Bu xalqın kök yaddaşında bir mahnı havalanıb haçansa. Havalanıb, havalanıb, eldən-elə, obadan- obaya yayılıb, dillər əzbəri olub. İnsanların ruhuna, içinə, qəlbinə hopan sözlər, musiqi onlarla birlikdə dünyanın dörd bucağına dağılıb... Dağılıb, kiminsə vətən dərdinə, kiminsə eşq həsrətinə, kiminsə can ağrısına tərcümanlıq edib...
***
Arpa çayı aşdı-daşdı,
Sel Saranı aldı qaçdı
Ala gözlü, qələm qaşlı,
Apardı Sellər Saranı
Bir ala gözlü balanı...
Əvvəl analar laylalarına qatdılar bu mahnını, sonra övladlar oxumağa başladılar... Sonra onların övladları doğuldu, sonra onların övladlarının övladları... Zaman üstə zaman qalaqlandı, zaman zamanın ayağı altından qaçdı, Arpa çay Saranı apardı ki, apardı...
Heç gətirdiyi olmadı, heç qaytarıb vermədi bizə Saramızı. Sarayla birlikdə ömür ömürlə əvəzləndi, həyatdan gedən insanların yerini həyata gələn insanlar tutdu...
Bir torpaq o torpaqdı, bir səma o səma, bir də sular o sular... Hərçənd, çayların yatağı da dəyişir, suların axışı da...
Amma Arpaçay elə Arpaçaydır...
***
Görəsən dünyanın dörd bir yanında Saranı sellərinə qatıb aparan Arpaçayın harada, hansı məmləkətdə, hansı diyarda olduğunu, hansı çeşmədən su içib yola düzəldiyini, hansı dərələri oya –oya özünə yataq saldığını, haradan gəlib hara getdiyini düşünənlər oldumu? Bəlkə də olmadı, bəlkə də adamlar onu qədim əfsanələrin sehrli məkanlarından biri hesab etdilər, ona sirr kimi, gizli ad kimi, əjdahanın qarşısını kəsib qurban tələb etdiyi mifik söyləmələr kimi baxdılar?
Nə zaman, nə məkan, nə tarix, nə həqiqət, nə yalan... İnsana bir hay gərək, bir hava gərək, içindəki sızıltı səslənmək istəyəndə üzünü harasa tuta, əlini harasa uzada...
Arpaçay üzünü ona üz tutanlardan çevirmədi, əlini əl uzadanlardan çəkmədi...
Sinəsinə bir qurbanlıq ağı enəndə də dözdü, Sara ondan istənəndə də... Nə itiyini geri qaytara bilirdi məhəbbət nağılının, nə nəğməsinin qarşısını kəsə...
Bir yandan da Saranı sellərinə qərq edib aparan əfsanənin Arpaçayı nə əfsanədir, nə nağıl... O bəlkə də yer üzünün enişi- yoxuşu özünü tanıtmağa başlayandan torpağın milyon illik saxlancını üzə vurduğu bir qaynaqdan xeyir-dua alıb, Naxçıvan torpaqlarının sinəsində özünə yer edib, axıb getməyindədir... Gah dərələrdə gizlənən, gah düzənə yayılan, göz yaşı kimi dup-duru sakit sularına baxdıqca onun qəzəbini, hirsini, qurban istəyən halını, qurban verənlərin göz yaşlarını ağlına gətirə bilmirsən...
Qədim əfsanələr o göz yaşlarını görməyibmi, Arpaçayın boynuna sularının duruluğuna yaraşmayan bir günah qoyub... Sən demə o, kükrəyən qəzəbini ancaq gözəllər gözəli Saranı aparıb gedəndə soyuda bilib...
Bir də deyirlər, özünü Arpaçaya atan gözəllər gözəli Saranın sevgisi suyun başına keşik çəkən əjdahanı elə məftun edib, özünü qızın ardıyca sulara vurub, Saranın ruhunu oradan xilas edib göylərə aparıb...
Arpaçayın ruhu isə burda, bu torpaqlarda dolanır. Bəlkə də o ruhuiləa birgə yaşayan yeganə kədərli nəğmənin səbəbkarıdır... O nəğmə Saranı sulardan xilas edə bilməyib, əfsanələrdə belə deyilir, amma...
***
Arpaçay özü də xilasedicidir...
Siz heç Arpaçayı quş baxışından gördünüzmü? Getdiyi yollar boyunca həyatın nəfəsinin necə duyulduğuna, yaşıllaşıb çiçəkləndiyinə, bəhərlənib saraldığına, sakitləşib qış yuxusuna daldığına fikir verdinizmi?
İnsan düşüncəsi həyatı, kainatı, yaşamı dərk etməyə başladığı andan suların vacibliyini anlayıb. O görüb ki, harada su varsa həyat var, o görüb ki, bir damla su ilə həyat xilas etmək olur. O, görüb ki, su onun ən böyük ehtiyacı, ən böyük var-dövlətidir... Özünü ocaq qırağına verən insan həm də yerini-yurdunu su kənarına düzüb, suyun başına yığışıb, suya baş əyib, təzim edib, ona qurbanlar verib... Suyun bərəkəti onu canlı, diri, həm də... həm də təmiz saxlayıb. İnsan həm mənən, həm cismən paklanmaq istəyəndə oddan keçdiyi kimi sulara da qərq olub... Suyun təmizliyi, toxunulmazlığı, qoruyucu daşıyıcı olması inancı məhz həyat üçün minnətdarlıq hissindən irəli gəlir.
Arpaçay boyunca Naxçıvanın, Şərurun ən gözəl kəndləri boy-boya verib düzülüb. Evlərində işıq yanan, torpağında bərəkət yetişən zəhmətkeş insanların gözü önündə sakitcə axıb gedən dupduru sular... Üstünə söyüdlərin əyildiyi, sularının aynasında ay nurunun, günəş şəfəqlərinin əks olunduğu Arpaçay... Hələ bir də payızsa, təbiətin saralan, narıncılaşan yorğunluğunda dünyanın qalımlılığına, əbədiliyinə, təkrarlığına, canlılığına zəmanət verən Arpaçay... Suları əkinlərə can verən, evlərə işıq paylayan Arpaçay...
***
Şərur ellərinin minillikləri yola salmış dərin köklərinin dünyanın bu üzündən o üzünəcən çatan Oğlanqala- Qızqala əfsanələri də məhz burda, Arpaçayın sahillərində yaranıb. Şübhəsiz, mənsəbi gizli bulaqlardan can alan Arpaçay kimi, onların də qaynağında dayanan acılı-şirinli səbəblər həyatdan – həqiqətdən qidalanıb.
O üzdə bir igid oğlan, bu üzdə bir gözəl qız...
O üzdə bir sevda, bu üzdə bir sədaqət
O üzdə bir həsrət... və bu üzdə də eynən, Arpaçayın dupduru, gömgöy sularına dəyib o üzdə də, bu üzdə də eyni cürə havalanan həsrət...
Gələn həsrət, gedən həsrət, təkcə iki sevgilini deyil, eyni xalqı, eyni ulusu, eyni dili, eyni kökü bir-birindən ayrı salan ayrılığı ifadə edən həsrət.
Arpaçay sanki dizlərini Naxçıvan torpağına dayayıb pəhləvan kimi o üz varlığımızı bu üz varlığımızdan ayrılmağa qoymur...
Xalq, daşıyıcı yaddaşı ilə kökün kod izlərini saxlayır. Onu tanımaq,xarakterinə bələd olmaq, haradan gəlib hara getdiyinə, nələrdən keçdiyinə, nələrə şahid olmaq istəyirsənsə... üzünü bir də nağıllara, əfsanələrə, bayatılara, inanclara tutmalısan... Keçmiş qatlara nəzər saldıqca və orda tapdıqlarını bu gününlə tutuşdurduqca kim olduğunu, kimlərdən olduğunu anlayırsan...
Bizim qədim, lap qədim, duruşunu hər şeydən üstün tutan babalarımız, ad-sanlarını qorumaq üçün, müharibələr və tənəzzüllər zamanı məğlubiyyətin qarasını təmizləmək – şərəfli ölüm üçün məhz sulara üz tutublar... Hara boylanırsınızsa boylanın, gündoğandan günbatanacan, sularla bağlı, həm də axar sularla bağlı müqəddəslik barədə şifahi və yazılı nümunələrə rast gələcəksiniz...
Arpaçay ətrafı obaların ağsaqqal-ağbirçək yaddaşında haradansa sızıb gələn, bəlkə haradan sızıb gəldiyi maraq belə doğurmayan böyük bir tarix gizlənib. O tarix, bu yerlərin insanının nəyə inandığını, nəyə inanmadığını, nəyə etibar edib-etmədiyini, nəyi nədən üstün tutduğunu aydınca söyləməkdədir...
Suya müqəddəs inanc ən qədim düşüncənin, ən qədim təfəkkürün sərvətini daşıyır. Dərin sevgi dastanları, caynağını bu ellərə uzatmaq istəyən yadelliylə üz-üzə dayanan igidlik hekayələri, torpağın gizli qatında gizlənmiş sirlərin div yuxusunu sulara, axar sulara söyləmək, gedəni su ilə yollamaq adəti...
Gah dərəsinə qısılan, gah nəfəsini geriyə çəkib sularını gizlədən, gah gün işığı kimi sakit-sakit düzənliyə yayılan, gah qol-budaq olub torpağa hopan, gah birləşib daha da dərinləşən - bizi bizə nişan verən dupduru salnamə...
Kim bilir, bəlkə elə bu qədimi inancı-inamı, etibarı da sular boşu-boşuna qazanmayıb? – Arpaçay dəryaçasının sularında əks olunan ay işığına baxa-baxa düşünürsən... Nələrə şahid olmayıb Arpaçay? Su yaddaşı qalıcıdırmı, qalıcı deyilmi, söyləmək çətindir, amma ən təbii halı ilə həmişə özündən özünə axmaqla yanaşı həm də ota, çiçəyə, ağaca, insana qarışan su özü ilə bir informasiya, bir yaddaş əmanət edir. Sular axıb gedir, amma itib batmır... Ona yaxın gələn hər canlının, üstündən keçən hər quşun, sularına ayaq basan, əl uzadan hər insanın düşüncəsini, duasını, bədduasını, arzusunu, ümidini eldən-elə aparır, məktub kimi bu üzdən o üzə daşıyır Arpaçay...
Əyilib ovuclasanız, üzünüzə-gözünüzə çırpsanız, udumlasanız köksündəyer edib axıb getdiyi bu torpaqların zənginliyindən nəsibinizi alacaqsınız...
***
Ayın Arpaçay dəryaçasının ayna sularında əks edən işığına baxa-baxa, həzin bir nəğmənin neçə gecənin qaranlığından keçib ürəyə çatdığını hiss edə-edə olub keçənləri fikrindən keçirməyə bilmirsən...
Arpaçayın yatağına düşüb gedir xəyalımız... Dolanbac yollarda gah səngiyən, gah itiləşən su axını sahilin sarı gözəlliyi altında bərq vurur. Payız bu torpaqlara çox yaraşır. Yaz-yay boyunca Arpaçayınsularından içib bərəkətini verib dərin yuxusuna hazırlaşan torpağın da, onu əkib-becərən insanının da alnı açıq, üzü ağdır. Arpaçayın suları bollaşır, o sağına-soluna, əkinə-biçinə uzanmış verimli əllərini çəkib sinəsinə qısır, dağlara sarı boylanır, göylərə sarı boylanır, axıb gedəcəyi nöqtəyə - Araza qovuşmağa tələsir. Canında ayların yorğunluğu, üstünə enən sərinliyin, sinəsinə səpələnən yarpaqların arasından altından keçdiyi göyün bir parçasını, yanından keçdiyi obaların səs yaddaşını, içində qoruduğu canlılığı sularında əridib, qarışdırıb duruldur, həzinliklə köks ötürə-ötürə daha böyük sulara, daha böyük yaddaşa, daha böyük dövrana çəkir...
***
Arpaçay həm də bir nisgildir.. Onun kövrək xatirəsində bir boğulmuşluq, əsir alınmışlıq var. İnsan bəzən həsrətlə təkcə öz torpaqlarına deyil, öz sularına da boylanır. Bilirsən ki, nəfəsinin bir udumu, canının bir tutumu haradasa barmaqlıqlar arxasında, güllə altında, minalanmış sahə kimi ölüm-qalım qorxusuyla yaşayır...
Təxminən bir il əvvəl Günnüt azad ediləndə Arpaçayın bu torpaqlarda göz həbsinə son qoyuldu, üzərinə düşən yad baxışlardan təmizləndi, paklığa çıxdı. Bu hadisə, bütün mühüm əhəmiyyəti ilə yanaşı həm də mənəvi bir dinclik, təsəlli və dəyər, həm də inam üçün istinaddır – Bu torpaqların da, bu torpaqlardan axıb gedən suların da əbədi sahibi var...
***
Arpaçayı aşdı-daşdı...
Arpaçayçoxları üçün yuxularda,nəğmələrdə, əfsanələrdə, xatirələrdə aşıb daşır. Hekayə olur, dastan olur, şeir olur. Hərə öz təbindən, öz söhbətindən, öz acılığından şirinliyindən, sevgisindən, içində səslənən havanın enib-qalxan harmoniyasından bir cür Arpaçay ötürür axşamından səhərinə, bu günündən sabahına...
Təkcə onlar, günlərin bir günü yollarını Naxçıvan ellərindən salanlar adi çaydan daha çox bir xalqın kök yaddaşında nişana çevrilmiş Arpaçayla görüşürlər. Dolama-dolama yollar boyunca getdikcə əl uzatsan sularına yetişirsən, baxsan göz dolusu duru göylüyünə. Birdən birə heyrət içində dayanıb gələn-gedən qonağından xəbərsiz qoca ömrünü davam etdirən Arpaçayınbəlkə də bunları düşünməyə nə vaxtı var, nə ehtiyacı. Nə suallarımıza cavab verir, nəhayımıza. Susur. Oba-oba, ev-ev, ağac-ağac, daş-daş, qaya-qaya tanıdığı sahillərinə toxuna-toxuna bəlkə də haqqında deyilənləri, sularına pıçıldananları, bu üzündən o biri üzünə boylananlarıqəlbinin süzgəcindən keçirib özü kimi duruldub saxlayır, amma sirrini heç kimə vermir.
Onun evi burda, bu torpaqlardadır. Onun ürəyi burda, bu torpaqlarda döyünür. Onun nəfəsi burda, bu yerlərin nəfəsinə hopub. Amma səsi-sədası, müqəddəsliyi, nisgili, nəğməsi, ruhi mövcudluğu özündən dəfələrlə uzaq ellərdə, uzaq yerlərdədir.
Bəlkə də biz Arpaçayın nəğməsini laylalarımıza qatıb oxumaqla ən doğrusunu edirik. Çünki, insan ömrünün bir nöqtəsində özündən xəbərsiz bəsirət gözünə, bəsirət duyumuna hopan dəyərlərin izinə düşüb onları axtarmağa, onlara toxunmağa, onlarla tanış olmağa can atır...
Arpaçayla ilk rastlaşmasında heyrət və sevinc içində: “Bu doğrudanmı odur, Arpaçaydır?!” deyən yolçu kimi...
Hədiyyə Şəfaqət