sexi, kişi bərbəri və qadın gözəllik salonu sakinlərin istifadəsinə veriləcəkdir.
“Yeni həyat” qəzeti