Çox mütaliə etməli - FOTOLAR

A- A A+

“Beşikdən məzaracan oxu!”... Məhəmməd peyğəmbərin söylədiyi bu fikri indi nəinki müsəlmanlar, bütün dünya əzbər bilir. Bir həqiqətdir ki, həyatda qazanılan biliklərin arxasında oxumaq dayanır. “Oxumaq işıq, oxumamaq qaranlıqdır”- bu fikir isə rus mütəfəkkirlərinə  aiddir. Baxanda və araşdıranda görürsən ki, dünyanın bütün tərəqqipərvər millət və xalqlarının ağıllı adamları öz gənclərinə mütləq oxumağı tövsiyə ediblər. Çünki onlar gələcək naminə görülən hər bir işin  arxasında məhz oxumağı, mütaliəni görüblər.

Naxçıvanda isə bu işlə bağlı konkret addımlar atılır. 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Oxunması zəruri olan kitabların siyahısı”nı təsdiq etdi. Bu siyahıya adları salınan kitablara baxanda görürsən ki, hamısı sanki bir insanın kamil şəkildə yetişməsi, həyat tərbiyəsi alması üçün müəyyən mərhələləri keçməsinə kömək edir, ona yol göstərir və bu 32 kitabı oxuyandan sonra ən azından müəyyən biliklərə malik olması üçün baza yaranır. Burada milli tariximiz, dini dəyərlərimiz, dünya ədəbiyyatının mükəmməl nümunələri, bəşəriyyətə töhfə verən, hətta müəyyən adamların və toplumların həyatını dəyişə bilən mövzular var. Bir sözlə oxumaq həmişə vacibdir və lazımdır.

Bu günlərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksinin istifadəyə verilməsi tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yenə də bu mövzuya qayıtdı. Məktəbdə təhsil alacaq müdavimlər, o cümlədən bütün polis işçiləri və əslində hər bir gəncə ünvanlanan çıxışda bu sözlər vardı: 

Zabit olmağın şərəfi dövlətə və dövlətçiliyə sədаqətli olmaqdan, vəzifə və vətəndаşlıq bоrcunu vicdanla yerinə yetirməkdən ibarətdir. Bu gün Orta İxtisas Polis Məktəbinə qəbul olunanlar da yaxşı oxumaqla yanaşı, həm də vətənpərvər yetişməlidirlər. Özünüzü ciddi intizama və zabit məsuliyyətinə indidən hazırlamalı, çox mütaliə etməli, müasir texnologiyaları yaxşı mənimsəməli və onlardan bacarıqla istifadə etmək vərdişlərinə yiyələnməlisiniz”. Ali Məclis Sədrinin bu məqamda qırmızı xətlə keçən bir ifadəsi, gələcəyin polisləri üçün “Çox mütaliə etməli...” tövsiyəsi diqqətdən yayınmır. Bu bir nəsihətdir. Yəni, “Hər bir müstəqil ölkənin mövcudluğunun mühüm şərtlərindən biri ictimai-siyasi sabitlik və bunun təminatçısı olan polis” nəfərinin öz işini mükəmməl bilməsi üçün o, mütləq savadlı və mütaliəli olmalıdır.

  Polis asayişi, sabitliyi və sözsüz ki, geniş mənada dövləti, xalqı qoruyur. Bu zaman onun vacib, təhlükəli  məqamlarda silaha əl atması hər cəhətdən istər hüquqi, istər məntiqi, istərsə də qanuni baxımdan realdır. Amma buna qədər gedən proses, sivil cəmiyyətlə təmas, hansısa qanun pozuntusuna yol verən  vətəndaşı hüquqi baxımdan maarifləndirmə və məlumatlandırma zamanı polisin karına gələn onun biliyi olur. Çünki hüquq mühafizə orqanlarının əməkdaşları, polislərin biliyi təkcə  konstitusiyanı,  qanunçuluqla bağlı müddəaları, cinayət məcəlləsini və digər qanunları bilməklə kifayətlənməməlidir. Bunlarla  yanaşı tariximizlə bağlı məqamlar, dünya və yerli ədəbiyyat nümunələri, maraqlı kitablar, əsərlərlə də tanışlıq vacibdir.

 İndi günümüzün tələbatında güc təkcə fiziki üstünlük və hansısa silahlarla ölçülmür. Müasir dünyamızda güc həm də savadda, bilikdə və oxumaqdadır. Bütün bunlara malik olan hər kəs istər sıravi vətəndaş, istərsə də asayişin keşiyində dayanan polis heç kəsin yenə bilməyəcəyi bir gücə- hətta, “silaha” sahib olur. Bu silah mütaliə nəticəsində əldə edilən bilik və bacarıqdır. Hətta güclü mütaliəsi və savadı olan cəmiyyətə malik  dövlət belə çox güclü və möhtəşəmdir.

    Hər bir vətəndaşın və əcnəbilərin çətin anda yardım üçün üz tutduğu polis əməkdaşının mütaliəli, oxumuş, müasir dünyagörüşə malik olması təkcə vətəndaş cəmiyyətinin sabitliyi üçün deyil, həm də intizam, xüsusilə vacib olan  polis mədəniyyəti, davranışı üçün dəyərli məqamdır. Çünki polis nəfəri həm də cəmiyyətlə mütəmadi təmasda  olan, asayişi qoruyan və hər kəs üçün yazılan qanunların təbliğatçısı, təşviqatçısıdır.  

Oxumuş və savadlı polis nəfərlərinə dəfələrlə rast gəldiyimizdə onların nəzakəti, səmimiliyi və vətəndaşla münasibəti uzun zaman yaddan çıxmır. Hətta sosial şəbəkələrdə bu cür davranışlar geniş müzakirə olunaraq, polisin qanunun tələbləri ilə yanaşı vətəndaş mövqeyini də dəstəkləməsi alqışlarla qarşılanır.  

Etiraf edək ki, Sovet rejiminin polislə (1937-ci illər və keçmiş milislə) bağlı xalqda yaratdığı yanlış fikirlər hələ də bəzi insanların hafizəsindən silinməyib. O hal da təəssüf doğurucudur ki, vətəndaşlar, daha çox valideynlər evdə, küçədə şuluq və dəcəllik edən uşaqları ya həkim, ya da polislə qorxudur. Nəticədə isə uşaqlarda bu peşənin adamlarına qarşı qorxu, hətta antipatiya yaranır. Halbuki, müasir Azərbaycanda polis nəfəri dövlətin, müstəqilliyin və xalqın keşiyində dayanan, gecəli-gündüzlü sabitlik naminə xidmət edən bir ictimaiyyətçi, asayiş keşikçisidir. Polislər arasında Qarabağ, Sədərək uğrunda döyüşən yüzlərlə şəhid, hətta Milli Qəhrəmanlarımız var.

Bu günün polisi təkcə yüksək döyüş hazırlığı, vətənpərvərliyi ilə deyil, özünün savadı, dünyagörüşü, biliyi və sivil davranışı ilə fərqlənir. Bu xüsusiyyətlər indi müasir polis obrazının təməlində dayanır.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksinin bazasında yaradılan ən müasir tədris şəraiti burada təhsil alacaq zabit və müəllim heyəti üçün geniş imkanlar açır. Ali Məclis Sədrinin qeyd etdiyi kimi: “Ona görə də tədris materiallarının yüksək səviyyədə mənimsənilməsini təmin edən üsul və vasitələr seçilməlidir. Kursantlara vətənpərvərlik hissləri aşılanmalı, onlar dövlətə, xalqa sədaqət ruhunda tərbiyə edilməlidirlər. Xidməti vəzifələrə məsuliyyətlə yanaşmaq, mətinlik, fiziki dözümlülük və peşəkarlıq ön plana çəkilməli, hər bir kursant nəzəri və praktik biliklərlə yanaşı, həm də ümumi intellektual təfəkkürə malik kadrlar kimi hazırlanmalı, qanunvericilik bazası dərindən öyrənilməlidir”.

Bir sözlə, sivil və sabit cəmiyyətin qurulması üçün isə yol bilavasitə hər kəs üçün mütaliədən, oxumaqdan keçir.

Səməd Canbaxşiyev 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: