Xalqımızın min illər boyu yaşatdığı xalq yaradıcılığı nümunələri bir-biri ilə qarşılıqlı əlaqədə olmaqla yanaşı, həm də müxtəlifliyi ilə seçilir. Hər hansı hadisəni, əhvalatı özündə əks edən müxtəlif folklor nümunələri bədii təfəkkürün məhsulu olaraq yaranıb. Bəziləri şifahi nitqdə həyat tapıb, bəziləri isə yazıya alınaraq əbədiləşdirib.
Ümumiyyətlə, folklorun bütün növləri ulularımızın bədii-estetik zövqünü, həyat tərzini, dünyagörüşünü əks etdirmək baxımından özünəməxsus xarakter daşıyır. Bu qədimliyi özündə yaşadan nümunələrdən biri də uşaq təfəkkürünün yaratdığı örnəklərdir. Bəzən bunlara təkcə uşaqların özlərinin deyil, böyüklərin də yaratdığı nümunələri aid etmək olar. Çünki uşaq folkloru örnəkləri elə böyüklərin dünya və insan haqqındakı düşüncələrinin ilkin və ibtidai variantı kimi də qəbul edilə bilər. Amma bu örnəkləri yaratmaq baxımından elə uşaqların özləri də geri qalmırlar. Çünki bəzən uşaqlar böyüklərin onlar üçün yaratdıqları örnəklərlə kifayətlənməyib, yeni oyun nümunələri yarada bilirlər. Bu nümunələr bizim bir çoxumuzun uşaq çağlarında sevə-sevə oynadığımız uşaq oyunlarıdır. İndi onları xatırlayarkən həm qayğısız uşaqlıq illərimiz gözümüz önündə canlanır, həm də o dövrün uşaqlıq dostları, onların saf, təbəssüm dolu simalarını xatırlayırıq.
Təbii ki, bədbinlik, ümidsizlik, qəm-qüssə uşaq oyunlarına xarakterik deyil. Əksinə, sevinc, fərəh, xoşbəxt gələcəyə inam uşaq oyunlarının ruhunu, özəyini təşkil edir. Uşaq folkloruna aid nümunələrin çoxu uşaqların dilində işlənən sözlərdən qurulur və uşaqların başa düşmədiyi ifadələrlə yüklənmir. Bu mənada uşaqlar oyunlarla bağlı yaranan xalq yaradıcılığı nümunələrinə daha çox meyl göstərirlər. Əgər hər hansı xalq yaradıcılığı nümunəsi oyun xarakteri daşıyırsa bu nümunə uşaqların diqqətini daha çox cəlb edir. Deməli uşaqların əqli, psixoloji, mənəvi, fiziki tərbiyəsində uşaq oyunları təsirli bir vasitədir.
Körpələrin boya-başa çatmasında, düzgün tərbiyəsində uşaq oyunlarının rolu danılmazdır. Müasir günümüzə qədər gəlib çatan bəzi uşaq oyunları nümunələri uşaq aləmi üçün səciyyəvi hadisələrlə zəngindir. Bu nümunələri tədqiqatçılar müxtəlif qruplarda cəmləşdirirlər. Məsələn, cəldlik, çeviklik, sürətli hərəkətlə bağlı olan oyunlar əsasən mübariz ruhlu oyunlardır. Rəqabət və əzmkarlıq əhval-ruhiyyəsini, qələbə çalmaq istəyini özündə ehtiva edən bu oyunlar elə uşaqlarda qəhrəmanlıq, vətənpərvərlik hisslərini aşılamaq baxımından olduqca əhəmiyyətlidir. Qədim türk insanı vətənpərvərliyi, igidliyi, mərdliyi öz övladına aşılamaq üçün onun başa düşə biləcəyi bir dilə-oyun dilinə müraciət edib. Və bu yolla da övladını gələcəyə hazırladığına inanıb.
“Addımbaşı”, “Atlarda kimin atı”, “Qaçdı-tutdu”, “Gizir-gizir”, “Topaldıqaç”, “Üzəngi” kimi oyun örnəkləri məhz uşaqlarda igidlik və qəhrəmanlıq vərdişlərinin aşılanmasına xidmət edib. Bəzi oyunlar isə sosial-tarixi mahiyyət kəsb edərək müharibə və döyüş səhnələrini özündə qoruyub saxlayır. Azərbaycanın bir çox regionlarında uşaqlar, əsasən də oğlan uşaqları tərəfindən maraqla oynanılan “Müharibə”, “Güllə-güllə” oyunlarında müxtəlif əşyaların istifadəsi də xarakterikdir. Bir vaxtlar (məsələn şahidi olduğumuz 1990-cı illərdə) maddi durumun aşağı səviyyədə olduğu üçün döyüş atributları olan silah oyuncaqlarını uşaqlar ya özləri, ya da böyüklər müxtəlif əşyalardan, əsasən də taxtadan düzəldir, onu gerçək silaha bənzətmək üçün fərqli rənglərlə boyayır və “təkmilləşdirirdilər”. İki və daha çox uşağın iştirakı ilə oynanılan bu oyunda əsas vasitə həmin silah idi. Tarixi-siyasi hadisələrin məhsulu kimi həmin oyunların əsasında döyüş səhnələri dayanır və uşaqlarda döyüş ruhunu, mübarizə əzmini formalaşdırırdı.
Uşaqlar arasında, əsasən də qızların oynadığı oyunlardan böyük tərbiyəvi əhəmiyyət kəsb edənləri də var. Bu oyunlar həm xalqımıza məxsus bəzi adət-ənənələrin uşaq yaddaşında möhkəmlənməsinə xidmət edir, həm də qızlarda bəzi əxlaqi dəyərləri formalaşdırmaq baxımından təqdirəlayiqdir. Məişət mərasimlərimizin əks olunduğu oyunlardan biri də “Qara qazan”dır. Və yaxud qızların sevə-sevə oynadıqları “Xala-xala” oyunu qız uşaqlarında qonaqpərvərlik, qonaq qarşılama, süfrə açmaq kimi vərdişləri tərbiyə etmək baxımından əhəmiyyətlidir. “Qatıq-qatıq” oyunu isə xüsusən qız uşaqlarında ailə dəyərlərinə, məişət məsələlərinə məsuliyyətli yanaşmanı tərbiyə edir.
Bəzi oyunlar uşaqlarda məntiqi inkişafı formalaşdırmaqla yanaşı saymaq, hesab qabiliyyətini də aşılama gücünə malikdir. Bunlara misal olaraq “Rəng-rəng”, “Bir, iki – bizimki...”, “Quş uçdu” və s. kimi oyunlar uşaqlarda hesab və başqa keyfiyyətlərin yaranmasına xidmət etməklə yanaşı nitq prosesinin də güclənməsinə müsbət təsir göstərir.
Müasir dövrdə inkişaf edən texnologiya və qloballaşma ilə bağlı yaranan maraq dairələri, yeni əyləncələr, kompüter və telefon oyunları, cizgi filmləri əvvəllər sevilə-sevilə oynanılan uşaq oyunlarımızın “qatilinə” çevrilib. Qatil ifadəsini işlətməkdə məqsədimiz o deyil ki, uşaqları müasir texnologiyalardan tamamilə uzaq tutaq. Qətiyyən yox. Ancaq danılmaz reallıqlar da var. Məsələn, şahidi olduğumuz 1990-cı illərdə, oynamaq üçün seçdiyimiz meydançada daşlardan düzəltdiyimiz qapılar, tozlu küçələrdə oynadığımız futbol oyunu bu günün uşaqları tərəfindən adətən elektron cihazlarda oynanılır; çoxsaylı, müasir avadanlıqlarla təchiz olunmuş stadionlar tikilməsinə baxmayaraq. Yaxud da taxtadan hazırlanan silahlarla “Düşmənlər” və “Bizimkilər” olmaqla iki hissəyə bölünüb oynadığımız “Güllə-güllə” oyununu bu gün “Sniper”, “PUBG”, “Counter-Strike”, “Battlefield” kimi kompyüter oyunları əvəzləyir. (Bu kimi faktları daha da artırmaq olar). Hansı ki bu oyunlar uşaqlara şiddət, qorxu, vəhşilik, amansızlıq kimi xüsusiyyətlər aşılayır. Doğrudur, bəlkə də telefonda oyun oynayan uşaq yıxılıb dizini, dirsəyini sıyırmır, topla qonşunun şüşəsini qırmır, ya da tər içində böyüklərin danlağına qulaq asmır, amma hər halda oyunu qazanmaq naminə aparılan mübarizə zamanı alınan zədələr bütün gün hərəkətsiz qalan passiv bədəndən daha yaxşıdır.
Bəs uşaqların kompüter oyunlarına “əsir” düşməsində günahkar tək özləridirmi? Bəs biz böyüklər bu məsələdə nə etməliyik? Uşaqların təhsili, təlim-tərbiyəsi üçün ayrılan zamandan bir qədər də oyunları üçün zaman ayırırıqmı?
Əslində “oyun zamanı” təkcə uşaqların fiziki, əqli, mədəni inkişafına deyil həm də milli dəyərlərimizin qorunmasına ayrılan zamandır. Əgər milli dəyərləimizi qocaman çinara bənzətsək, onun ən şaxəli budaqlarından biri uşaq oyunlarıdır. Uşaq oyunlarının qorunub-yaşadılması min illərdir davam edən və biz var olduqca sürəcək milli mücadiləmizin bir parçasıdır.
Bütün söylənilənlərə nəticə olaraq deyək ki, uşaqların fiziki, əqli, psixi, sosioloji və estetik baxımdan sağlam inkişafı, sosial cəmiyyətə alışması, yaşadığı həyata uyğunlaşmasında, hətta öz qədim kökünə bələdçilikdə oyun əvəzolunmaz vasitədir. Bu baxımdan uşaq oyunlarının təkcə qorunması yox, elə tətbiqi də vacib olan milli-mədəni dəyərlərimizdəndir.
Əhməd Əhmədov
Naxçıvan televiziyasının əməkdaşı