Vergilərin və digər büdcə daxilolmalarının düzgün hesablanmasına, onların vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsinə nəzarət etmək, habelə vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasını təmin etmək Vergilər Nazirliyinin əsas vəzifələrindən biridir. Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu məqsədlə nazirlik mütəmadi olaraq Azərbaycan Respublikasının vergi qanunvericiliyinə riayət olunmasını təmin edən tədbirlər hazırlayır və həyata keçirir.
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi vergi sahəsində də müasir vergi sisteminin formalaşdırılması, onun qanunvericilik bazasının təkmilləşdirilməsi, vergi orqanları əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması, ölkədə əlverişli vergi mühitinin və vergi mədəniyyətinin yaradılması sahəsində əhəmiyyətli işlər görülüb.
Vergilər Nazirliyinin kollektivi muxtar respublikada aparılan uğurlu sosial siyasətin mərkəzində dayanan insan-vətəndaş amilini əsas götürərək qarşıya qoyulan göstəriş və tapşırıqların icrasını layiqincə yerinə yetirir. Muxtar respublika sakinlərinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində atılan addımlar onu deməyə əsas verir ki, hər bir vətəndaş sosial təminatlarla hərtərəfli əhatə edilib. Bunun nəticəsidir ki, istər işlədiyi dövr ərzində sosial təminatlardan, istərsə də gələcəkdə yaranacaq pensiya və digər təminatında istifadə etməklə öz rahat və firavan güzəranlarını qururlar.
Məlum məsələdir ki, əhalinin sosial ehtiyaclarının maliyyə təminatı başlıca olaraq dövlət büdcəsi hesabına həyata keçirilir və dövlət büdcəsinin formalaşmasında da qanunvericiliyə uyğun olaraq ödənilən vergilərin, sosial sığorta haqlarının və digər qanuni ödənişlərin çox mühüm rolu vardır. İstər özəl sektorda, istərsə də dövlət sektorunda çalışan vətəndaşların ödədikləri bu ödənişlər məhz insanların sosial güzəranlarının yaxşılaşdırılması istiqamətinə yönəldilir. Artıq vətəndaşlar da bunu yaxşı bilirlər ki, onların ödədikləri qanuni vergi və digər ödənişlər özlərinin sosial təminatlarının yaxşılaşdırılması üçün sərf edilir.
Görülən maarifləndirmə işlərin nəticəsi kimi vergilər və digər ödənişlər vaxtı-vaxtında büdcəyə ödənilir və Vergilər Nazirliyi proqnoz tapşırıqların icrasını artıqlaması ilə yerinə yetirir. Bu həm də vətəndaşla məmur arasında yaranan qarşılıqlı etimadın nümunəsidir. Hər bir kəs qanuni vergi və digər ödənişləri vaxtında və tam həcmdə ödəməklə vətəndaşlıq borcunu yerinə yetirmiş olur. Nəzərə çatdırmaq lazımdır ki, muxtar respublikada qanuni vergi və digər ödənişlərin könüllü əməletmə yolu ilə ödənilməsi yüksək vergi mədəniyyətinin formalaşmasına ən gözəl nümunədir.