Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən hərbi xidmətdən tərxis olunmuş şəxslərin məşğulluqlarının təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi xidmətdən tərxis edilmiş gənclərin məşğulluqlarının təmin olunması ilə bağlı keçirilən tədbirdə ətraflı danışılıb.
Tədbirdə Xidmətin Naxçıvan Şəhər İdarəsinin rəisi, mayor Anar Aqilov və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Naxçıvan Şəhər Mərkəzinin direktoru Elmar Eyvazovun çıxışları olub. Çıxışlarda bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə qəbul olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” muxtar respublikamızda məşğulluq məsələlərinin həll olunmasında mühüm əhəmiyyətə malikdir. Bu gün keçirilən görüşün məqsədi də hərbi xidmətdən yeni tərxis olunmuş gənclərə əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslar haqqında məlumatlar vermək, onları boş iş yerləri ilə tanış etməkdir.
Diqqətə çatdırılıb ki, müxtəlif peşələrə yiyələnmək istəyənlər qeydiyyata alınaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzinə təhsil almaq üçün göndəriləcəklər.
Sonra gənclər onlara təqdim edilən boş iş yerləri ilə tanış olublar.
Hərbi xidmətdən yeni tərxis olunmuş Ayturan Kərimli onlar üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib.