Şadanın şad günləri  - FOTOLAR

A- A A+

Şahbuz  rayonunun son vaxtlar öz simasını necə dəyişməsi, burada aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri hər bir rayon sakininin qəlbini qürurlandırır.  Dağlıq rayon sözün əsl mənasında, özünün intibah dövrünü yaşayır. Əvvəlki illərdən fərqli olaraq, adamlar torpaqdan daha səmərəli istifadə etməyə başlayıblar. Çünki rayonda onlara lazımi şərait yaradılır, su, texnika  problemləri həll olunur, hərtərəfli dəstək göstərilir. Daha bir vacib amil isə rayonun hətta ən ucqar dağ kəndində belə insanların rahat yaşayışı üçün  gözəl həyat şəraitinin yaradılmasıdır. 
Sabitlik, əmin-amanlıq olmasa, sərhədlərimiz göz bəbəyi kimi qorunmasa, təbii ki, bu işləri də görmək mümkün deyil. Rayonun Ermənistanla 5 kilometr sərhədi olan  Şada  kəndində vəziyyəti öyrənmək üçün düşmənlə üzbəüz dayanan yurd yerinə yollandıq və təəssüratımızı sizinlə də bölüşürük.

Sərhəd kəndinə ilk dəfə yolum düşürdü, qəribə hisslər keçirirdim. Çünki sərhəd kəndində yaşamağın özü bir igidlikdir. Şada kəndinə gedən yol Badamlı qəsəbəsi və Badamlı kəndindən keçir. İlan kimi qıvrılan rahat yollar  bizi ucqar Şada kəndinə aparır. Dağların, təpələrin üzərindən qaz xətləri  keçir, elektrik dirəkləri ucalır, gözəl bağlar salınıb.  

Rayon mərkəzindən 27 kilometr aralıda yerləşən Şada kəndinə çatırıq. Dağların üzərində erməni postları açıq-aydın görünür. Amma heç kim onlardan çəkinmir, çünki onlarla üz-üzə daha möhkəm olan müdafiə mövqelərimiz var, ordumuz kənd əhalisinin, sərhədlərimizin keşiyini çəkir. İlk olaraq Sərhəd məntəqəsində xidmət edən əsgər və zabitlərimizlə görüşdük. Vətənin hər qarış torpağı bizə əzizdir- deyən leytenant Elşad Qocayev Şada kimi sərhəd bir kənddə xidmət etməsi və yaşamağından qürur duyduğunu bildirdi. Sərhədlərimizin etibarlı müdafiəsini aparırıq. Burada xidmət edən zabit ailələrinin yaxşı yaşaması üçün  gözəl şəhərcik salınıb, onlar hər cür şəraitlə təmin olunan mənzillərdə yaşayaraq muxtar respublikadakı sabitliyi, inkişafı, birliyi hiss edirlər. 

Bir vaxtlar düşmənlərin xain həmlələrinə tuş gəlsə də, dəfələrlə atəşlərə məruz qalsa da ordumuzun bölmələri tərəfindən bu kənd mərdliklə qorunur, kənd əhalisi doğma yurd-yuvasını tərk etmir, Şadada həyat öz axarı ilə gedir. Sakinlər taxılçılıq, heyvandarlıq, arıçılıq və bağçılıqla məşğuldur. 76 yaşlı Əli Həsənov şəhərin erkən saatlarında həyətyanı sahəsindəki bağ-bağçasının qayğısını çəkirdi. Bizi görən kimi yaxınlaşıb xoşhal olduğunu bildirdi və dedi ki digər yaşayış məntəqələrimiz kimi, bu kəndin müdafiəsi, əhalinin təhlükəsizliyinin təmin edilməsi, eləcə də sosial problemlərinin həlli daim diqqət mərkəzindədir.

Şahbuz rayonunun ən qədim sərhəd yaşayış məntəqələrindən biri olan Şada çox balaca kənddir. Burada cəmi 83 ev var. Kənd dəniz səviyyəsindən 2000 metrə qədər hündürlükdə olan dağların arasında yerləşir. Təbiəti, coğrafi mövqeyi, təmiz havası, suyu, dərman bitkiləri olan Şada kəndi əsl yaşamalı kənddir. Türk mənşəli toponim olan Şada sözü “şad, xürrəm yaşayan insanların yurd yeri” mənasını verir. Vaxtilə kənddən 200m aralıda yerləşən qədim yaşayış yeri isə onun tarixinə işıq tutur. 

Bu dağlar ən qədim zamanlardan bəri, ətirli və vitaminli yeməli otları  və  yabanı meyvələri ilə insanları yedizdirib doyuzdurub.

Bu gün də kənd sakinləri buğda, arpa, kartof və digər kənd təsərrüfatı məhsulları əkib becərir. Payızın bu qayğılı günlərində isə bağların alma, armud, cəvizi toplanılır. Bu işlərlə məşğul olan Abbasovlar ailəsi də təsərrüfatlarından yaxşı qazanc əldə edən ailə təsərrüfatçılarıdır.   

Şadanın dağlarında bitən yemişandan, itburnudan  doşab, mürəbbə, kompot hazırlayıb bazarlara çıxaran ailə rahat yaşayıb təsərrüfatla məşğul olur.

Sərhəd kəndi ağır günlər görüb. Vaxt olub ki, ermənilər fürsət tapıb kəndi topa tutublar. Amma onlara layiqli cavab verilib. Kənd cavanlarının, könüllü döyüşçü dəstələrinin köməyi ilə Şada qorunub və qorunur, sakinlər rahat yaşayaraq təsərrüfatlarını böyüdür. Ərazi dağlıq olduğu üçün arıçılıq və heyvandarlıq burada daha yaxşı səmərə verir.  

– Bilirsiniz, ac da qalmaq olar, işıqsız, yanacaqsız da, amma laqeydliyi hiss edib yaşamaq çox çətin olar, – deyən kənd ziyalısı Kamil Xudaverdiyev bildirdi ki biz dövlətin qayğısını hər zaman hiss etmişik. Şadanın sakinləri fədakar insanlardır. Düşmənlə qarşı-qarşıya dayansalar da, heç nədən çəkinmirlər. Kənddən köçüb gedən yoxdur, əksinə gələn var. Şada kəndi ucqar kənd olduğuna görə, birbaşa mənfur Ermənistanla sərhəddə yerləşdiyinə görə bu kəndə xüsusi qayğı var. Biz bu kənddə yaşamaqla sərhədlərimizi qoruyuruq, kəndimizin varlığını qoruyuruq, onun adını yaşadırıq. 

Sərhəd kəndlərimizdəki təhsil ocaqları da xüsusi diqqət və qayğı ilə əhatə olunub. Şada kənd məktəbində də şagirdlərin yaxşı təhsil alması üçün hər cür şərait var. Bu səbəbdəndir ki, bu gün gənc müəllimlərin əksəriyyəti dərs demək üçün sərhəd kəndlərinin məktəblərini seçir. Naxçıvan şəhərində yaşayan gənc müəllim Ayxan Mehdiyev də həyat yoldaşı Xəyalə Mehdiyeva ilə birlikdə  pedoqoji fəaliyyət üçün Şada kənd tam orta məktəbini seçdikləri üçün qürur duyurlar və əllərindən gələni edirlər ki Sərhəd kəndinin məktəbində təhsil alan şagirdlər də gələcəyin həkimi, müəllimi ,hərbiçisi olsunlar.

Sərhəd kəndində yaşayan şagirdlərə dərs demək ən böyük arzum idi deyən və gənc müəllim Gülşad Ağayeva bu il müəllimlərin işə qəbulu üzrə keçirilən test imtahanında yüksək nəticə göstərərək  pedoqoji fəaliyyətinə bu məktəbdə başlayıb. “Yol uzaq olsa da peşəni sevən insan üçün bu çətin deyil. Gənc müəllimlər üçün yaradılan şərait, yüksək əməkhaqqı, müəllim əməyinə verilən qiymət  bu peşəni bizə daha da sevdirir”. 

Qanlı qadalı günləri də görən Şada kəndi bu gün şad günlərini yaşayır və düşmənlə sərhəddə ,dağların əhatəsində məğrur dayanıb.

Füsunkar təbiəti, təmiz havası və suyu qədər insanları da, saf qəlbli, qonaqpərvər,öz vətəninə, elinə, obasına bağlı, məğrur insanlardır. Onlar Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və yenilməz Azərbaycan ordusunun cəsarəti nəticəsində işğal altında olan bütün torpaqlarımızın düşmən taptağından azad olunacağı günün çox yaxında olduğuna əmindirlər.  Qüdrətli ordumuzun Lələtəpə və Günnüt zəfərində qazandığı qələbə  onlarda bu inamı yaradıb. 

Türkanə Əmoyeva 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: