Mənalı yaşanan insan ömrü: akademik İsa Həbibbəyli-70

A- A A+

Professor  Yusif Seyidov yazır ki, “... İsa Həbibbəylinin elmi yaradıcılığı o qədər geniş və sanballıdır ki, onu açmaq, onu əhatə etmək, ona layiq söz demək mənim üçün çox çətindir...”. Doğrudan da akademik İsa Həbibbəylinin elmi, bədii, ictimai,  siyasi fəaliyyəti o qədər geniş, əhatəli, sanballı və çox istiqamətlidir ki, kiçik bir məqalədə belə bir böyük şəxsiyyət haqqında danışmaq çox çətindir. İsa müəllimin fəaliyyətinin hansı dövrünə nəzər salsaq görürük ki, onun yalnız bir amalı var. Xalq üçün çalışmaq, yazıb-yaratmaq, insanlara səmimi xidmət etmək istəyi. Bu da böyük ziyalının daxili dünyasından, mənəvi aləmindən qaynaqlanır.

İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Şərur rayonunun Danzik kəndində Əkbər müəllimin ailəsində dünyaya gəlib. İlk təhsilini doğulduğu  kəndin məktəbində alıb.

Qələm təcrübəsinə məktəb illərindən başlayan İ. Həbibbəyli “Pambıqçı uşaqlar” adlı ilk məqaləsini “Azərbaycan pioneri” qəzetində (1964), daha sonra isə məqalə və şeirləri “Azərbaycan gəncləri”, “Şərq qapısı”, “İşıqlı yol” qəzetlərində çap olunub. O, 9-cu sinifdə oxuyarkən “Gülümov” adlı səhnə əsərini yazıb. Pyes şagird yoldaşlarının və özünün iştirakı ilə səhnəyə  qoyulub.  Hələ kiçik yaşlarından elmə, təhsilə, xüsusən də ədəbiyyata olan marağı onu 1967-ci ildə ali təhsil almaq üçün Naxçıvan Dövlət Pedaqoji İnstitutunun “Azərbaycan dili və ədəbiyyat” ixtisasına gətirib çıxarıb. Ali məktəbdə təhsil aldığı illərdə Əziz Şərif, Abbas Zamanov, Məhəmmədhüseyn Təhmasib, Yavuz Axundlu, İzzət Maqsudov və Yusif Seyidov kimi söz nəhənglərindən dərs alıb.

Tələbəlik illərində Tələbə Elmi Cəmiyyətinin sədri kimi məhsuldar fəaliyyəti, konfranslarda və mərkəzi mətbuatlarda çıxışları  İ. Həbibbəylini 1970-ci ildə akademik Məmmədcəfər Cəfərovla tanış edir. Bu tanışlıq İsa Həbibbəylinin gələcək elmi fəaliyyəti və elmi istiqamətinin müəyyənləşdirilməsi üçün  açar  rolunu  oynayır.  1971-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib, doğma kəndində müəllimlik fəaliyyətinə başlayır. Kənd məktəbində müəllimlik etdiyi dövrlərdə də elmi və bədii yaradıcılığını davam etdirən İsa Həbibbəyli gələcək fəaliyyətini 1975-ci ildən təhsil aldığı Naxçıvan Dövlət Pedaqoji İnstitutu ilə bağlayır. Bu illərdə apardığı tədqiqatların nəticəsi kimi, 1980-ci ildə Bakıda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ixtisaslaşdırılmış şurada “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

Geniş erudisiyaya, mükəmməl dünyagörüşünə və elmi-nəzəri biliyə malik olan İsa müəllim zəngin elmi axtarışlarla məşğul olub və müasir ənənələri əsas tutaraq bir-birinin ardınca yazdığı əsərlərlə  ədəbiyyatşünaslığa yeni nəfəs gətirib, yeni istiqamətlər müəyyənləşdirib.

Gərgin elmi axtarışına  bir an belə ara verməyən İsa Həbibbəyli 1996-cı ildə Nizami Gəncəvi adına  Ədəbiyyat  İnstitutunda “Cəlil Məmmədquluzadə­-mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. Elə həmin il o, daha məsuliyyətli vəzifəyə - Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunub. İsa Həbibbəylinin  Naxçıvan Dövlət Universitetinə rektor təyin olunması bu təhsil ocağının inkişafı üçün yeni bir başlanğıc idi. İsa müəllim 17 illik rektorluğu dövründə bu təhsil müəssisəsinin inkişafı üçün əlindən gələni əsirgəmədi. Belə ki, həmin dövrlərdə universitetdə genişmiqyaslı işlər görülüb, beynəlxalq əlaqələri qurulub, yeni fakültələr, ixtisaslar açılıb və bu  inkişaf  üçün  çox mühüm qərarlar qəbul edilib.

Qısa müddətdə qabaqcıl təhsil işçisi kimi tanınan akademik İsa Həbibbəyli universitetin ölkənin qabaqcıl təhsil müəssisəsinə çevrilməsinə çalışmaqla yanaşı, eyni zamanda geniş ictimai-siyasi fəaliyyətlə də məşğul olmağa başladı. Əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisi, daha sonra isə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçildi. Elmi-pedaqoji yaradıcılığı kimi, ictimai-siyasi işlərin də xüsusi həssaslıqla yanaşaraq dövlətin təhsil siyasəti və digər taleyüklü qərarların qəbul olunmasının birbaşa iştirakçısı oldu.

Gərgin, fasiləsiz və məhsuldar araşdırmaların məntiqi nəticəsi olaraq akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının inkişafında bir çox ilklərə imza atıb.

İsa  Həbibbəyli  ilk dəfə olaraq ədəbiyyatın  növlərə və janrlara bölünməsinin yenidən təsnifatını aparıb. Alimin fikrincə, ədəbi növlərin sırasına lirik, epik və dramatik ədəbi növlərlə yanaşı daha bir ədəbi növ – satira ədəbi növü də əlavə olunmalıdır. Akademik İsa Həbibbəyli satiranın müstəqil ədəbi növ olduğunu elmi-nəzəri cəhətdən əsaslandıraraq satira ədəbi növünə aid janrları müəyyənləşdirib.

Akademik İsa Həbibbəyli ilk dəfə olaraq Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirmə konsepsiyasını  hazırlayıb və inkişaf mərhələsini müəyyən edib. O, türk dünyası ədəbiyyatı tarixinin dövrləşdirilməsi məsələləri ilə də məşğul olaraq öz konsepsiyasını irəli sürüb. Onun “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri”  monoqrafiyası bu istiqamətdə yazılmış ciddi tədqiqat əsəridir.

Bundan başqa adları unudulmuş bir qrup ədəbi nümayəndələrinin, eyni zamanda ədəbiyyata məlum olmayan bir çox əsərlərinin müxtəlif arxivlərdən tapılaraq ədəbiyyata gətirilməsində də akademikin mühüm xidmətləri var.

Bu gün rəhbərlik etdiyi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 10-dan artıq yeni şöbə təsis etməsi ədəbiyyat sahəsində müxtəlif istiqamətlər üzrə geniş miqyaslı tədqiqatların aparılması üçün də zəmin yaradıb.

Həmçinin, Akademiyada Nizamnamə Komissiyası onun sədrliyi ilə 2013-2014-cü illərdə müstəqillik dövrü Milli Elmlər Akademiyasının yeni nizamnaməsini hazırlayıb təsdiq edilməsinə nail olub.

Eyni zamanda  azərbaycançılıq konsepsiyasına dair layihənin hazırlanıb çap olunması da akademik İsa Həbibbəylinin adı ilə bağlıdır.

Ustad  ədəbiyyatşünasın elmi-pedaqoji, bədii və ictimai-siyasi fəaliyyəti dövlətimiz tərəfindən  daim yüksək qiymətləndirilib. O, çoxcəhətli və səmərəli fəaliyyətinə görə “Əməkdar elm xadimi” (1999) fəxri adına layiq görülüb, “Şöhrət” ordeni (2007) və “Şərəf” ordeni (2009) ilə təltif olunub. Akademik İsa Həbibbəyli fəaliyyəti dövründə 30-dan artıq müxtəlif titullarla mükafatlandırılıb.

Böyük  ədəbiyyatşünas  alim, akademik İsa Həbibbəylinin yaradıcılığı 1500-dən artıq müxtəlif səpgili elmi, bədii, publisistik əsərlərlə zənginləşib.

Görkəmli elm təşkilatçısı, ictimai-siyasi xadim akademik İsa Həbibbəyli hazırda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, eyni zamanda Milli Məclisin Elm və Təhsil Komissiyasının sədri vəzifələrində çalışır. Böyük alimin rəhbərliyi altında bu gün Azərbaycanda humanitar sahə aparıcı elmi-tədqiqat mərkəzinə çevrilib.

İsa Həbibbəyli b u günə  qədər  əsl  insan, vətəndaş və  alim  ömrü yaşayıb. Bu ayın 16-da ömrünün 70-ci  baharını qeyd edən İsa müəllimə  bundan sonrakı fəaliyyəti dövründə də xalqına və dövlətinə sədaqətlə xidmət etməyi, müstəqil Azərbaycan dövlətinin elm və təhsil siyasətinin həyata keçirilməsində uğurlar arzu edirik.

                                              

                                                    Anar Abuzərli

                         “Naxçıvan” Universitetinin

Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: