Ailə təsərrüfatları - FOTOLAR

A- A A+

Muxtariyyətin 95 ili Naxçıvan Muxtar Respublikasında həm də Ailə təsərrüfatları ili kimi yadda qaldı. Yaradılan şərait və göstərilən dövlət dəstəyi nəticəsində hazırda muxtar respublikamızda 1000-ə yaxın ailə təsərrüfatları fəaliyyət göstərir. Ailə təsərrüfatlarının çoxalması  isə bölgənin ümumi inkişafına öz müsbət təsirini göstərir.  İnsanlarda torpağa mehr-məhəbbət günbəgün yüksəlməkdədir. Bu bağlılıq  isə onların rifahına işıq salır, kəndin inkişafına rəvac verir. Bu gün Babək rayonunda da  ailə təsərrüfatları çoxluq təşkil edir. Əkinəyararlı torpaq sahələrində taxıl, bostan-tərəvəz və yem bitkiləri, əkilib-becərilir, gözəl bağlar salınır, heyvandarlıq inkişaf etdirilir. Ailə təsərrüfatlarının bu sahələrdə əməyi  isə ürək açandır. Bu günlərdə rayonun Zeynəddin kənd sakinləri Famil Quliyev və Məmməd Nağıyevin ailə təsərrüfatlarında olduq.  Quliyevlər ailəsinin başçısı Famil Quliyev  yazın erkən çağından ta payızın son günlərinədək əkin sahələrində ailə üzvləri ilə birlikdə çalışır.  Əkib becərdiyi bostan-tərəvəz sahələri isə  məhsuldarlığı ilə göz oxşayır. Famil Quliyev bir neçə il bundan öncə ailəsinə məxsus pay torpaq sahəsində müxtəlif bostan tərəvəz məhsulları əkib. Hər il əkin sahələrindən  topladığı məhsulu bazara çıxaran fermer ailə güzəranını xeyli yaxşılaşdırıb. Ailə başçısı becərdikləri məhsulların suvarılmasında və satışında da çətinlik  çəkmədiklərini deyir. Yetişdirdikləri məhsulların keyfiyyətini yüksək qiymətləndirən  alıcılar tez-tez həm təsərrüfat sahibinin qonağı olur, özlərinə lazım olan məhsulu birbaşa yerindən alırlar, həm də gündəlik yığılan məhsullar bazarlara çıxarılır.

Famil Quliyevin həyat yoldaşı Heyran xanım da zəhmətkeş qadındır. Torpağa bağlılıq dədə-babadan bizim qanımıza hopub deyir. 4 ildir ki ailəmizlə birgə əkinçilik təsərrüfatına maraq salmışıq. İl ərzində əkinçilikdən 30-40 min manat gəlir əldə edən ailə  maldarlıqla da məşğul olaraq  istehsal etdiyi  ət  və süd məhsullarından da yaxşı gəlir götürür.

Məhəmməd Nağıyevlə də elə iş başında görüşdük. Onun ailə təsərrüfatının bir hissəsi olan  bostan-tərəvəz sahələrində qızğın iş gedir, pomidor yığımı həyata keçirilirdi. On ildən artıqdır ki, bu işlə məşğul olan  təsərrüfatçı  zəhmətlə qurduğu ailə təsərrüfatını qazanc mənbəyinə çevirə bilib.  Ailə təsərrüfatının əsasını əkinçilik , camışçılıq və arıçılıq təşkil edir.

Kəndlinin gecəsi-gündüzü olmaz deyən Məhəmməd Nağıyevin başçılıq etdiyi ailə təsərrüfatının öhdəsində 15 hektar əkin sahəsi var ki, burada o əsasən bostan-tərəvəz bitkiləri-çuğundur, pomidor, kartof, noxud,  bibər,  quru lobya, qarpız  əkib becərir. Əlavə olaraq icarəyə götürdüyü torpaqlarda hər il 20 hektar taxıl da əkir. Hərtərəfli dövlət qayğısını hiss edən təsərrüfatçı həmçinin heyvandarlığı və arıçılığı da inkişaf etdirir. Onun ailə təsərrüfatında 20 baş camış, 5 baş inək də  bəslənilir. Təsərrüfat başçısı  son illər 1 hektar sahədə fındıq bağı da salıb. Gələcəkdə bu sahədən də yaxşı qazanc götürəcəyinə ümidlidir.

Muxtar respublikada ailə təsərrüfatçıları, fermerlər üçün bir sıra güzəştlər müəyyən edilib. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, vergilərdən azaddırlar. Onlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və satılan gübrə, texnika  almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir.Əkinçilik , maldarlıq, bağçılıq, arıçılıq kimi təsərrüfatın müxtəlif sahələrində yaradılan imkanlar, dövlətin bu sahəyə dəstəyi  ailə təsərrüfatlarının da inkişafına zəmin yaradır.

Bəli bu gün kəndli torpağının sahibidir.  Torpaq deyər, öldür məni dirildim səni-deyən  Şıxmahmud kənd sakini, 70 yaşlı Çölbəyi Məmmədov da təsərrüfata bağlı adamdır. Bu zəhmətkeş insan müxtəlif növ ev quşları, iri buynuzlu mal saxlayaraq yumurta, süd və süd məhsulları, müxtəlif növ qovurma da istehsal edir. Şıxmahmudun bərəkətli  torpaqlarında becərilən sarımsaq  adı ilə tanınır. Muxtar respublikamızda bu tərəvəz məhsuluna olan tələbat  elə Şıxmahmud torpağında yetişən sarımsaq hesabına ödənilir, deyən Çölbəyi Məmmədov  becərdiyi məhsuldan sarımsaq turşusu, sarımsaq bəkməzi də hazırlayır. Meyvə bağlarından topladığı müxtəlif növ meyvələrdən mürəbbələr, kompotlar hazırlamaqla yanaşı   meyvə quruları da tədarük edib. Son dövrlərdə arı ailəsi saxlayan Çölbəyi Məmmədov bu sahədə də müəyyən biliklərə, təcrübələrə yiyələnərək təsərrüfatını genişləndirmək niyyətindədir.

Ailə təsərrüfatları dünyada geniş yayılmış bir təcrübə modelidir.  Bu baxımdan bu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması  və ailə təsərrüfatlarının yaradılmasının da  əsas məqsədi  kənd əhalisinin  məşğulluğunu artırmaqla onların  güzəranını  yaxşılaşdırmaq  məqsədi daşıyır.  Ailə təsərrüfatlarının  yaradılması, onların  inkişafı və geniş fəaliyyəti üçün münbit imkan var. Ailə təsərrüfatları  arasında təcrübə mübadilələri genişləndirilir,  onlarla maarifləndirici söhbətlər aparılır, istehsal olunan məhsullar isə  bazar və marketlərdə, yarmarkalarda,  sərgi satışlarda, festivallarda nümayiş olunur və satılır.   Kəndli əgər kənddə yaşayırsa  mütləq təsərrüfatla məşğul olmalıdır ki,  güzəranını, ailə büdcəsini təsərrüfatdan gələn gəlirlə  formalaşdırsın,  deyən Kəngərli rayonunun Qarabağlar kənd sakini 64 yaşlı Nurəddin Babayev təcrübəli fermer, ailə təsərrüfatçısıdır. Onun ailə təsərrüfatının əsasını isə əkinçilik, bağçılıq, iri buynuzlu  maldarlıq, bağçılıq və quşçuluq təşkil edir.

Deyir ki, dədə-babadan kənddə əkib-becərməklə məşğuluq, çox gözəl də həyat sürürük. Rayonumuzda yeni suvarma sistemlərinin qurulması, suvarma təsərrüfatındakı yeniliklər bizi bu sahəyə daha da ruhlandırır.  Bunun nəticəsidir ki, Qarabağlar kəndinin ənənəvi təsərrüfat sahəsi olan tütünçülüyü  yenidən bərpa etmişik. 5 hektar  tütün, 2 hektar keyfiyyəti , dadı ilə seçilən  Qarabağlar soğanı,  taxıl sahələrindən  bol məhsulumuz oldu.

Kənd təsərrüfatında mühüm əhəmiyyət kəsb edən quşçuluq müəssisələri muxtar respublikanın quş əti ilə təminatında  mühüm rol oynayır. Nurəddin Babayevin  “Kəngərli broyler” adı ilə fəaliyyət göstərən  quşçuluq təsərrüfatı 40 000 baş tutuma malikdir, burada keyfiyyətli quş əti istehsal olunur. İri buynuzlu maldarlıq təsərrüfatında isə  cins  mal-qara bəslənilir.  Son illər 5 hektar sahədə  alma bağı salan  təsərrüfatçı bu il 3 hektar sahədə də üzüm bağı salıb.  Bu gün  onun ailə təsərrüfatında 30 nəfərə yaxın işçi çalışır.

Ordubad rayonunun Ələhi kənd sakini Yaşar Həbibovun ailə təsərrüfatında istehsal olunan məhsullar  təkcə yaşadığı kənddə, rayonda deyil, Naxçıvan Muxtar Respublikasında, habelə yaxın qonşu ölkələrdə də ona ad-san qazandırıb. İxtisasca kənd təsərrüfatı mütəxəssisi olan təsərrüfat başçısının istehsal etdiyi çeşid-çeşid mürəbbələr, kompotlar, keyfiyyətli bal, süd məhsullarının alıcısı elə başının üstündədir. Hər il Naxçıvan şəhərində keçirilən “Ailə təsərrüfatları festivalı”nda iştirak edərək məhsulunu satan, tanıdan təsərrüfatçı bu sahədə qazandığı təcrübəni başqa  təsərrüfat sahibləri ilə də bölüşür.

Bu gün Muxtar Respublikamızda aqrar sahənin inkişafı əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına, keyfiyyətli məhsul istehsalına zəmin yaradıb.  Bu sahədə ailə  təsərrüfatları da  xüsusi təsərrüfatçılıq forması olub kollektiv əməyə və iqtisadi fayda götürmək prinsipinə əsaslanan sahibkarlıq formasıdır. Şübhəsiz Ailə təsərrüfatları ilində  təsərrüfatçılar üçün yaradılan imkanlar, bu sahədə qazanılan təcrübə əhalinin keyfiyyətli yerli məhsullara  olan tələbatını ödəməklə yanaşı, kənd yerlərində yaşayan əhalinin məşğulluğunun təmin edilməsinə  və  sosial iqtisadi, inkişafa da öz töhfəsini verəcəkdir.

Türkanə Əmoyeva

Naxçıvan radiosunun əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: