Naxçıvanın dialekt və şivələrindən bəhs edən monoqrafiyalar işıq üzü görüb - FOTOLAR

A- A A+

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, Bölmədə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyevanın “Naxçıvan dialekt və şivələrinin leksikası” və həmin şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Ortaq türk mədəniyyətində Naxçıvan dialekt və şivələri” adlı monoqrafiyaların təqdimatı olub.

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev qeyd edib ki, “Naxçıvan dialekt və şivələrinin leksikası” adlı monoqrafiya Türkiyənin “Gecə Akademi” nəşriyyatında, “Ortaq türk mədəniyyətində Naxçıvan dialekt və şivələri” adlı monoqrafiya isə Almaniyanın “Lambert Academic Publishing” nəşriyyatındaçap edilib.

Digər çıxış edənlər bildirib ki, Naxçıvan dialekt və şivələrinin leksikasına həsr olunmuş kitabda Naxçıvan dialekt və şivələrində işlənən və türk dillərinin bir çoxu üçün ortaq olan leksik vahidlər müqayisəli tədqiq edilib. Naxçıvan ərazisinin müxtəlif rayonlarından toplanılan dialektoloji materiallar, Naxçıvan dialekt və şivələrinə xas olan atalar sözləri də müqayisəli linqvistik tədqiqata cəlb olunub. Burada işlənən atalar sözlərinin digər türk dillərində, eyni zamanda qədim lüğətlərdə mövcudluğu bir daha dilimizin qədimliyini göstərir.

Diqqətə çatdırılıb ki, “Ortaq türk mədəniyyətində Naxçıvan dialekt və şivələri” adlı monoqrafiyada isə zəngin dialektoloji materiallar əsasında Naxçıvan və Doğu Anadolu dialektlərinin ortaq türk mədəniyyətində rolu araşdırılır və faktlarla sübuta yetirilir. Naxçıvan dialekt və şivələrindəki terminlərin müqayisəli tədqiqi göstərir ki, qədim dil elementləri ən çox bu ərazidə qorunub saxlanılıb. Vəsait Azərbaycan dilinin dialektologiyası, ədəbi dilimizin tarixi, lüğətçiliyimiz, şifahi söz sənətimiz, bütünlükdə xalqımızın etnoqrafiyası və tarixi üçün faydalıdır.

Sonda müəlliflər monoqrafiyaların ərsəyə gəlməsində, dilçiliklə bağlı materialların toplanılmasında Naxçıvan ərazisində təşkil edilən ekspedisiyaların rolunu vurğulayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: