Zabrus tənəffüs sistemi xəstəlikləri zamanı uzunmüddətli immunitet yaradır

A- A A+

Yaddan çıxan bəzi arıçılıq məhsulları müasir xalq təbabətində yenidən gündəmə gəlir. Belə məhsullardan biri də arının şanı suvadığı xüsusi mum olan zabrusdur. Arılar yığdıqları nektarı altıbucaqlı mum yuvaya, yəni şana yığır, bala çevriləndən sonra şanını mumla suvayaraq üzərinə pərdə çəkirlər.

NUHÇIXAN xəbər verir ki, pərdə ilə suvarmış şan balı yüksək keyfiyyətli olur, uzun müddət xarab olmadan qalır. Zabrus xüsusi bıçaqla kəsilir və bal süzülür. Üzü sıyrılmış balın mumu xüsusi olaraq yığılır və bəzi arıçılar ona “balın qaymağı” deyirlər. Zabrus bir çox xüsusiyyətlərinə görə adi mumdan fərqlənir. Arılar balın xarab olmadan uzun müddət qalması üçün suvaq kimi işlətdiyi mumu propolis, arı südü və çiçək tozundan hazırlayırlar.

Mumu suvaq kimi işlətmək üçün arının çənə vəzilərindən ifraz olunan xüsusi yapışdırıcı şirənin tərkibi fermentlərlə zəngindir. Ona görə zabrus müalicəvi xüsusiyyətlərinə görə adi mumdan fərqlənir. Xalq təbabətində zabrusun müalicəvi xüsusiyyətlərindən bir sıra xəstəliklərin müalicəsində istifadə olunur.

Zabrusun tərkibində propolis, çiçək tozu, perqa, mum və bal var. Bundan başqa onun tərkibi digər vitamin, zülal və mikroelementlərlə də zəngindir. Ona görə də mikrob və iltihab əleyhinə, keyidici və biostimulyator keyfiyyətlərlərinə görə təbabətdə ondan geniş istifadə edilir.

Zabrusu bir neçə dəqiqə çeynəyib udandan 2 saat sonra onun aktiv komponentləri qanda, limfada və hüceyrəarası mayedə aşkarlanır. Onun qəbulu orqanizmdə maddələr mübadiləsini sürətləndirir.

Amerika alimi D. Dyarvisin fikrincə, zabrus çeynəmək tənəffüs sistemi xəstəlikləri zamanı uzunmüddətli immunitet əmələ gətirir. Həmin proses nəticəsində ağız suyu ifrazı artır, tüpürcək vəziləri təmizlənir, ağız boşluğu selikli qişasının və diş ətinin iltihabı aradan qalxır.

Güclü zökəm zamanı onu hər saatdan bir 15 dəqiqə çeynəmək müsbət nəticə əldə etməyə kömək edir. Haymorit zamanı 15 dəqiqə zabrus çeynəmək faydalıdır. Astma, bronxit, yuxarı tənəffüs yollarının iltihabı və rinit zamanı 10 gün zabrusdan istifadə etmək məsləhətdir. Stomatit, gingivit, parodontoz və angina zamanı da zabrus müsbət təsir göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: