Müasir və rahat yol hər bir yerin inkişafının ilk göstəricisidir. Üz tutduğumuz məkana bu təəssüratla gedirdik. Çadırdaşın ətəyində, Toğluqayanın, Səngərtəpənin, Motalqayanın qoynunda məskunlaşan, Şahbulağı ilə öyünən dağ kəndi Nursuya.
Kənddə ilk qarşılaşdığımız quruculuq ünvanları oldu. Muxtar respublikada ucqar dağ kəndlərinin müasirləşməsi istiqamətində həyata keçirilən tədbirlər Nursunun da inkişafına, yeniləşməsinə, müasirləşməsinə səbəb olub. 2014-cü ildə asfalt yolun salınması, ikimərtəbəli məktəb binasının, xidmət mərkəzinin, həkim ambulatoriyasının tikilərək istifadəyə verilməsi nursuluların arzusunu gerçəkləşdirib.
Kənddə yaradılan şərait, müasir təhsil ocağı, həmçinin nursuluların səmimiliyi Nursuya gəlib dərs deyən gənc müəllimləri də bu ocağa bağlayıb. Babək rayonunun Cəhri kəndindən gəlib burda işləyən Təbriz Sultanov deyir ki, uşaqlıqdan ucqar dağ kəndində dərs demək böyük arzum olub. 2016-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirdikdən sonra təyinatla bu kəndi seçdiyimdən çox razıyam. Həmişəlik Nursuda qalıb işləməyi düşünürəm.
Cəmiyyəti inkişaf etdirən onun ziyalıları, elm adamlarıdır. Nursulular fəxr edirlər ki, kəndin adı Məmməd Arazın yaradıcılığından dünyaya boylanıb. Qürur duyurlar ki, görkəmli şairin yolunun davamçıları çoxdur və bu gün təhsilə göstərilən qayğı bu uğuru daha da artırıb. Bunları da təqaüdçü müəllim Rizvan Bağırov deyir ki, Məmməd Araz həm də bu kənddə ziyalıların yetirilməsində böyük rol oynayıb. Yadımdadır babam həmişə bizə deyərdi ki, siz də yaxşı oxuyun ki, onun kimi alim olasınız, şair olasınız. İndi təqribən ondan artıq professor, elmlər namizədi var ailəmizdə. Mənim dərs dediyim uşaqların içərisində elmlər doktoru, elmlər namizədi var ki, onlarla fəxr edirəm. Ümumiyyətlə, kənddə elə bir ailə yoxdur ki, orda bir iki ali təhsilli olmasın.
Bəli, dahi şairin nisgillə təsvir etdiyi:
Kəndim balacasan, çox balacasan
Adın yox dünyanın xəritəsində,
Atılıb qalmısan gözlərdən uzaq
Çaylı, baldırğanlı dağ dərəsində, -dediyi Nursudan artıq əsər-əlamət yoxdur. Bu gün müasir kənddə yaşayan gənclər təhsilə daha böyük maraq göstərirlər.
Saya gəlməz ziyalısı, alimi
Geoloqu, mühəndisi, həkimi.
Oğlu, qızı öz dövrünün xadimi
Hər sənətdə nidası var Nursumun,
Dünya boyda sədası var Nursumun- deyən Əbülfət Zeynaloğlu Məmməd Arazın arzularının gerçəkləşdiyini dilə gətirir.
Kəndin ən mənzərəli yerində Məmməd Arazın ev-muzeyinin yaradılması “Vətən mənə oğul desə, nə dərdim, mamır olub, qayasında bitərdim”, -deyən vətənpərvər şairin şəxsiyyətinə, yaradıcılığına verilən ən böyük qiymətdir. Şairin qardaşı oğlu Elvin İbrahimov deyir ki, bu gün nəinki muxtar respublikanın, dünyanın bir çox yerindən muzeyə gəlib şairin həyat yolu, həmçinin onun kəndi ilə maraqla tanış olurlar.
Təbii ki, kəndi tanıdan elm adamları, ziyalılarıdırsa, kəndi yaşadanısa təsərrüfatla məşğul olan zəhmət adamlarıdır. Nursunun zəhmət adamları bu gün onlara göstərilən qayğı sayəsində torpağa daha çox bağlanıblar. Bunu taxılı yığılıb şumlanmış əkin sahələri, boy-boya vermiş cəviz ağacları, meyvə bağları, tərəvəz ləkləri deyir...
Bəli, Nursuda bir gün qonaq olduq. Səmimi insanların söhbətindən doymadıq. Xınalı daşlardan, yalçın qayalardan, yemişanından, həmərsünündən qəlbimizə bəxş edilən xoş ovqatla ayrıldıq kənddən. Payız fəslinə boy əyməyən, yaşıllığı hələ də göz oxşayan, tarixi yurd yerimizdən, müasir yaşayış məntəqəsindən….
Hafizə Əliyeva
Naxçıvan Televiziyasının əməkdaşı