Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib

A- A A+

Oktyabrın 18-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, komitə sədri Aqiyə Naxçıvanlı iclasda Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə komitəyə daxil olmuş “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirə olunacağını bildirdi.

Qeyd olundu ki, sənəd Avropa Şurasının dövlət və hökumət rəhbərlərinin üçüncü Zirvə toplantısında qəbul edilmiş Fəaliyyət Planına, “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya, BMT-nin “Uşaq hüquqları haqqında” və “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” konvensiyalarına, eləcə də digər beynəlxalq hüquq normalarına istinad olunaraq hazırlanıb.

Komitə sədri onu da vurğuladı ki, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyası Prezident İlham Əliyevin qərarı ilə verilmiş Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə birlikdə təsdiq olunması üçün Milli Məclisə təklif olunub. Bəyanatda deyilir: “Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın müddəaları Ermənistan Respublikasına münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcəkdir.

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Konvensiyanın müddəalarının həyata keçirilməsinə (həmin ərazilər işğaldan azad olunanadək) təminat verilmir.

Bu bəyanatın 1-ci və 2-ci bəndinin müddəalarını istənilən zaman dəyişdirmək və ya ləğv etmək hüququnu Azərbaycan tərəfi özündə saxlayır və digər tərəflər hər hansı bu cür dəyişikliklər və ya ləğvetmələr haqqında yazılı şəkildə məlumatlandırılacaqlar”.

Çıxış edən komitə üzvləri Sahibə Qafarova, Sədaqət Vəliyeva, Tahir Rzayev, Ağacan Abiyev, Dilarə Cəbrayılova milli maraqlarımızın qorunmasına xidmət edən sənədin uşaqların gələcəyində böyük əhəmiyyətə malik olacağını söylədilər.

Müzakirələrin sonunda qanun layihəsi “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyasına dair Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə birgə Milli Məclisin plenar iclasına baxılmaq üçün tövsiyə olundu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: