Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ötən ay məhsul nümunələrinin 251 halda keyfiyyət göstəricilərinin yoxlanılmasını təmin edib.
NUHÇIXAN xəbər verir ki, yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 116 qida istehsalı müəssisəsinə, 96 ictimai iaşə və xidmət sahəsinə maarifləndirmə xarakterli baxış keçirilib, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb. Məhsulların sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olmuş 25 müraciət operativ icra edilib. Meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması işi çərçivəsində məhsulların 7 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılıb. 3 anbardan və 3 satış obyektindən götürülmüş məhsulların 6 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilib. Kənd təsərrüfatı məhsullarının istehsalında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin tətbiqinə, xaricdən idxal edilən üzvi və qeyri-üzvi gübrələrin keyfiyyət göstəricilərinə, toxumların və tingçilik məhsullarının müəyyən olunmuş tələblərə cavab verməsinə nəzarətin gücləndirilməsi tədbirinin icrası istiqamətində arpa və buğda toxumlarından nümunələr seçilərək analizləri aparılıb və keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilib.
Uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması istiqamətində 26 bufet və yeməkxanada monitorinqlər, yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılıb və aşkar olunmuş nöqsanlar aradan qaldırılıb.
Məktəbli və tələbə geyim formaları istehsal edən 4 təsərrüfat subyektində istifadə olunan parçaların göstəriciləri yoxlanılıb və nəticələrin standartların tələblərinə uyğun olduğu müəyyən edilib. Məktəbli ləvazimatlarının satıldığı yarmarka və obyektlərə baxış keçirilib, nöqsan aşkar edilməyib.
Bal məhsullarının 152 halda laboratoriya analizləri aparılaraq reduksiyaedici şəkərin həddinə dair məlumatlar təsərrüfatlara çatdırılıb. “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində “Naxçıvan qovurması”nın istehsalının genişləndirilməsi, kiçikhəcmli taralarda qablaşdırılması və ixracının dəstəklənməsi, meyvə və tərəvəzlərin, bostan məhsullarının qurudulması, qablaşdırılması, etiketlənməsi ilə bağlı Culfa rayonunun Ərəfsə, Ordubad rayonunun Sabirkənd yaşayış məntəqələrində ailə təsərrüfatları üçün seminar-müşavirələr keçirilib, “Naxçıvan qovurması” əmtəə nişanlı etiketlər, meyvə və tərəvəzlərin, bostan məhsullarının qurudulmasına aid maarifləndirici bukletlər təqdim olunub.
Ötən ay ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət məqsədilə məhsullardan 152 halda nümunələr götürülərək laboratoriyaya təqdim edilib, sınaqların nəticələrinin standartların tələblərinə uyğun olduğu müəyyən olunub. Həmçinin 80 bərbərxana və 6 gözəllik salonunda maarifləndirmə xarakterli monitorinqlər aparılıb, aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılıb. Metroloji norma və qaydalara uyğun olaraq 2158 sayğac yoxlanılıb.
Fövqəladə Hallar Nazirliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birgə muxtar respublikada fəaliyyət göstərən 44 təsərrüfat subyektində müşahidə xarakterli monitorinqlər aparılıb. Ümumilikdə, idxal olunan 220 məişət qaz cihazına baxış keçirilib, təhlükəsizliyi təmin olunmayan 88 məişət qaz cihazının idxal və satışına icazə verilməyib.