Xərçəng xəstəliyi dünyanın bütün regionlarında vaxtsız ölümün əsas səbəbi olaraq qalmaqdadır

A- A A+

2018-ci ildə Avropada 4 milyona yaxın insan xərçəng xəstəliyinə tutulub, təxminən 2 milyon nəfər onkoloji xəstəliklər nəticəsində vəfat edib. Xərçəngin Avropa ölkələrində geniş yayılan növləri döş, ağciyər və prostat xərçəngidir. Ağciyər xərçəngi bütün növlərdən ən təhlükəlisi hesab edilir.

NUHÇIXAN BMT-nin saytına istinadla xəbər verir ki, bu məlumatlar xərçənglə mübarizə üzrə Nur-Sultanda keçirilən dünya sammitində təqdim olunan “Xərçəng atlası”nda göstərilir.

“Xərçəng atlası” çap və elektron şəkildə nəşr olunan illik tədqiqatdır. Atlasda onkoloji xəstəliklər, onların səbəbləri, fəsadları, həmçinin onlara qarşı mübarizə tədbirləri barədə son qlobal göstəriciləri tapmaq mümkündür. Tədqiqatı Dünya Səhiyyə Təşkilatının (DST) bölməsi – Xərçəngin Öyrənilməsi üzrə Beynəlxalq Agentlik aparır. Layihəyə Amerika Onkologiya Cəmiyyəti və Beynəlxalq Xərçəngəleyhinə Birlik tərəfindən dəstək verilir.

Tədqiqatlara əsasən, Rusiya, Belarus, Moldova və Ukraynada xərçəngin ən geniş yayılmış növü ağciyər xərçəngidir. Bununla belə, Moldovada xərçəng xəstəliyindən ölüm hallarının ən yüksək səviyyəsindən biri qeydə alınıb: orada bu xəstəlikdən ölüm halları kişilər arasında 22 faiz təşkil edir.

Ümumilikdə, Avropada bu xəstəliyə tutulma halları az sürətlə də olsa, artmaqda davam edir. Avropanın əksər ölkələrinin hər üç sakinindən biri 75 yaşına kimi xərçəng xəstəliyinə tutulur. Bu xəstəlik nəticəsində baş verən ölüm halları Avropada azalsa da, xərçəng xəstəliyi dünyanın bütün regionlarında vaxtsız ölümün əsas səbəbi olaraq qalmaqdadır.

Mütəxəssislər bildirirlər ki, risk amilləri arasında əsası siqaretçəkmədir. Ekspertlərin hesablamalarına görə, dünyada 1,1 milyard siqaretçəkən var. Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, hazırda dünyanın 55 ölkəsində artıq 1,5 milyard insan tütünəleyhinə qanunvericiliklə müdafiə olunur. Müqayisə üçün deyək ki, 2008-ci ildə bu göstərici 400 milyon nəfər təşkil edib.

Tədqiqata görə, piylənmə və artıq çəki problemi ilə bağlı onkoloji xəstəliklərə tutulma hallarının miqdarı bütün dünyada artır. Aşağı gəlirə malik Asiya və Afrika ölkələrində xərçəngin əsas səbəbi infeksiyadır. Daha bir risk amili isə havanın çirkləndirilməsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: