Naxçıvanda turizm sürətlə inkişaf edir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Dövlət Müstəqilliyi Günü ilə bağlı “Müstəqillik illərində turizm sahəsində qazanılmış uğurlar” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər. Tədbirdə Departamentin direktoru Əkbər Novruzov muxtar respublikada turizmin inkişafı ilə bağlı məlumat verib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi turizmin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirib.

Dəyirmi masada turizm sahəsində yaradılan müasir infrastruktur, turizm obyektləri və Naxçıvan Muxtar Respublikasının tarix-mədəniyyət abidələri haqqında iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, müxtəlif ölkələrdə keçirilən sərgilərdə Naxçıvanın da iştirakının təmin olunması beynəlxalq turizm bazarında mövqeyinin möhkəmləndirilməsi işində də xüsusi rol oynayır.

Tədbirdə “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” MMC-nin iqtisadi məsələlər üzrə direktor müavini Rifat Mahmudov, Naxçıvan Dövlət Universitetinin Bələdiyyə və turizm kafedrasının müdiri Flora Kərimova, “Naxçıvan” Universitetinin İqtisadiyyat Fakültəsinin dosenti Əli Cabbarov çıxış edərək muxtar respublikamızda müstəqillik illərinin turizm sahəsinə qazandırdığı nailiyyətlərdən danışıblar.

Daha sonra mövzu ətrafında müzakirə aparılıb.

Tədbir çərçivəsində, eyni zamanda mehmanxana və mehmanxana tipli obyektlərin, muxtar respublikamızda turizm fəaliyyəti ilə məşğul olan şirkətlərin fəaliyyətinə də nəzər salınıb, işin səmərəli təşkili, turizm xidmətinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı təkliflər səsləndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: