Övladlarımızın sağlam ruhda, hərtərəfli şəxsiyyət kimi formalaşmasında mütaliə vacibdir. Bu baxımdan uşaq ədəbiyyatının rolu böyükdür. Əslində özümüz də bilmədən hələ lap körpəlikdən uşaqların ədəbiyyatla böyüməsini hiss etmirik. Anaların beşik başında oxuduğu laylalar, uşaq əzizlənən vaxt deyilən nazlamalar, bir az böyüyəndən sonra onlara danışılan nağıllar hamısı şifahi xalq ədəbiyyatının nümunələridir. Ədəbiyyatın bu janrının uşaqların düşüncə tərzinin formalaşmasında, dünyanı kəşf etməsi baxımından çox güclü təsirə malikdir. Bildiyiniz kimi heç bir vasitə düzgün seçilmiş mütaliə vəsaiti qədər uğurlu nitq formalaşdıra bilməz. Uşaq ədəbiyyatının əhəmiyyətlərindən biri də övladlarımızda öz fikirlərini daha dəqiq, daha səlis və daha düzgün ifadə etmələrinə təsiridir. Mütaliəsi davamlı olan uşaq digərlərinə nisbətən özünü ifadədə çətinlik çəkməyəcək, kütlə içərisində utanıb sıxılmayacaq, bu qabiliyyəti ona tədris prosesində, təlim zamanı da üstünlük qazandıracaq. Kifayət qədər kitab oxumuş uşaq öz yaşına uyğun olaraq güclü məntiqi mühakimə qabiliyyəti, təhlil bacarığı, nəticə çıxarmaq üstünlüyü və s. bu kimi xüsusiyyəti ilə seçiləcək.
Övladlarımızın dünyagörüşünün zənginləşməsində, estetik və mənəvi tərbiyəsində, bir sözlə uşaq və gənclərin formalaşmasında mütaliənin rolu böyükdür. Bütün şüurlu həyatı boyu insanı müşayiət edən kitab onun etibarlı məsləhətçisi və dostudur, mənəviyyat mənbəyidir. Öncə deyək ki, kitab oxumaq insanın intellektual səviyyəsinə, dünyagörüşünə müsbət təsir göstərir. Bundan başqa, kitab bəşər həyatında qalacaq miras, inkişaf etdirən və ziyalandıran nümunədir.
Kitab elm və mərifət dünyasına açılan qapıdır, mütaliə insanı kamilləşdirir, onun nitq qabiliyyətini inkişaf etdirir. Onu yaxın-uzaq keçmişlərə aparır. Kitablar insan həyatında mühüm rol oynayır.
Ən təsirli tərbiyə vasitəsi olan mütaliənin düzgün təşkili, düzgün əxlaqi davranış motivlərinin də tərbiyə edilməsində mühüm rol oynayır. Bu baxımdan, şagirdlərin tələbat sahəsinin öyrənilməsi mühüm əhəmiyyətə malikdir. Mənim fikrimcə mütaliənin yeniyetmə və gənclərin bilik və bacarığının artırılmasında, onların intellektual səviyyəsinin yüksəldilməsində, nəticə etibarı ilə həm də azərbaycançılıq məfkurəsinin formalaşmasında mühüm rol oynayır.
Vaxt keçdikcə, uşaqlar böyüdükcə, onların mütaliə bazasının janrları da dəyişir. Artıq uşaqlar özləri oxuyacaqları kitabı seçir, bununla da onların mütaliə zövqü formalaşır. Bu baxımdan qeyd etmək yerinə düşər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitablar” haqqında Sərəncamı mütaliə ilə bağlı tarixi bir sənəddir. Bu Sərəncam mütaliənin, gənc nəsildə vətənpərvərliyin tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasında və eləcə də oxucu kütləsinin düzgün kitab seçimində böyük əhəmiyyəti var.
Düzgün və qiraətli bir nitqə sahib olmaq üçün kitab oxumaq şərtdir. Oxumuş millət hər zaman ağıl və zəkanın gücü ilə yaşayır.
Südabə Əliyeva
“Arazın səsi” qəzeti