Tariximiz olan əşyalar - FOTOLAR

A- A A+

İnsanlar yarandığı gündən yaşamaq üçün müxtəlif əşyalardan istifadə etməyə başlamışlar. Bu alət və əşyaların bəziləri təbiətdə hazır vəziyyətdə olmuş, bəzilərini isə düşünüb yaratmışlar. Belə ki, daş alətlər, obsidianlar (dəvəgözü), çaxmaqdaşları insanların ilk istifadə etdiyi alətlərdir. Təxminən 9 min il əvvəl Neolit dövründə keramika istehsalı (bu dövr keramika inqilabı adlanır) insanların həyatında mühüm irəliləyişə səbəb oldu. Xörək bişirmək, maye halında olan məhsulların saxlanılması, daşınması üçün imkan yarandı. Bəziləri məişətimizdə bu gün də istifadə edilən, bəziləri isə texnoloji yeniliklərlə bağlı unudulan alətlər xalqımızın min illik tarixi və sərvətidir. Bu yazıda onların bir neçəsini təqdim edirik.

Aşsüzən – Məişətimizdə bu gün də işlənən əşyalardan biri aşsüzəndir. Maraqlıdır ki, bu əşyanın yaranma tarixi 7-8 min ildən artıqdır. Eneolit dövrünə aid “Şorsu təpəsi”, “Zirincli” abidələrində keramikadan, “Qələmə bulaq”da isə yumşaq daşdan hazırlanmış aşsüzən qırıqları aşkarlanıb.. Forma və ölçüsünü təyin edə bilməsək də insanların məişətdə hələ o zamandan  aşsüzəndən istifadə etdiyi məlum olur.

Teşi – Qədim alətlərdən biri də teşidir. Müasir dövrdə də istifadə olunan, formasına görə bir-birindən fərqlənən bu əşyalardan da hələ Eneolit dövründə istifadə edilib. İlk teşilər daşdan, saxsıdan, iribuynuzlu heyvanların çanağında olan oynaq sümüyündən hazırlanır və istifadə edilirdi. Eneolit dövrünə aid Zirincli abidəsində keramikadan, Orta Tunc dövrünə aid “Qara təpə” abidəsində isə heyvanın oynaq sümüyündən, Dəmir dövrünə aid “Bəydilli sarıları”nda, Antik dövrə aid “Nuvars” yaşayış yerində daşdan düzəldilmiş teşilər aşkarlanıb. Son dövrlərdə istifadə edilən teşilər əsasən ağacdan düzəldilirdi.

Mərəndi – İnsanların çox qədim zamanlardan istifadə etdikləri alətlərdən biri də oraqdır. Məişətdə  ilk istifadə edilən “oraq dişləri” çaxmaqdaşından düzəldilirdi. 6-8 sm uzunluğunda olan çaxmaq daşlarının hər iki tərəfi itilənir. Düz bölünmüş ağacın arasına bir neçə ədəd bıçaqlardan yerləşdirilir. Ağac öz qabığı və  ya qurudulmuş bağırsaqla sıxılıb bərkidilirdi. Dəmirin kəşfindən sonra əcdadlarımız metaldan müxtəlif formalı oraqlar düzəltməyə başladılar. Kombayn ixtira olunana qədər taxıl biçmək üçün istifadə olunan oraqlar digərlərindən fərqlənirdi. Aypara şəklində olan bu oraqlar “mərəndi” adlanırdı. Xalq arasında məcazi mənada işlədilən “Axırda gələcəksən mərəndə”  məsəli də bu alətlə bağlıdır.

Doğanaq – Bu alət qoşqu heyvanlarında yük vurulan zaman istifadə edilir. Hər qolu 12-15 sm-ə yaxın haça ağacdır. Qolların biri yonulub sivriləşdirilir. Digər qolda isə kəndir üçün yer açılır ki, bağlanan zaman sürüşüb çıxmasın. Örkənin (uzun toxunmuş kəndir) bir ucu doğanağa bağlanır. Yük vuran zaman örkən dolanaraq doğanaqdan keçirilir. Doğanaq olmasa həmin yerdə düyün vurulmalıdır ki, bu da yükü açan zaman çətinlik törədir. Yükün miqdarından asılı olaraq örkən bir və ya bir neçə dəfə doğanaqdan keçirilir. Ona görə də “örkən nə qədər uzun olsa gəlib doğanaqdan keçəcək” məsəli yaranmışdır.

Mərkiz (Kərdivar) – Bu alət bellənmiş sahədə tum düzəltmək üçün istifadə edilir. 40-50 sm  (bəzən 60-70 sm) enində, 20-25 sm hündürlüyündə beldir. Normal bellərdə olduğu kimi sap (dəstək) salmağa yeri var. İçəridən belin hər iki tərəfinə dəmir halqalar düzəldilir. Həmin halqalara kəndir bağlanır. Alətlə iki nəfər işləyir. Biri dəstəkdən, digəri isə kəndirdən tutub torpağı tuma komalayırlar. Ağır iş olduğu üçün xalq arasında “Ayını mərkiz qaçırdı” məsəli yaranmışdır.

Muğam (Muğan)– Qədim alətlərimizdən biridir. Ola bilsin ki, Naxçıvan bölgəsi üçün dialekt sözdür. 4 cildlik “Azərbaycan dilinin izahlı lüğəti”ndə bu söz yoxdur.

Muğam 40-50 sm uzunluğunda, 20-30 sm enində adi taxdadır. Taxtanın ortasından sap keçirmək üçün deşik açılır. Taxtanın künclərindən sapa əlavə ensiz taxta mıxlanır ki, möhkəm olsun. Bu taxtalara dən-dənə deyilir. Alətdən əsasən qar kürəmək üçün istifadə edilir. Lakin xırmanda taxılı yaymaq, bir yerə toplamaq üçün də istifadə edilirdi. Qışda kürənən  qalın qar taxtanın üzərindən axıb tökülməsin deyə, üzərinə dəri çəkilir. Bəzən bu dərini nazik taxta ilə də əvəz edirlər.

Dəc – Topa halında olan arpaya, buğdaya və sair toxunulmasın deyə, onu nişanlamaq üçün taxtadan hazırlanmış iri möhürdür (nişandır). Xırmanlarda taxılı axşamlar dəcləyib gözətçiyə təhvil verərdilər.

Taxılı yaxşı döysün deyə, vəlin (bəzi yerlərdə buna “gəm” də deyirdilər) altına vurulan xırda çaxmaq daşları və ya dəmir parçalarına da dəclər deyirdilər.

Nal – Qoşqu və minik heyvanlarının ayağının altına vurulan dəmirdir. Daşlı-çınqıllı yollarda heyvanların dırnaqları  yeyilir. Maya adlanan hissə ağardığı üçün heyvanlar çətinliklə yeriyir. Bu zaman “heyvan daşırqayıb”  deyirlər. İnsanlar keçmişdə minik və qoşqu üçün geniş istifadə etdiyi at, ulaq, bəzən qatırla yanaşı öküz və kəldən də istifadə edirdilər. Kəl və öküzlər qoşadırnaqlı olduğu üçün onların nalı aypara şəkilli olurdu və ayaqda çətin dururdu. Məhz buna görə də cütdırnaqlıları daha səriştəli adamlar nallayırdı.

Od ütüsü – Elektrik avadanlığı olmadığı dövrdə istifadə edilib. Qalın dəmirdən hazırlanan ütünün içərisinə yanar kömürlər salınır. Yan hissələrdə hava keçmək üçün kəsiklər qoyulurdu. Üst qapaq qaldırılır, kömür qoyulduqdan sonra örtülür və kilidlənir.

Qovurma çıxaran – Naxçıvan ərazisində qış azuqəsi içərisində qovurma xüsusi yer tutur. Əvvəllər saxsı küpələrdə, indi emallı qablarda olan qovurma sərin yerdə saxlanılır ki, xarab olmasın. Donub bərkimiş qovurmanı götürmək çətin olur. Bıçaqla çıxarıldıqda isə didilib dağılır, ona görə də dəmirdən hazırlanmış iki dişli qovurma çıxarandan istifadə edilir.

Zaleh Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: