Qədim yurd yerlərimiz: Xələc

A- A A+

Adları hazırda yaşayış yerlərində əbədiləşən etnonimlərdən biri Xələcdir. Xələc kənd adları qədim oğuzların Xalac tayfasının adını özündə yaşadır.

Xalac/Xələc sözünün etimologiyası haqqında qədim qaynaqlarda xeyli maraqlı məlumatlar var. Bu barədə ilk məlumat verən Mahmud Kaşğaridir. O, “Divanü lüğət-it türk” əsərində göstərir ki, türkmən oğuzlardır. Bunlara türkmən deyilməsində bir hekayət vardır. Zülqərneyn (İsgəndər-A.İ) Türk ölkəsinə gəldiyi sıralarda  türklərin çox qüvvətli, böyük  ordusu və Şu adında gənc xaqanları vardı... Zülqərneynin Xocand suyunu keçərək gəldiyini Xaqana  xəbər verirlər. Xaqan həmən davulları çaldıraraq Doğuya doğru gedir... Xaqan  ordusu ilə gəldikdən sonra orada uşaqları ilə 22 kişi qalmışdı. Bunlar kınık, salğur və başqaları idi. Bu 22 kişi  çıxıb getmək, yaxud orada qalmaq haqqında danışdıqları vaxt 2 kişi yanlarında  uşaqları gəlib onlara qoşuldular. Bu ikilər deyirlər ki: “Zülqərneyn deyilən adam bir yolçudur. Bir yerdə durmaz, buradan da keçib gedər. Biz də öz yerimizdə qalırız”. İyirmi ikilər onlara türkcə “kal aç” deyirlər ki, “ac qal” deməkdir. Sonradan bunlara “Xalaç” deyilmişdir. Zülqərneyn gəlib bunları saçlı və üzərində türk bəlgələri olduğunu görüncə  “Türkmanənd”- demiş ki, bu da “Türkə bənzər” deməkdir. Bu  ad  onlarda bu günə qədər qalmışdır.

M. Kaşğarinin  “Divanü lüğət-it türk”  əsərini türkcəyə  çevirən Besim Atalay İsgəndərin  dediyi  “Türkmanənd”  sözünün düzgün oxunmadığı qənaətinə  gələrək,  həmin  sözün  mənasının  “türkə bənzər”  yox, “türkməndirlər”  şəklində olduğunu israr edir.

 “Şu (Şaka)”  dastanında da Xələc/Xalac sözünün etimologiyasına toxunulub. Dastanda göstərilir  ki, Şu bir Şaka türk hökmdarıdır. Miladdan öncə IV əsrdə hökm  sürmüşdür. Şu və ordusu  gecələyən yerə  hərəkət etdiyi  zaman 22 kişi minik tapmadığı üçün olduqları yerdə ailələri ilə birlikdə qalmışlar. Bunların arasında kınık, yiva, eymur  və başqaları vardı. 22 kişi “Qalalımmı, yaxud gedəlimmi?”- deyə düşünərkən yanlarına 2 kişi də gəldi  və  beləliklə, 24 kişi (ailə) oldular. Bunlar uzaqdan gəlirdilər. Əşyalarını bellərində daşıdıqlarına görə yorğun idilər. Qalıb, qalmamaq danışığını onlara da danışdılar. İsgəndər gələrsə, buradan keçəcəyi, amma özlərinin yurdlarında qalacaqları fikri əsas  götürüldü. 22-lər yeni  gələnlərə. “Qalas”- dedilər. Bu “Qalın, gözləyin”  mənasında bir söz idi. Bundan sonra onlara “Qalas” deyildi.

F. Rəşidəddin isə Xələc/Xalac sözünün izahı haqqında belə bir hadisəni qələmə alıb. Oğuz yaylanmaq üçün Dəmavəndə (Dəmavənd dağı Tehranın şimal-şərqindədir.) yollandı. Hamilə olmuş yaşlı bir qadın yolda bir oğlan uşağı doğmuşdu. Ancaq yeməyə heç nə olmadığından ac qalmışdı. İki-üç gündən sonra təsadüfən bir çaqqal gördülər. Ağzında ovladığı qırqovulu aparırdı. Qadının əri çaqqala bir dəyənək vurdu, o da qırqovulu ağzından buraxıb qaçdı. Kişi onu alıb bişirdi, güclənib körpəni əmizdirə bilsin deyə qadına verdi. Bir neçə gündən sonra onlar Oğuza çatdılar. Kişi Oğuzun hüzuruna gəlincə xaqan soruşdu: “Hardaydın, niyə yolda geri qaldın?”. Kişi qadının yolda doğduğunu və buna görə də geri qaldığını söylədi. Lakin onun sözündən razı qalmadı və acıqlayıb dedi: “Qadının doğacaq deyə yolda ordudan geri qalmaq olurmu?”. Ona türkcə “Qal ac”,- dedi. Bu sözün mənası “ey qadın, elə ac da qal” deməkdir. Oğuz ona belə deyəndən  o,  orada  qalmışdır. Vaxtı ilə bu ad Xalac kimi dilə yatmış və bu baxımdan Xalac qəbiləsindən olanlar  bu kəsin övladları və törəmələridir.

M. Vəlili  (Baharlı)  yazır ki, Xalac tayfası  çox  qədimdən  Xorasan  və İranda  yaşayan  əski  türk qövmlərindəndir. Onların adları  xüsusunda   Əbülqazi  Bahadır xan  aşağıdakı  misalı  nəql  edir...  Oğuz  xan  İrana səfər  edərkən, əsgərlərdən biri geri qalır, çünki yük  heyvanı  olmur  və qadını da ikicanlı olur. Həmin əsgəri xaqanın hüzuruna gətirirlər. Xaqan geridə qalmağın səbəbini öyrənir  və  bilir ki, onun qarısı (qadını)  bir  cocuq doğmuş ki, ac  anasında süd  olmadığından dolayı, acından əziyyət çəkməkdədir. Oğuz xan əsgəri xidmətdən azad  etmiş, əlavə  olaraq ona mal  və  azuqə bağışlamışdır  və cocuğu da “Qal-ac”- deyə adlandırmışdır. Qalac və ya Xalac (Xəlic, Qəlic, Xaliç)  qəbiləsi  haman  Qalac  cocuğunun övladlarıdır.

M. Vəlili (Baharlı)  Nəcib  Asimə  əsaslanaraq  qeyd edir ki, “qalac”  əski  türklərdə  ayrı-ayrı  yazılırdı: qal-ac. Ona görə də bu sözün əsil mənasını təyin etmək çətindir. Onun dediyinə  görə  türkcə “Kalıc” sözünün  tərcüməsidir.

 İ. Cəfərsoylu Xələc sözünün etimologiyası haqqında belə fikir söyləyir: “Hunların, türklərin, ondan da qabaq sakaların yol tanrısı olması gerçəkliyə uyğundur. Çünki  hərbçi və köçəri ərvahlarımız yolda, at üstündə doğulur, at üstündə ölürdülər. Türklərin hər bir uğuru torpaqla, oturaqlıqla yox, yolla bağlıdır. Türk yaşamaq, daha doğrusu, ağalıq etmək üçün torpağa əyilmirdi, yola çıxırdı. Ona görə də Oğuz xan yolda, döyüşdə ölən əsgərlərinin oğlanlarını oğulluğa götürür, yolda qalanlara qal ac “kalac” deyirdi”.

N. Nəbiyev Xələc oykoniminin qədim türk tayfası xələcin adını daşıdığını qeyd etməklə yanaşı, bu sözün etimologiyası haqqında fərqli mülahizələrin olduğuna da toxunaraq yazır. “Belə bir fikir də var ki, Xələc qədimdə mövcud olan Xeyvən su quyusunun adı ilə bağlıdır. “Quruca”, “Sısqa” deməkdir”.

Tədqiqatçılar Xələc yer adının izahında  həmfikirdirlər, bu adın Oğuzların Xalac tayfasının adından yarandığını təsdiq edirlər. Bir sıra elmi mənbələrə istinad edən professor T. Əhmədov Xələc haqqında daha ətraflı məlumat verib. O yazır ki, Xələc oğuzların Xalac tayfasının adı ilə bağlıdır. Ərəb coğrafiyaşünaslarının fikrincə, Xələclər çox-çox əvvəllər Amudəryanı keçərək Əfqanıstanın cənub ərazilərində  yaşamış, bir hissəsi İrana keçərək fars, bəziləri isə türkmən dilində danışmağa başlamışlar. Xələc tayfasının İranda yerləşdiyi ərazi onların adı ilə əlaqədar Tehranın qərb, Savanın şimal hissəsi Xələcistan adlanıb. Görünür, Xələclərin Azərbaycanda təşəkkülü həmin dövrdə olub.

M. Vəlili (Baharlı) Xələclərin Azərbaycana gəlişini IX əsrə aid edir: “826 və 836-cı illərdə Qafqaziya və İran Azərbaycanlarında ərəblərə qarşı üsyan başlandığı zaman ərəblər bu üsyanları yatıra bilməyib, Amudərya tərəfdən olan türkləri dəvət etdilər. Bu türklər üsyanları yatırdıqdan sonra hər iki Azərbaycanı işğal etdilər. Bu zamandan başlayaraq türklər buraya axışıb gəlməyə başladılar. Bunlardan kəngərli, cavanşirli, xalac, türkmən, səlcuq və qayılar, həmçinin moğollar, cığataylar və qeyrilərini göstərmək olar”.

“Bu etnooykonimin yayılma  arealı  daha zəngindir. Avropa və Asiya ərazilərində yaşayan, orta əsr qəhrəman türk tayfalarından olan Xələcləri yaşadan əsas faktorlardan biri onomastik vahidlərdir”,- deyən professor N. Əsgərov bu barədə  “Areal türk onomastik vahidlərinin linqvistik xüsusiyyətləri” (Bakı, 2005) kitabında ətraflı məlumat verib. Hazırda, Şərur rayonundan başqa, Azərbaycan Respublikasının Xızı, Qubadlı, Salyan, Ucar  rayonlarında  da Xələc kənd adları, Şabran (Dəvəçi)  rayonunda Xələc çay adı vardır. Oğuz-Səlcuq tayfa birliyində özlərinə məxsus mövqeyi olan Xələclərin adı etnooykonimlərdə yaşamaqdadır.

                                                                   Akif İmanlı

                           Naxçıvan Müəllimlər İnstitutunun professoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: