Rabitə xidmətləri sahəsində uğurlu nəticələr əldə olunub

A- A A+

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi uğurla davam etdirilib.

Bu ilin ötən dövründə Şərur rayonunun Kərimbəyli və Babək rayonun Kültəpə kəndlərinin hər birində bir ədəd 384 yerlik NGN tipli və Ordubad  rayonunun Dəstə kəndində isə 704 yerlik NGN tipli yeni avtomat telefon stansiyaları qurulub.

Ordubad rayonunun Dəstə, Şərur rayonunun Kərimbəyli və Babək  rayonunun Kültəpə kəndlərində poçt bölməsi yeni binaya köçürülüb, bütün işçi kompüterlər “Naxçıvanpoçt”un şəbəkəsinə qoşulub və digər lazımi avadanlıqlarla təmin olunub.

Muxtar Respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar həyata keçirilən 5-ci mərhələ üzrə işlər başa çatdırılıb. Culfa rayonu ərazisində yeni nəsil telefon stansiyalara keçidlə əlaqədar Daewoo və Karel tipli avtomat telefon stansiyaları demontaj olunaraq yeni nəsil NGN tipli avtomat telefon stansiyaları ilə əvəz olunub. Culfa rayonunun Əbrəqunus və Ərəfsə məntəqələri arasında çəkilən 28 km uzunluğunda  yeraltı fiber-optik kabel xəttinin tikinti işləri  başa çatdırılıb və xətt üzərində 3 qovşaq yaradılıb, həmin istiqamətdə fəaliyyət göstərən 18 avtomat telefon stansiyasının hər birinə  Gb/s-lik kanallar ayrılmaqla arabağlantı təmin edilib.

Mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması nəticəsində hesabat dövründə 1585 yeni telefon nömrəsi istismara verilib, 90 min 875 metr fiber-optik kabel xətti çəkilib. “ Evədək optika” layihəsi çərçivəsində 28 fərdi mənzil fiber-optik kabel xətti ilə təmin edilib.

Payız-qış mövsümünə hazırlıqla bağlı rayon və kənd avtomat telefon stansiyalarında olan generatorlara texniki baxış keçirilib, təmirə ehtiyacı olanlar təmir edilərək işlək vəziyyətə gətirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: