Allı-güllü Naxçıvanım

A- A A+

Bethoven musiqini “İlahi vəhy” adlandırırdı. Min illərdir bu “vəhylər” yer üzünə səpələnir, kimlərsə bu möhtəşəm varlığın yaradıcısı, kimlərsə yaşadıcısı olur. Ancaq hər halda könüllər oxşayan əsərlər tarix səhnəsinə çıxdığı andan sevilir, seçilir. Musiqi xalqın mənəvi kimliyidir. Pıçıldayan notlar təkcə bir incəsənət nümunəsi kimi qala bilməzdi, xalqın mənəvi dəyərlərini, tarixini,coğrafiyasını,məişətini  özündə saxlamasaydı əgər.

Tarix kitabları belə deyir ki, uludan ulu məmləkətimiz olan Naxçıvan haqqında saysız-hesabsız əsərlər yazılıb. Ta qədimdən bir dəfə baş çəkən səyyahlar aşiqinə çevriliblər. Bu yerin təbiəti, insanları, sərvəti eləcə dildən-dilə, elədən-elə yayılıb. Bu gəlmələrdən, bu görmələrdən nələr yazılmayıb, nələr yaradılmayıb.

Və elə ta qədimdən üzü bəri tarix qoynunda biraz ədəbiyyat, biraz mədəniyyət daşıyıb illərin “qatarlarında”. Qanla suvarılan torpaqlarda belə  mədəniyyət, incəsənət toxumları boy atıb, inkişaf edib. Elə ötən əsrdə bu taleni yaşadı. Müharibələrin, inqilabların, ixtişaşların əsri olan 20-ci əsr həm də mədəniyyətin, incəsənətin inkişaf əsri oldu. Mədəniyyət, xüsusilə də Azərbaycan musiqisi professional əllərdə milliləşdi,təkmilləşdi öz əbədilik zirvəsinə qovuşdu. Dahi Üzeyir bəyin başlatdığı mədəniyyət “inqilabı” doğma çiyinlərdə, istedadlı vətənpərvər ürəklərdə müqəddəsləşdi.

İkinci dünya müharibəsindən sonra yüksəliş dövrünü yaşayan  Azərbaycan musiqisində  yeni janrlar, istedadlı bəstəkar və ifaçı ordusu yetişirdi. Mədəniyyətimizin  şah əsərlərinin yarandığı bu illərdə həm də vətənin müxtəlif  bölgələrini vəsf edən ölməz əsərlər yaranırdı.

Bu gün tarixindən danışacağımız Naxçıvan haqqında yazılan ilk iki mahnıdan biri olan, şux və həmişə yaşar  mahnı - “Naxçıvanım” da məhz belə bir şəraitdə yarandı. Sözləri musiqisindən daha əvvəl yazılan mahnıya tarixi hadisələrin gedişatı da təsirsiz ötüşməyib.

Vətənə sonsuz sevgi duyğularını aşılayan, onun yaradıcılarına qəlbimizdə təkrar-təkrar sevgi minəttdarlıq hissi oyadan “Allı güllü Naxçıvanım”ın sözlərinin müəllifi nasir və yazıçı Şəmsəddin Abbasov, bəstəkarı isə ölməz melodiyalar müəllifi Tofiq Quliyevdir.

Hər şey 1946-ci ildə başladı. Cənubi Azərbaycanda başlanan tarixə “21 Azər” hərəkatı kimi yazılan Azərbaycan Milli Hökuməti süquta uğrayandan sonra Arazın şimalına üz tutanlar buranı özlərinə əbədi vətən seçdilər. O zamankı ölkə rəhbərliyi isə belə bir qərar qəbul edir ki, qonaqlar ölkənin hər  bir bölgəsini gəzib tanımalıdır. Bunun üçün xüsusi komissiya təşkil olunur və o zaman Bakı kinostudiyasının direktoru olan yazıçı Şəmsəddin Abbasov komissiyanın rəhbəri təyin olunur. Və beləcə “Allı güllü Naxçıvanım”ın müəllifinin doğma diyarla ilk tanışlığı başlayır. Geriyə dönəndə isə artıq mahnının sözləri hazır idi. Bu zamana qədər müxtəlif roman, pyes və tərcümələr müəllifinin yaradıcılığında ilk şeir də məhz belə yazılır. Ən səmimi, ən saf duyğularla yazılan və yoğrulan misralar...

Eşitmişdim sərvətini,

Gəlib gördüm hörmətini,

Varlığını qüdrətini...

Allı güllü, Naxçıvanım,

İgid elli, Naxçıvanım...

Kim idi Şəmsəddin Abbasov? Nasir və dramaturq olan Şəmsədin Abbasov 1906-cı ilin sentyabrında Abşeron rayonunun Sayadlar kəndində doğulub. Uşaqlıq dünyamızın qəhrəmanına çevrilən “Bir qalanın sirri”filminin Elşəni-Gündüz Abbasovun atasıdır. «Məhşər günü» hekayəsi ilə ədəbi aləmə daxil olan yazıçı 1926-cı il dən «Gənc işçi» qəzeti redaksiyasında məsul katib vəzifəsində işləməyə başlayıb. 1929-cu ildən «Kommunist» qəzetinin məsul katibi, 1939-cu ilin sentyabrından Bakı kinostudiyasının direktoru işləyib. Elə bəstəkar Tofiq Quliyevlə tanışlığı da təxminən bu dövrdən başlayıb. O, ədəbi yaradıcılıqla müntəzəm məşğul olub. Rus dilindən ədəbi ssenarilər, pyeslər, roman və hekayələr tərcümə edib. «Babək»,«Qələbə», «Qana qan», «Əsgər və Simuzər”, ”Fərhadın ailəsi», «Mister Uoll-trit»kimi əsərləri ilə ədəbi aləmdə tanınıb.Yazıçının Naxçıvana gəlməsi və bura ilə tanışlığı isə 1946-cı illərə təsadüf eləyir.Və “Naxçıvan” şeiri Şəmsəddin Abbasov yaradıcılığında nəzmə müraciətin ilk nümunəsidir.

Şeir yazılandan iki il sonra, 1948-ci ildə Bakı kinostudiyası “Sovet Azərbaycanı haqqında poema” filminin çəkilişinə başlayır. Filmdə respublikanın son 30 ildə keçdiyi yol əks olunmalı idi. Rejissor Mikayıl Mikayılov diktor mətnini şeir misraları ilə istifadə etməyi, Azərbaycanın füsunkar gözəlliyini, mədəniyyətini, əməkçi insanların həyatını tamaşaçıya çatdırmağı qarşısına məqsəd qoyur. Filmə musiqi tərtibatçısı kimi artıq kino musiqisi sahəsində özünü həm bəstəkar, həm dirijor kimi tanıtmış Tofiq Quliyev dəvət olunur. “Naxçıvanım” mahnısının nota alınmasıda təxminən bu vaxta təsadüf edir. Təəssüf ki, Naxçıvanım mahnısı filmdə yer almadı. İki gözəl sənətkarın həyatı bir mahnının bünövrəsində birləşdi  və Azərbaycan musiqisi belə gözəl bir əsər qazandı.

Naxçıvanım mahnısı 1950-ci illərin əvvəllərində  Azərbaycan  Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının repertuarına salınır. Bu onun professional formada səhnəyə ilk gəlişi idi. Təxminən on ilə yaxın bir müddətdə mahnı bu ansamblın repertuarında ölkəni gəzdi. Və elə həmin tarixdən doğma Naxçıvanda da fəaliyyət göstərən Musiqi məktəbinin  və yeni yaradılan Xalq Çalğı Alətlərinin Orkestri və Sazçı qızlar ansamblının repertuarına salınır. 1960-cı illərin əvvəlləri... Və nəhayət “Naxçıvanım” mahnısına dünya şöhrəti gətirən müğənni, milli estrada sənətimizin korifeyi Mirzə Babayevin ifasında eşidilməyə başladı. Mirzə Babayev bəstəkar Tofiq Quliyevin bir çox mahnılarının ilk ifaçısı idi və məhz bu mahnının onun oxuması isə Şəmsəddin Abbasovun fikri idi. Şair ifaçının səs və yüksək yaradıcılıq  imkanlarının mahnıya şöhrət, uzunömürlük gətirəcəyinə inanırdı və yanılmırdı. Mirzə Babayev isə Tofiq Quliyevlə tanışlığını belə xatırlayırdı:” Tofiq Quliyev dahi bəstəkar idi. 1939-cu ildə dövlət orkestri fəaliyyət göstərirdi. Mən Tofiqin təkidi ilə orada solist oldum. Azərbaycan Neft Sənayesi İnstitutunda oxuyurdum. Tofiq oradan gəlib məni götürdü. 50 ildən artıq bir müddətdə neçə-neçə mahnıların ilk ifaçısı oldum.

Təravətli, orijinal, poetik, zərif, ahəngdar melodiyalar sahibi Tofiq Quliyevin yaradıcılığının ilk dövrlərində İkinci Dünya müharibəsi illərində Naxçıvanda fəaliyyət göstərib. Burada musiqinin inkişafı, gənclərin musiqiyə cəlb olunması üçün canla-başla çalışıb. Mahir melodiya ustasının Nuhun diyarına olan sevgisi də elə burdan başlayıb. 1980-ci illərdədəfələrlə Naxçıvanda olan bəstəkar pianino arxasına keçib “Allı güllü Naxçıvanımı”ifa etməsi və Mirzə Babayevin  təkrarsız səsində  bu mahnının  səslənməsi  hələ də orta  nəslin yaddaşında yer alır.

Bəstəkar müsahibələrinin birində deyirdi: Ürəyimə yavuq olmayan heç bir şeirə mahnı bəstələməmişəm. Birdə heç zaman sözsüz mahnı yazmamışam. Yəni mütləq şeiri oxuyum,onu duyum dərk edim. Hər bir mahnım  hisslərim üzərində nəvaziş tapıb. Birdə mahnıda gərək bir həqiqət yaşasın. Həqiqət yaşatmayan mahnı mənim üçün heç nədir. Görünür Naxçıvan mahnısının sözləri bəstəkarın ürəyinə yatıb.

Bəstəkar Tofiq Quliyev milli mahnı üslubunun yeni meyarlar və bu janrda yeni bir məktəb yaratdı. Bəstəkar milli musiqilərimizdən bəhrələndi,xalq musiqisinin lad və muğam guşələrindən istifadə etdi. Eyni zamanda müasir yeni,dinləyicisi üçün təzə-tər olan estrada və caz  musiqisinin əvəzsiz nümunələrini yaratdı. Azərbaycan estradasının klassiki, Azərbaycan cazının banisi  olan Tofiq Quliyev mahnılarının uzun ömürlüyünə görə bu gündə birinci olaraq qalır.

İfaçılıq sənətinə tələbkarlıqla yanaşan bəstəkar mahnılarının taleyini Azərbaycanın ən gözəl  müğənnilərinə həvalə edirdi. “Naxçıvanım” mahnısının isə bu cəhətdən bəxti gətirib.Mahnı Mirzə Babayevin ifasında o qədər sevildi və doğmalaşdı ki, hətta onu mahnının müəllifi sayanlarda az olmadı. Uzun illər bu qanunauyğunluq qorunub saxlanıldı. 2000-ci illərin əvvəllərinə qədər. Zamanla yeni səslər, yeni nəfəslər, dövrün gənc və istedadlı müğənniləri Nurlan Növrəsli, Vüqar Muradov “Naxçıvan” mahnısını öz repertuarlarına saldılar. Haqqında danışdığımız mahnıya Xalq Artisti Brilyant Dadaşovanın müraciəti isə  tamamilə yeni bir təqdimat idi.

“Naxçıvanım” mahnısı Nuhun diyarına sevgidən və səmimiyyətdən yoğrulan misralardır. Uca, yaşıl dağları,gözəl barlı bağları, kəklik gəzən düzləri, ördək üzən gölləri ilə bütöv Naxçıvan mənzərələri açılır dinləyənlərin gözündə. Haçadağdan üzü Araza doğru əsrarəngiz təbiət lövhələri varaq-varaq səhifələnir. Doğma diyarın şöhrətini duyub, eşidənləri öz isti qoynuna səsləyir sanki. Varlığı,tarixi qüdrəti, igid elləri ilə daim var olan Naxçıvan.

Haqlı olaraq deyiblər ki, sözün, fikrin, musiqinində öz yaddaşı var. Hər söz, nota salınan hər musiqi özündə yazıldığı zamanın ruhunu daşıyır. İldən-ilə, əsrdən-əsrə addımlayır. Bu il 95-ci payızını geridə qoyan  muxtar respublikamız haqqında yazılan heyranlıqdan, sevgidən yoğrulan nəğmə - “Naxçıvan” nəğməsi isə 73 ildir ki, yol gəlir. Mahnını üzünömürlü edən bir cəhət də onun bu yerlərə heyran olan insanın qələmindən süzülüb milyonların könlünə yol tapması idi. Yola saldığı illərdə həmişə oxundu, bu gündə oxunur. Dinləyicini sehrli qanadlarına alıb müasir işıqlı Naxçıvan səmasına qiyabi səyahətə çıxardır. Və mahnını dinləyənlər  ifaçının səsinə  qoşulub bir dua, ayin kimi pıçıldayır:

Arzum budur var olasan,

Od elinə yar olasan,

Ətirli gülzar olasan...

                                                                             Fizzə Bağırova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: