Uşaq oyuncaqlarını reklam edən bir sayta baxarkən, satışdan çıxarılan və çıxarılacaq oyuncaqlar diqqətimi çəkdi. Bu oyuncaqların çoxu mənə tanış idi. Oyuncaqların satış bazarından yığılmasının əsas səbəbi kimi uşaqlara vurduğu ziyanlar əsas göstərilirdi. Bu səbəblə belə bir yazı yazmaq qərarına gəldim.
Bu gün Azərbaycanda da xarici ölkələrdən gətirilmiş hər cür uşaq oyuncaqları tapmaq mümkündür. Təəssüfedici hal ondan ibarətdir ki, həmin oyuncaqların bəziləri keyfiyyətsiz materiallardan hazırlandığından uşaqların sağlamlığı üçün təhlükə yaradır. Məsələn, Polşadan, Moskvadan, Belarusdan gətirilən oyuncaqlarla Çindən gətirilən oyuncaqlar arasında kəmiyyət və keyfiyyət baxımından kəskin fərqlər özünü göstərir.
Oyuncaqlar uşağa ətraf mühiti dərk etməkdə, məqsədəyönlü fəaliyyətdə, düşüncə, nitq və emosiyanın inkişafında kömək edir. Bəzən rəngarəng, gözoxşayan oyuncaqlarla uşaqları sevindirmək istəyi mənfi nəticələrə səbəb ola bilir. Buna görə də “oyuncaqdır” deyib məsələnin üzərindən keçmək heç də düzgün deyil. Çünki bu gün satışda olan uşaq oyuncaqlarının əksəriyyətinin keyfiyyət göstəriciləri aşağıdır. Oyuncaqlar plastmas, ağac, rezin, parça, karton və s. kimi materiallardan hazırlanır. Parçadan hazırlanan oyuncaqlar uşaqlar üçün daha təhlükəsizdir. Bu materialdan hazırlanan oyuncaqları uşaqlar özünə rahat sıxa, qucaqlaya bilər. Plastmas, rezin oyuncaqlar təhlükəsiz olsalar da, kimyəvi tərkibi mənfi fəsadlar yaradır. Metal və ağac materiallarından hazırlanan oyuncaqların uşaqları zədələmə təhlükəsi var.
Uşaq oyuncaqları 3 əsas tipə – qızlar üçün, oğlanlar üçün və universal oyuncaqlara bölünür. Qız və oğlan oyuncaqları gələcəkdə onların görə biləcəyi işləri xarakterizə edir. Universal oyuncaqlar isə uşaqların birtərəfli inkişafı, onların məntiqi düşüncəsinin formalaşması baxımından zəruridir.
Oyuncaqların hər zaman məsum olmadığını unutmamaq lazımdır. İnsan sağlamlığına zərər verdiyi təsbit edilən uşaq oyuncaqları da mövcuddur. Bu oyuncaqlar çox keyfiyyətsiz istehsal olunur. Bəzi saytların yaydığı məlumatlara görə bir çox oyuncaq təkrar istehsalata cəlb olunmuş məhsullardan əldə edilir. Bu isə bir çox zərərli maddəni özündə cəmləşdirir.
Rusiyada aparılan elmi araşdırmada, ucuz olduğundan rəğbət görən bu cür oyuncaqların insansağlamlığına mənfi təsirləri ortaya çıxıb. Vətəndaşlar satın aldığı bu məhsulların üzərində, ya da qutusunda beynəlxalq standartlara uyğunluğu göstərən “CE” işarəsini axtarmalıdırlar. СЕ işarəsi ilə markalanma (fransız dilində Сonformite Europeenne) məhsulların və xidmətlərin Avropa direktivlərinin tələblərinə cavab verdiyini təsdiqləyir və hərfi tərcümədə "Avropa Uyğunluğu" mənasını verir. СЕ markalanması əslində məmulatın Avropa reqlamentlərinə müvafiq olaraq hazırlandığını göstərən onun texniki pasportudur. СЕ işarəsi ilə nişanlanan mal əsas tələblərə, yəni təhlükəsizlik, ekoloji təmizlik tələblərinə cavab verdiyi üçün heç bir problem olmadan AB ölkələrinin bazarlarına göndərilə bilər.
Ucuz iş qüvvəsi və xammal üstünlüklərindən faydalanaraq əldə olunan mallar dünyanın dörd bir tərəfindəki bazarlara nüfuz edib. Bu cür oyuncaqların sağlamlığa zərərli olduğu üçün milyonlarlası ABŞ-da satışdan çıxarılıb, Türkiyədə isə 768 məhsulun təhlükə ehtiva etdiyi bildirilib. ABŞ-da məktəbəqədər uşaqlar üçün nəzərdə tutulan 967 min oyuncağın üzərinə vurulmuş boyada toksiki maddələr aşkar edilib.
Avropa Birliyi Komissiyası bu cür oyuncaqların potensial olaraq ölüm təhlükəsi saçdığından bəhs edib. Amerika oyuncaq şirkəti Mattel milyonlarla oyuncağı bazardan çıxarmış, komissiya istehsalçılar və səlahiyyətliləri daha oyanıq olmağa dəvət etmişdir. ABŞ-ın oyuncaq nəhəngi Mattel, uşaq sağlamlığına ciddi təhdid meydana gətirdiyi üçün 18 milyon oyuncağı da satışdan yığışdırıb.
Şirkətin saytına daxil olduqda görürük ki, firma yenə də bir çox oyuncağı satışdan yığmağa hazırlaşır. Oyuncaqların boyasında həddindən artıq dərəcədə qurğuşuna rast gəlinməsi və məhsulların bəzilərində maqnitlərin asanca çıxa biləcək halda olması firmanın bu cür addım atmasına səbəb olmuşdur. Bu isə uşaqlar üçün ciddi təhlükə saçır.
Bəzi ölkələrin istehsal etdiyi bütün oyuncaqlar keyfiyyətsiz deyil, lakin görünür bəzi ölkələrə ixrac kəmiyyəti keyfiyyətdən daha çox ön planda olur. Kəmiyyət amili isə heç vaxt keyfiyyətdən üstün ola bilməz. Kəmiyyət amili ixrac dəyərinin artımı baxımından məhsulu istehsal və ixrac edən ölkəyə yüksək mənfəət gətirərkən, o keyfiyyətsiz məhsulu idxal edən ölkəyə küllü miqdarda zərər dəyir.
Uşaq oyuncaqlarının alınmasında valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Onlar bu məsələdə diqqətli olmalıdırlar.
Nərgiz İsmayılova