Torpağa bağlı olanlar - FOTOLAR
Ailə təsərrüfatları təkcə özünəməşğulluq vasitəsi deyil, həm də geniş biznes üçün ilk təcrübə məktəbidir. Bu təcrübə insanların iş qurması ilə məskunlaşdığı ərazilərə məxsus olan biznes imkanlarının reallaşmasını təmin edir. Bu gün ailə təsərrüfatı ilə kiçik biznesə başlayanlar sabah fiziki şəxs, sonra isə daha böyük sahibkarlar kimi mühüm layihələri gerçəkləşdirirlər. Bu da sahibkarlığın daha da genişlənməsinə və şaxələnməsinə gətirib çıxarır.
Şərur rayonunda ailə təsərrüfatlarının yaradılması, onların fəaliyyətinin şaxələndirilməsi günün gerçəkliyidir. Sahibkarlığın bu sahəsinin genişləndirilməsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, ailə təsərrüfatlarının şəbəkəsi və imkanları get-gedə artır. Əgər ötən il rayonumuzda belə təsərrüfatların sayı 84 idisə, artıq bu rəqəm 115-ə çatıb.
İstehsal və emalla məşğul olan ailələrə qayğı da unudulmayıb. Əsasən əkinçiliyin, maldarlığın, arıçılığın, meyvəçiliyin və digər sahələrin inkişaf etdirildiyi Şərurda zəngin təsərrüfatçılıq ənənələrini yaşadan torpağa bağlı insanlar onlara göstərilən bu qayğılardan yetərincə faydalanırlar. 2019-cu ilin muxtar respublikamızda «Ailə təsərrüfatları ili» elan olunması ailə təsərrüfatlarına verilən önəmin daha bir ifadəsidir.
Ailə təsərrüfat sahiblərindən biri də Arpaçay kənd sakini Abdulla Adıgözəlovdur. Onun Çərçiboğan kəndinin ərazisində yaratdığı və bir hektar sahəni tutan «Arpaçay istixanaları», ətrafda saldığı meyvə bağları daxili bazara öz töhfələrini verir. Artıq 6 ildir ki, istixanada bol və ekoloji cəhətdən təmiz tərəvəz yetişdirilir. Sahibkar istixanalarının ətrafındakı sahələrdə ərik, heyva, gavalı, şaftalı və üzüm bağları salıb. Ailə təsərrüfatında quru meyvələr, müxtəlif cemlər, mürəbbələr, kompotlar, tərəvəz turşuları istehsal olunur.
Cəlilkənd sakini Sənan Qasımzadə isə gənc sahibkardır. Artıq üçüncü ildir ki, 6 nəfərdən ibarət ailə təsərrüfatı yaradıb. Başçılıq etdiyi təsərrüfatda mürəbbələr, turşular, müxtəlif meyvə quruları, kompotlar, doşab, duza qoyulmuş üzüm yarpağı, cemlər hazırlanır. Bu məhsulların xammalını özünün həyətyanı sahəsində və pay torpağında yetişdirir. Bu ilin yazında ona məxsus olan pay torpağının bir hissəsində yeni meyvə bağı salıb.
Sahibkar istehsal etdikləri məhsulları Naxçıvan şəhərində keçirilən festivallara çıxarır. Ötən il Naxçıvan şəhərində keçirilən «Ailə təsərrüfatları məhsulları» festivalında III yerin qalibi olması onu daha da ruhlandırıb.
«Ailə təsərrüfatları məhsulları» festivalında I yerin qalibi olmuş Çərçiboğan kənd sakini Muqbil Zamanov isə əsasən meyvə arağı, çaxır, alma sirkəsi istehsalı ilə məşğuldur. Təsərrüfatda müxtəlif meyvə araqları, çaxırlar və ekstraktlar istehsal edilir. O, həmçinin xammal istehsalını artırmaq üçün təsərrüfata əlavə olaraq 1.500 kvadratmetr torpaq sahəsi də alıb. Bura 5 min ədəd qızılgül, qarağat və moruq əkib. Yeni istehsal sahəsində xammalın hazırlanması, qıcqırdılması, çəkilməsi, süzülməsi üçün otaqlar, soyuducu anbar nəzərdə tutulur. Təsərrüfat başçısı göstərilən dövlət dəstəyi sayəsində ailə-fermer təsərrüfatı qurmağı qarşısına məqsəd qoyub.
Aşağı Aralıq kəndində yaşayan ailə təsərrüfatı başçısı Fərqanə Muxtarova dağlarımızda və tarlalarımızda yetişən 40 adda dərman bitkisinin faydalarını öyrənib, onları toplayır. Bu bitkilərin çeşidlənməsi və qablaşdırması ilə bağlı da heç bir çətinliyi yoxdur. Üzərlik, balotu, bürk, kəklikotu, ayıqulağı, boymadərən, dazıotu, qantəpər, yemişan və başqa müalicəvi ot və meyvələrə alıcı marağı həmişə böyük olub. Fərqanə xanımın ailə təsərrüfatında konservləşdirilmiş badımcan kababı, kələm turşusu, zirinc və həmərsün şirələri, tut doşabı, üzüm yarpağı turşusu və digər məhsullar da istehsal edilir.
Oğuz kəndində yaşayan Ədalət Nəsirovun ailə təsərrüfatı bu mövsümdə 20 başdan çox iribuynuzlu mal-qaraya qulluq edir, 20 hektar taxıl, 5 hektar qarğıdalı sahəsindən kifayət qədər məhsul yığıb. Sahibkar lizinq yolu ilə bir ədəd rezin təkərli traktor alıb. O bu texnika ilə öz təsərrüfatındakı işləri gördükdən sonra həmkəndlilərinə də kömək edir.
Təsərrüfat sahibi Cəfər Muxtarov kiçik və orta sahibkarlığın inkişafı üçün yaradılan hərtərəfli şəraitdən razıdır.
“Şərurun səsi” qəzeti