Qış hazırlığı- əriştə kəsimi, yarma çəkimi - FOTOLAR
Bir neçə gündür ki, qış fəslinin xəbərçisi olan payız yurdumuza “qədəmlərini” qoyub. Gündüzlər qısalıb, gecələr uzanıb, indi günəş dağlar arxasında gözdən itməyə daha çox tələsir. Sərin, yağışlı və küləkli havaların sayının artdığı bu günlər qışa hazırlıq edilməsi üçün insanları həm də xəbərdar edir. İndi qış üçün turşular qoyulur, payız pendiri tutulur, ağaclardan alma, armud, cəviz, dağların nazı-neməti olan həmərsin, yemişan yığılır. Payız əkini aparılır. Bütün bu hazırlıqlar qışı uzun çəkən Şahbuz rayonunda soyuqlu-şaxtalı günlərin rahatlıqla yola salınması üçündür. Bu payız günlərinin hazırlıqları ərəfəsində təmtəraqlı, bir o qədər də maraqlı qış azuqələrinin hazırlanması içərisində əriştə kəsimi və yarma çəkimi, həmçinin qovurma hazırlanması kimi işlər də vaxtında icra olunur. Qoçaq qadınlarımızın zəhməti ilə hazırlanan bu azuqələr bir çox proseslərdən keçir. Bu barədə qonaq olduğumuz evlərdə evdar qadınlarla əriştə kəsimi və yarma çəkimi ilə bağlı maraqlı söhbətlərimiz oldu.
Şahbuz şəhər sakini Minayə Əliyeva deyir ki, qışa hazırlıq edərkən əriştə kəsməyi əsla unutmaram. Əriştə ailəmizin payız-qış aylarında ən sevimli yeməyidir. Həm də uzaqda yaşayan bacı-qardaşımın da ən əziz payıdır.
Əriştə kəsən zaman xəmiri yazlıq buğda unundan yoğururlar. Yuxanı isə kiçik ölçüdə bıçaqla və ya əriştəkəsən maşınla kəsirlər. Kəsilən əriştələr kəndirlərin üzərinə sərilər. Yaxşıca quruyandan sonra yığılır və əriştənin qovurulma mərasimi başlayar. Qurudulan əriştəni ocaq üstə sacda qovurarlar. Qış ayları üçün, beləcə, bir azuqə də hazır olar. Əriştə yarma, ələyəz, qırmızı baş soğan, inək yağı ilə bişirilər, çoxlarının unutduğu “çəkmə”, südlü əriştə xörəklərində ağıza dad gətirər. Əriştənin sıyıq halda bişirilən xörəyini xoşlamayan çox az adam tapılar.
Əriştədən əriştə aşı-çəkmə, əriştə plovu bişirilir. Plov bişirəndə əriştəyə bəzən düyü və ya yarma da qatılır. Əriştə plovu, adətən, “üzgözsüz”- aşqarasız yeyilir.
Şahbuzlu qadınların qışa hazırlıqları içərisində yarma çəkmə kimi bir adətləri də var. Əriştə kimi, yarmadan hazırlanan yeməklər də payız-qış aylarında süfrələrdə tez-tez görünür. Lakin onların içində yarma aşının xüsusi dadı və yeri vardır. Bəs, görək yarma kirkirədə necə çəkilir və ondan hansı yeməklər hazırlanır. Bu barədə həmsöhbətimiz olan Şahbuz şəhər sakini Xatirə Əliyeva deyir ki, yarma hazırlığı üçün buğda yaxşı təmizlənir, tərtəmiz yuyulandan sonra suda qaynadılır. Suyu süzüldükdən sonra gün düşməyən yerdə təmiz parçanın və ya çadırın üstündə sərilərək qurudulur. Çoxları tez qurusun deyə, onu gün düşən yerə sərər. Ancaq keyfiyyətini itirməsin deyə, onun günəvər olmayan yerdə qurudulması daha yaxşıdır.
Sonra qurudulmuş buğda dənələri kirkirədə üyüdülər, ta ki o, narın formaya düşənə kimi. Torbalara yığılar və qış üçün saxlanılar.
İstifadə zamanı üyüdülmüş yarma yenidən qaynadılır, bir ovuc buğda unu qabda soyuq suda açılır, yarma aşının içinə tökülür. Aşa xüsusi ləzzət qatan pencərlər-yağlıca, ələyəz, sarmaşıq, çobankibriti də yuyulur, doğranıb suya tökülür. İçinə yağda qovrulmuş soğan əlavə edilir, qatılaşana qədər odda qarışdırılır. Zövqə görə duz, istiot vurulur. Bəzi kəndlərimizdə yarma aşna qurudulmuş pomidor, bibər də əlavə edirlər.
Xatirə xanım həm də yarma plovunun hazırlanması haqqında danışaraq deyir ki, bunun üçün bir su stəkanı plovluq yarma, bir baş soğan, qırmızı bibər və bir ədəd pomidor, üç yemək qaşığı zeytun yağı, dörd diş sarımsaq, bir yemək qaşığı kərəyağı, iki stəkan su lazımdır.
Ümumiyyətlə dağ kəndlərində qışda daha çox xəmir xörəklərinə üstünlük verilir. Bu da təbii ki, bədənə istilikgətirən qida olduğu üçün soyuq havalarda orqanizm üçün faydalıdır.
Hicran Əliyeva
“Oğuz səsi” qəzeti