Palıd ucalıq, güc və dəyanət rəmzidir - FOTOLAR

A- A A+

Palıd ağacı nəhəng gövdəsi, böyük qol budağı, şaxələnmiş tilifli yarpağı, qəhvəyi parlaq qozaları ilə digər ağaclardan fərqlənən bir ağacdır. Bu nəhəng ağac özünün  əzəmətli formasına uzun illərdən sonra qovuşur. Ağac uzunömürlüdür , 500 ilə qədər yaşayır. Təkəmseyrək şəkildə çox nadir hallarda inkişaf edir. Palıd ağacı əsasən meşələrdə ağacların sıx olduğu yerlərdə bitir. Şam ağaclarının yaratdığı meşələr kimi palıd meşələri də kənardan füsunkar, yaxından isə bir az təhlükəli görünür.

Palıd ağacının çətirə bənzəyən budaqları gövdədən xeyli aralıda olduğundan ağacın gövdədən, budağa olan hissəsi 4-5 metrə çatır. Palıd meşələrində ağaclar bir-birlərinə çox yaxın bitir, məhz elə buna görə də yuxarı, günəşə doğru yüksələn gövdələrin əksəriyyəti yöndəmsiz, əyri və donqar formada olur. Meşənin sıxlığı rütubəti və nəmişliyi özündə saxladığından palıd meşələrindən ətrafa həmişə xoş rayihə yayılır.

Palıd ağacının da özünəməxsus qoxsu olur. Onun da qatranı çəkilir və  qatranından həm türkəçarədə, həm də məişətdə istifadə edilir.

Qədimdə palıdın qozaları və qabığı, həmçinin yarpaqları da türkəçarədə istifadə olunduğundan bu ağacı xeyirxahlıq simvolu kimi qəbul edirdilər.

Ağacın oduncağı çox möhkəm olur və ağac emalında onu başqa ağacla əvəz etmək mümkün deyil. Palıdın qozaları budaqlarda, sıx yarpaqların arasında əmələ gəlir, payız fəslində tökülür. Yazda çürümüş yarpaqların altında bəzən onlarla körpə palıd fidanı cücərib boy atır. Amma günəş şüaları bu balaca fidanların çoxuna bərabər çatmadığına görə kölgədə olanların əksəriyyəti məhv olur.

Ölkəmizin yaşıllıq baxımından bəxti gətirib. Dağlıq və dağətəyi rayonlarda geniş meşə zolaqları uzanır. Bu meşələr sıx olduğuna görə hətta bir çox vəhşi heyvanın sığınacağına da çevrilir.

Naxçıvan Muxtar Respublikasının ən böyük meşə massivi Şahbuz rayonunda, Zəngəzur dağlarının ətəklərində Batabat ərazisindədir. Batabat meşələri əsasən palıd ağaclarından formalaşıb, ətrafını isə alp və subalp çəmənləri əhatə edib.

Nəmişliyi və rütubəti sevən palıd ağacının Azərbaycanda 12 növü bitir. Qədim dövrlərdə olduğu kimi bu gün də palıd ağacının qabığından, yarpaqlarından və qozalarından bəzi xəstəliklərinin  müalicəsində istifadə edirlər.

1311-ci ildə Yusif İbn İsmayıl Xoye adlı azərbaycanlı təbib palıd qozasından xüsusi məlhəmlər hazırlayırmış. Hətta İbn Sina qeyd edirmiş ki, palıd qozalarının keçi piyi və duzlu donuz piyi ilə qarışığı bədəndəki bərk şişlərin müalicəsində əvəzolunmazdır. İbn Sina palıd qozasının külündən  irinli yaraları müalicə edərkən  istifadə edirmiş.

Orta əsr Tibet təbabətində, Hindistanın və Seylonun ənənəvi təbabətində Asiyadan gətirilən Luzitan palıdının qabığından, qozasından və fırlarından məlhəmlər hazırlayırmışlar. Müasir tibdə də palıdın qabığından və qozalarından geniş istifadə olunur. Qışda palıdın qabığı qoparılır və ondan qarqara etmək üçün məhlul hazırlanır. Palıdın qabığı 10%-li sulu həlim formasında, bəzən isə zəylə qarışdırılır və qanaxma verən damaqların müalicəsində, həmçinin və başqa iltihablı proseslər zamanı ağız boşluğunun qarqarasında istifadə edilir. Palıd kökünün həlimi mədə-bağırsaq xəstəliklərində büzüşdürücü və antiseptik vasitə kimi, həmçinin ağır metalların duzundan və başqa zəhərlərdən zəhərlənmə hallarında imalə kimi istifadə edilir. Kökünün həlimindən yanıqlarda, əl və ayaq tərləməsində istifadə olunur. Qozalarının sulu ekstraktı şəkərazaldıcı keyfiyyətə malikdir və yüngül formada olan şəkər xəstəliyinə qarşı əhəmiyyətlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: