Adı ilə, dadı ilə tanınan Kükü alması - FOTOLAR

A- A A+

Hər fəslin öz rəngi, öz gözəlliyi var. Qızılı payız da özü ilə qızıl qədər dəyərli meyvələrini yetirir. Bu meyvələr içərisində alma  nə qədər çox yeyilsə, insan orqanizminə bir o qədər faydası var.

Mineral və vitamin tərkibinə görə alma bir sıra meyvələrdən üstündür. İnsan orqanizmində qanazlığına səbəb olan dəmir çatışmamazlığı zamanı bu meyvədən yemək məsləhət görülür. O, yuxusuzluğa qarşı ən yaxşı təbii vasitələrdən biri hesab olunur. Artıq çəkidən əziyyət çəkənlərə də müntəzəm alma yemək məsləhət görülür. Bu dadlı meyvə yuxarıdakı xüsusiyyətləri ilə yanaşı, həm də gözəllik ölçüsüdür.

Sənət adamları gözəlləri vəsf edəndə onların yanaqlarını məhz bu cənnət meyvəsinə bənzədiblər. Toy xonçalarındakı şirniyyatlarla yanaşı aparılan almalar ən yaxşı hədiyyələrdən biri olub. Doğma Naxçıvanımız özünün təravətli Şərur şaftalısı, Nehrəm qarpızı, Sədərək üzümü, Şahtaxtı qovunu, Ordubad əriyi ilə yanaşı, həm də bal kimi dadlı Kükü alması ilə də tanınır.

Şahbuz rayonunun dağlar qoynunda yerləşən Kükü kəndi əlverişli iqlim şəraiti, təmiz havası, bol sulu çayları, dumduru bulaqları və barlı-bəhərli meyvə bağları ilə adama “gəl-gəl” deyir. Kəndin füsunkar təbiəti, səfalı havası, ekoloji cəhətdən saf məhsulları təkcə istirahət üçün deyil, yaşayış üçün də əlverişli olduğundan bu ünvanı seçənləri həmişə cəlb edir. Odur ki, bu kənddə yurd-yuva salanlar həyətlərinə ilk dəfə alma tingi əkməyi də unutmurlar. Axı alma Kükünün rəmzidir.

Təbiətin alma bəxşişi Kükü bağlarının payına düşüb – desək, yanılmarıq. Elə ki payız fəsli təşrif gətirdi, alyanaqlı almalar budaq sındırar. Ağacların barın-bəhərin yığmaqla qurtarmaz. Odur ki, bu kənddə alma yığımına bütün ailə üzvləri qatılar. Xüsusən payızda Kükü kəndinə yolunuz düşsə, alma ətrini kəndin girişindən duymaq mümkündür. Payızın sonlarına doğru artıq meyvəsi toplanılmış alma bağlarında yalnız sarı yarpaqlar qalsa da, insanın ruhunu təzələyən alma ətri hələ də duyulur. Elə süfrələrdən də bu nazlı nemətin ətri kəsilmir. Hansı həyətə daxil olsan, çay süfrəsində hökmən tabaq dolusu alma da görəcəksən. Kükü kəndinin camaatı çox qonaqpərvərdir. Onlar deyirlər ki, Kükü alması dağlardan gələn təmiz su ilə qidalanır, heç bir kimyəvi maddə vurulmur, ona görə də  can dərmanıdır.

Kükülülər meyvəçilikdə yaxşı təcrübə əldə ediblər. Çünki bu, onların əsas məşğuliyyət sahələrindən biridir. Meyvəçilikdə isə alma və cəviz bağları əsas yer tutur. Kükünün ağappaq və dadlı cəvizi ilə ətirli almalarının sirri isə həm bu kəndin yerləşdiyi coğrafi mövqe, həm də torpağın mineral və su tərkibindədir. Bütün bunlar burada alma bağlarının salınmasına şərait yaradıb. Kənd sakini, təqaüdçü müəllim Quşdan Qəhrəmanov deyir ki, Küküdə almanın çoxlu sortları vardır. Ağ-qırmızı “Palmet”, “Belflor”, “Banan”, “Qışqızılı”, “Konfet alma”, “Söyüd alma”, “Toz alma” və digər sortlar burada torpağa və iqlimə yaxşı uyğunlaşıb. Azərbaycanın digər bölgələrindən də buraya alma tingləri gətirilib, yerli şəraitə uyğunlaşdırılıb. Burada alma ağacı əkib, bəhrəsini görməyi çox sevirlər. Elə ən yaxşı sovqat da almadır. Qohumlara, dostlara, tanışlara həmişə ən gözəl, alyanaq almaları pay göndəririk.

Kükü alması həm də kənd camaatı üçün yaxşı qazanc mənbəyidir. Oktyabr ayında yığılan almanı növbəti ilin may ayına qədər saxlayıb, sata bilirlər. Dərildiyi kimi təzə, dadlı qalan Kükü almasının Naxçıvan bazarında həmişə alıcısı var.Doğma torpağa məhəbbətlə əkilib, ərsəyə gətirilmiş alma bağlarının bu il də bol məhsulu insanı sevindirir. Axı süfrələrimizi bəzəyən bütün nemətlərimiz öz torpağımızın bərəkətidir. Bu nemətlərin adı da, dadı da bizim üçün çox qiymətlidir. Tamı damaqlardan getməyən Kükü alması kimi.

Ruhiyyə Rəsulova
Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: