Gözəlləşən, müasirləşən kəndimiz-Teyvaz - FOTOLAR

A- A A+

Dağlar qoynunda üzük qaşı kimi yerləşən Culfa rayonunun Teyvaz kəndi yurdumuzun səfalı yerlərindən biri kimi məşhurdur. Ta qədimdən gözəllərin oylaqları, igidlərin yaylaqları olan bu yurd yerində hər addımda insanı əsrarəngiz gözəllik, hər qarışda heyranlıq qarşılayıb.

Rayon mərkəzindən 57 kilometr şimalda, Əlincə çayının sol sahilində Göydağın şərq yamacında yerləşən Teyvaz kəndinin yayı mülayim, qışı isə sərt keçir. Dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerləşən kəndin ümumi ərazisi 3224 hektardır.

Yerləşdiyi coğrafi mövqe burada əkinçilik, heyvandarlıq və arıçılıq üçün əlverişli olduğundan tarixən insanlar bu sahə ilə məşğul olur, öz gün-güzəranlarını yaxşılaşdırırlar.  Dəmyə sahələrdə taxıl əkən kəndin təsərrüfat adamları relyef və iqlim şəraitinə uyğun olaraq, lobya, noxud, xiyar, pomidor, kartof, soğan kimi tərəvəz məhsulları əkib-becərirlər. Teyvazın təsərrüfat adamları arıçılığa da diqqət yetirirlər.  Qoyunçuluq da teyvazlıların əsas məşğuliyyəti və gəlir mənbəyidir. Bu dağlardakı yaylaqlar, göz işlədikcə uzanan geniş örüşlər, əlverişli iqlim şəraiti burada qoyunçuluğun ilbəil genişlənməsinə imkan yaradır. Korəhmər, Söyüdlü bağ, Qaragüney, Daşüstü, Daşarası, Daşbaşı kimi örüşlərdə bol yem ehtiyatı olduğundan qış mövsümündə heyvandarlar sürülərin otarılmasında çətinlik çəkmirlər.

Teyvazın bitki örtüyü əsasən kolluq, seyrək meşəli çəmənlərdir. Kəndin florası çoxsaylı müalicəvi dərman bitkiləri ilə zəngindir. Solmazçiçəyi, kəklikotu, daşdələn otu, İsa otu, alma çiçəyi, dazıotu, qarayarpız, çobanyastığı, qantəpər, nanə, gülxətmi, səhləb,  baldırğan çiçəyi kimi müalicəvi əhəmiyyətli dərman bitkiləri insanlara uzun ömür bəxş edir.

Teyvaz həm də özünün saf və təmiz bulaq suları ilə tanınır. Çətəndaş, Molla İsmayıl gölü, Bəylik gölü, Qoca çeşmə, Çeşməbaşı, Məmmədölən bulağı və digər bulaqlar dağların sinəsindən süzülüb gələrək bu yerlərin təbiətinə bir füsunkarlıq bəxş edir. Bu yerin zəngin və təzadlı təbiəti möcüzələr diyarını xatırladır.

Dağlar qoynundakı Teyvazı görməyən, bu yerlərin təbiətini seyr etməyən dünyanın əvəzsiz möcüzələrindən birini itirmiş olar. Bağlardakı meyvə ağaclarının barlı başları torpağa əyilib, budaqlar sanki torpağa səcdə qılır, minnətdarlıq edirlər.

Teyvazın qənşərində, dağların arxasında başı qarlı, şah vüqarlı Göydağ görünür. Heç insaf deyil, bu yerlərə gələsən, o ucalığı görməyəsən. Göydağ sanki günəşdən tac qoymuşdu. Mavi libaslı, ağ çalmalı bu zirvə elə bil bürcdür-qaladır, ətraf dağlar da onun sədd-hasarıdır. Zirvəsi ayla-ulduzla görüşən, günəşi aşırımında gizlədən bu ucalıq bir müqəddəslikdir, kiçik dağlar isə keşiyində duran, ona səcdə qılanlardır.

2013-cü ildə rayonumuzun Teyvaz kəndində yeni sosial obyektlər istifadəyə verilib.    

Teyvaz kəndində sosial obyektlərin açılışı zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri demişdir: "Hər bir kəndin inkişafı, ümumilikdə dövlətin inkişafı deməkdir. Bu gün Teyvaz kəndində qurulanlar, yaradılanlar bir kəndin timsalında ölkəmizin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdəndir. Ona görə də sakinlər yaradılan şərait və göstərilən dövlət qayğısı müqabilində daha səylə çalışmalı, fərdi təsərrüfatlarını genişləndirməli, muxtar respublika iqtisadiyyatının inkişafına və ərzaq təminatına öz töhfələrini verməlidirlər"

Ədalət Cəfəroğlu

                                                                                                                “Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: