101 yaşlı ananın 28 yaşlı igid oğlu

A- A A+

Ey qəhrəman övladın şanlı vətəni- Azərbaycan! 101 yaşlı ananın  28 yaşlı, igid oğlu. Düz 101 il əvvəl qəhrəman övladın Şərqdə və türk dünyasında ilk demokratik dəyərli cümhuriyyətini yaratdı,canlar qanlar bahasına. Bu dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri,bu  odlar diyarının  özünütəsdiqi idi.

Tarix səhifələrinə nəzər salıb, XXəsrin əvvəllərinə boylanırıq. Həm dünyada, həm Qafqazda müharibələr, qırğınlar tüğyan edəndə varlığını elan etdin, Azərbaycan. Lakin çox qısa, cəmi 23 ay varlığını qoruyub saxlaya bildin. Üzərini alan qara buludlar, bağrını yaran məkrli əllər başladığın yolla irəliləməyə  imkan vermədi. 1920-ci ilin “Aprel işğalı” qara xətt çəkdi azadlıq arzularının üzərindən.

Ancaq mənim xalqım dadmışdı azadlığı, 23 ay olsa belə. Nə zamansa yenidən öz haqq səsini ucaldacaq, yenidən tarix səhnəsində görünüb al bayrağını səmada dalğalandıracaqdı. O vaxta isə hələ düz 70 il  vardı. Keçən bu illərdə o bayraqda o himndə ilahi sevda kimi ürəklərdə məskən tutdu. Qəlbi vətən eşqi ilə döyünənlər bu amal uğrunda can verdilər. Vətən sərhədlərindən uzaqlarda, minlərlə mühacir həyatı yaşayanların dillinin əzbəri oldu Azərbaycan.

Və nəhayət 70 il sonra yenidən öz müqəddəratını həll etməli oldu. Bu dəfə daha inamlı idi,daha qətiyyətli. İndi isə yanında, qarşısında yol göstərəni, əlindən tutub irəli aparanı, Ulu tanrının bu xalqa bəxş etdiyi, zamanın dolaşıq yollarında daha səriştəli, daha qətiyyətli, Ulu öndəri var idi.

Azadlıq.. mənim xalqım onu  canlar, qanlar bahasına geri aldı. Hamımızın daş yaddaşında əbədilik yeri var axı 1990-cı illərin. Hamı bir əsgər, hamı bir səngər ola bildi. Və yenidən bu dəfə əbədilik müstəqilliyinə qovuşdu.

Amma bu azadlıq asan başa gəlmədi. Azərbaycan xalqı öz azadlığını, müstəqilliyini əldə etmək, onu qoruyub saxlamaq üçün mübarizə apardı və minlərlə şəhidini qurban verdi.

XX əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi. Müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi oldu.

Müstəqilliyinə yeni qovuşan Vətənimiz qarşısında indi daha böyük bir missiya var: Müstəqilliyi qoruyub saxlamaq və bu cənnət vətəni əbədi azadlığa  qovuşdurmaq. Ulu öndərin  dediyi kimi “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Müstəqilliyimizi qoruyub saxlamaq  üçün aparılan mübarizə bu gün də davam edir-güclü çiyinlərdə,əmin əllərdə.

Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Bu sərvətə sahib çıxmaq isə hər kəsin borcudur.

Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə 2-ci dəfə hakimiyyətə qayıdandan sonra Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Məhz Ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı və vətənə olan sonsuz sevgisi Azərbaycanın dövlət müstəqilliyini onu təhdid edən  təhlükələrdən qurtara bildi.

“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdəki müqayisəsiz inkişafı ilə dünya ölkələrinə bir nümunədir. İqtisadi, sosial, ordu quruculuğu, mədəni sahələrdə yeni-yeni layihələrə öz möhürünü vurur. Qarşıda isə bir amal var. Əzəli və əbədi torpağımız olan Qarabağa vətən bayrağını sancmaq!

Bu gün müstəqil Azərbaycan, 28 yaşlı igid oğul ən yüksək inkişaf dövrünü yaşayır. Yeni müstəqillik əldə etməsinə baxmayaraq nəinki regionda, dünyada söz sahibi olan, dünyada baş verən ən mühüm iqtisadi, siyasi hadisələrə təsir edə biləcək böyük gücə sahibdir. Ən məşhur konfranslara, festivallara, yarışmalara ev sahibliyi edir. Bu gün Azərbaycan insanı xoşbəxtdir və daim yüksələn, inkişaf edən vətəni ilə qürur duyur.

Müstəqil Azərbyacanımız 28 yaşını qeyd edir. Güclü ciyinlərdə, əmin əllərdə irəliyə doğru addımlayır. Azadlığın daim olsun Odlar yurdu! Əsrləri, eraları ram edib hər zaman daha güclü, daha möhkəm ol! Bayramımız mübarək can, Azərbaycan !!!

 

Yeganə Muradova

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: