Müstəqilliyimiz milli sərvətimizdir

A- A A+

Azərbaycan xalqının tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. Ötən əsrdə iki dəfə dövlət müstəqilliyini elan edən ölkəmiz bu yolda minlərlə şəhid vermişdir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan etmişdir. Müsəlman Şərqinin və Türk dünyasının ilk cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanınmış, müstəqil dövlətin təsisatları yaradılmışdır. Təəssüf ki, cümhuriyyət cəmi 23 ay fəaliyyət göstərmişdir. Sovet işğalındakı 70 illik bir müddətdə Azərbaycan xalqı özünün azadlıq idealları, müstəqillik arzularından əl çəkməmiş, XX əsrin sonlarında ikinci dəfə müstəqillik əldə etmişdir: 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuşdur.

Ötən əsrin 90-cı illərində xalqımız dövlət müstəqilliyinə nail olmuşdur. Azərbaycanın milli müstəqillik konsepsiyası isə daha əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən  işlənib hazırlanmışdır. Ulu öndər sovet totalitar rejiminin tüğyan etdiyi dövrlərdə böyük uzaqgörənliklə Azərbaycanın gələcək müstəqilliyi üçün mühüm hərbi, iqtisadi, sosial, ideoloji tədbirlər həyata keçirmişdir. Dahi şəxsiyyət  1969-cu ildə siyasi hakimiyyətə gəldiyi ilk gündən başlayaraq böyük uzaqgörənliklə Azərbaycanın gələcək müstəqilliyi üçün təməlləri hazırlamışdır. Ümummilli lider ölkəmizdə sənayeləşmənin əsasını qoymuş, kənd təsərrüfatını inkişaf etdirmiş, yüzlərlə Azərbaycan gəncinin dünyanın nüfuzlu ali məktəblərində təhsil almasına nail olmaqla gələcək müstəqil Azərbaycan üçün kadr potensialını yaratmışdır.

Dahi şəxsiyyət 1990-cı ilin iyul ayında Naxçıvana gəldikdən sonra burada dövlət müstəqilliyi uğrunda və məqsədyönlü siyasi mübarizə aparmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin ulu öndərin sədrliyi ilə keçirilən ilk sessiyasında Azərbaycanın müstəqilliyi baxımından son dərəcə böyük əhəmiyyətə malik olan taleyüklü qərarlar qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, Naxçıvan MSSR Ali Soveti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Milli istiqlal rəmzi olan üçrəngli bayrağımız ilk dəfə bu sessiyanın tarixi qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi, həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı. Naxçıvan Muxtar Respublikası Аli Məclisinin ilk sessiyasında Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən mühüm məsələlər – 1990-cı il 20 Yanvar faciəsi və Dağlıq Qarabağ münaqişəsi də müzakirə edildi. 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması ilə bağlı tarixi qərar qəbul edildi. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi.  Rus qoşun hissələri muxtar respublikadan çıxarıldı, Naxçıvan Muxtar Respublikasının müdafiəsi üçün sistemli tədbirlər görüldü, ölkəmizdə ilk dəfə Naxçıvanda nizami ordu hissələri yaradıldı. Bir sözlə, Naxçıvan xalqımızın müstəqillik mübarizəsinin mərkəzinə çevrildi.                  

Belə bir tarixi məqamda - 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.  Xalqımız şərəfli mübarizə, çoxsaylı qurbanlar bahasına müstəqillik qazandı. Lakin bu, müstəqilliyi qorumaq uğrunda aparılacaq daha gərgin mübarizələrin başlanğıcı idi. Təəssüf ki, müstəqilliyimizin ilkin mərhələsində - 1991-1993-cü illərdə müstəqilliyin, ərazi bütövlüyünün qorunub saxlanması, müstəqil iqtisadi, daxili və xarici siyasətin müəyyənləşdirilməsi kimi vacib məsələlərin həlli əvəzinə, ölkədə hərc-mərclik, özbaşınalıq, siyasi-iqtisadi tənəzzül baş alıb gedirdi. Xarici təcavüz, ölkə ərazisinin 20 faizinin işğalı, yüzlərlə insanın şəhid olması, qaçqın və məcburi köçkün problemləri, siyasi qarşıdurmalar son həddə çatmış, separatçı meyillər daha da güclənmişdi. Azərbaycan dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qalmışdı. Müstəqilliyimizin qorunub saxlanılması, qarşıya qoyulmuş məqsədlərə nail olmaq, milli həmrəylik və iradə nümayiş etdirmək üçün xalqı öz ətrafında sıx birləşdirə biləcək milli liderə böyük ehtiyac var idi. ...     

Dövlət başçısı cənab İlham Əliyev ötən əsrin 90-cı illərində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirləri dövlət müstəqilliyi üçün mühüm şərt kimi qiymətləndirərək demişdir: “1990-cı illərdə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Məhz o sessiyada Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. O vaxt Azərbaycanda hələ Sovet Azərbaycanının bayrağı dalğalanırdı. O vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. O ağır, o çətin anlarda bu qətiyyətli qərarlar həm Naxçıvanı qorudu, həm də Azərbaycanın gələcək müstəqilliyini şərtləndirdi”.

1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə gələn dahi siyasətçi Heydər Əliyev ilk olaraq müstəqillik, Azərbaycançılıq ideologiyasını milli şüurda və psixologiyada, xalqın iradəsində bərqərar etməyə nail oldu, insanlarda Vətən, dövlətçilik, suverenlik, vətənpərvərlik hissiyyatları gücləndi, Azərbaycançılıq ümummilli ideologiya səviyyəsinə qaldırıldı. Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin əsas istiqamətinə çevrildi. Həmin illərdə üzünü Azərbaycan dövlətçiliyini dağıtmaq istəyənlərə tutan ulu öndər Heydər Əliyev deyirdi: “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”.

Görkəmli dövlət xadiminin Azərbaycana rəhbərlik etdiyi 1993-cü ildən 2003-cü ilədək olan dövr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, əbədi, dönməz xarakter aldığı dövrdür. Bu dövr, birinci növbədə, onu göstərdi ki, lider, şəxsiyyət olmadan xalq öz siyasi iradəsini gerçəkləşdirə, müstəqilliyə qovuşa bilməz. “Mən həyatımdan keçərəm, ancaq Azərbaycanın müstəqilliyindən keçmərəm”, – deyən ulu öndərimiz daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı bahasına, gecəli-gündüzlü fədakar əməyi hesabına Azərbaycanı müstəqil dövlətə çevirmiş, dövlət müstəqilliyimizi daimi və əbədi etmişdir.

Dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin, bazar münasibətlərinə əsaslanan yenitipli iqtisadiyyatın nəzəri-konseptual inkişaf konsepsiyasını yaratmışdır. Ümummilli liderimiz “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Bazar münasibətlərinə əsaslanan iqtisadi islahatların həyata keçirilməsi, sahibkarlığın inkişafının stimullaşdırılması, təkmil qanunvericilik bazasının yaradılması ölkə iqtisadiyyatına xarici sərmayələrin axınını təmin etmişdir. Qeyri-neft bölməsi sürətlə inkişaf etməyə başlamışdır. Özəlləşdirmə proqramı uğurla həyata keçirilmiş, ümumdünya iqtisadi məkanına qətiyyətlə inteqrasiya edən ölkəmiz xammal ixracatçısından istehsal sənayesini qüdrətləndirən və əmtəə ixrac edən əlverişli tərəfdaşa çevrilmişdir. Ölkədə aqrar islahatlar aparılmış, torpaq kəndlilərin mülkiyyətinə verilmişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin gələcək inkişaf yollarını müəyyənləşdirmişdir: bu, demokratik inkişaf və hüquqi dövlət quruculuğu, Azərbaycançılıq və vətəndaş həmrəyliyi yoludur.

Xalqımız əmindir ki, Azərbaycanın gələcəyi, inkişafı yalnız Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsindədir.  2003, 2008, 2013 və 2018-ci illərdə prezident seçkiləri bunu bir daha sübut etdi. Həmin seçkilərdə Heydər Əliyev yolunu uğurla davam etdirən cənab İlham Əliyev xalqın mütləq əksəriyyətinin səsini qazanıb Prezident seçilmişdir. Təsadüfi deyil ki, dövlət başçısı cənab İlham Əliyev həmişə  bəyan etmişdir ki, Azərbaycanda Heydər Əliyev siyasi kursu dönmədən həyata keçiriləcəkdir.

Geridə qoyduğumuz illərin nəticələrinə nəzər saldıqda diqqəti cəlb edən əsas məqam ölkədə həyata keçirilən bütün işlərin, çoxcəhətli fəaliyyətin əsas məqsədinin, aparıcı leytmotivinin Azərbaycanın müstəqilliyi və bu müstəqilliyin möhkəmləndirilməsi amilidir. Sosialyönümlü siyasət yeridən ölkə rəhbəri ötən illər ərzində qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini sərgilədi.

Bu gün Azərbaycan müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bu inkişaf ölkəmizin bütün guşələrində, o cümlədən bu il muxtariyyətinin 95-ci ildönümünü böyük uğurlarla qeyd edən Naxçıvan Muxtar Respublikasında da özünü göstərməkdədir. 30 ilə yaxındır, blokada vəziyyətində yaşamasına baxmayaraq muxtar respublikamız muxtariyyətin, müstəqilliyin işığında böyük inkişaf yolu keçmişdir. Müstəqillik tariximizin ötən 20 ildən artıq bir dövründə muxtar respublikamız 95 illik tarixi inkişaf yolunun ən dinamik və dayanıqlı inkişaf dövrünü yaşayır. Belə ki, qədim diyarımız muxtariyyət qazanmasından bu tərəfə heç vaxt indiki qədər inkişafa, uğurlara, nailiyyətlərə imza atmamışdır. Son illər rayon mərkəzlərindən ucqar dağ kəndlərinədək hər yerdə aparılan genişmiqyaslı quruculuq işləri qədim Naxçıvanın hüsnünü daha da gözəlləşdirmişdir. Həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın yenitipli məktəblərə, səhiyyə ocaqlarına, yeni texnologiya ilə təchiz olunmuş işlək sənaye müəssisələrinə, hər qarış torpağı əkilib-becərilən kənd təsərrüfatına malik inkişaf etmiş qabaqcıl diyarına çevrilmişdir. Bu gün ərzaq təhlükəsizliyinin təmin olunduğu Naxçıvanda torpaqlar əkilir, tələbat yerli istehsal hesabına ödənilir. Muxtar respublikanın enerji təhlükəsizliyi təmin olunub, ən ucqar yaşayış məntəqəsində belə, sakinlər daimi elektrik enerjisindən, təbii qazdan istifadə edirlər. Naxçıvanın hərbi təhlükəsizliyi təmin olunub, düşmənlə üz-üzə olan yaşayış məntəqələrimizdə sakinlər təhlükəsiz şəraitdə yaşayırlar. Təbii ki, bütün bunlar Heydər Əliyev siyasi xəttinin və ulu öndərimizin əmanəti olan müstəqilliyimizin bəhrələridir.

Bu gün dinamik inkişaf yolu ilə irəliləyən Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası dövlət müstəqilliyini mühüm tarixi nailiyyətlərlə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: