Bir sıra xarici jurnalistlərin ulu öndərə: “Siz hər bir sahənin mütəxəssisi ilə onların özü kimi mühakimə yürüdə bilirsiniz, bu qabiliyyət Sizdə haradandır?” – sualının cavabında dahi Heydər Əliyevin: “Hər sahəyə dair çoxlu sayda kitab oxumaq və zəngin həyat təcrübəsinə malik olmaq lazımdır”, – deyə cavab verməsi kitabın həyatımızda hansı vacib yerdə dayandığını bir daha sübut edir.
Kitablar tariximizin və mədəniyyətimizin qaynağı və qoruyucusu olmaqla, keçmişimizi bu günə, bu günümüzü isə sabaha ölümsüz şəkildə çatdıran məlumatdaşıyıcısıdır. Əqidəmizin formalaşmasında kitabın rolu böyükdür. Kitab insana motivasiya verir, ruhlandırır, dünyagörüşünü formalaşdırır, təfəkkürünü inkişaf etdirir, düşünmək və analiz etmək qabiliyyətini artırır.Kitab oxunulan cəmiyyətdə bir çox sosioloji və psixoloji problemlər öz həllini çox asanlıqla tapır.
Kitaba, mütaliəyə yüksək münasibətin tarixi kökləri qədimlərə gedib çıxır. XI əsrin birinci yarısında yaşayıb yaratmış görkəmli Azərbaycan filosofu Əbül Həsən Bəhmənyar kitab mütaliəsini insan idrakının qidalanmasında ən mühüm məşğuliyyət hesab edir. O, kitab və mütaliə ilə bağlı fikrini belə şərh edir: “Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin.
XIII əsrdə yaşayıb yaratmış Nəsirəddin Tusi isə belə deyirdi: “Bilikli və bildikləri ilə başqalarını heyran edən insana ehtiram göstərin. Bilikli və bildiyinə güvənməyən insan isə özündən xəbərsizdir, onu tənqid edin. Biliksiz və öyrənməyə cəhd edən insan zəhmətkeşdir, ona kömək edin. Biliksiz və öyrənmək istəməyən insan ağılsızdır, ondan uzaq olun”.
Kitab oxumaq nə üçün önəmlidir və bizə nə qazandırır?
Məşhur rus yazıçısı Maksim Qorki özü barədə qeydlərində qazandığı hər şey üçün kitablara borclu olduğunu yazır.
Kitabın, davamlı mütaliənin insanı necə dəyişdiyini anlamaq üçün mütləq Maksim Qorkinin “Mən necə oxumuşam” avtobioqrafik hekayəsi ilə tanış olmaq lazımdır. Qorki həmin hekayəsində yazır: “Kitablar olmasaydı, mən səfehlik və bayağılıq içində itib-batardım”. O, özü-özünü sarsılmaz iradəsi, inadı və əlbəttə, kitabların, davamlı mütaliənin sayəsində yazıçı kimi yetişdirmişdi. Bu hekayədən balaca Qorkinin olduqca dəcəl, oxumağa meyl etməyən bir uşaqlıq keçirdiyibəlli olur. Məktəb qaydaları onu sıxır, dərslərdən yayınırmış. Dərslərini zəif oxusa da, yazıçının idraki qabiliyyəti kitablar sayəsində sürətlə inkişaf etmiş,uğurunun kökündə isə onun mütaliəsi və əldə etdiyi məlumatlar dayanırdı.
XVII əsr rasionalizm fəlsəfi cərəyanın ilk və ən nüfuzlu nümayəndələrindən biriReneDekartın kitab və mütalıə ilə bağlı belə bir fikri var: “Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir”.Bizim bir çox tarixi şəxsiyyətlər, dahi insanlarla ünsiyyət qurmaq imkanımız yoxdur.Ancaq bu insanların kitablarını oxumaqla, onun bütün həyatının məhsulunu çox rahatlıqla əldə edirik. Lakin bu kitablar o qədər də asanlıqla başa gəlmir. Çünki, bir müəllif kitab yazarkən araşdırır, nə qədər zəhmət çəkir, o zəhmətinin tam məğzini və ruhunuhəmin kitaba ötürür .
Bəs aparılmış elmi dəyərləndirmələrdə kitab oxumanın faydaları barədə hansı nəticələr əldə olunub?
Elmi dəyərləndirmələrkitab oxumanın insan sağlamlığına çox yaxşı təsir göstərdiyini, mütaliənin insana rahatlıq verdiyini və əsəb gərginliyini azaltdığını təsdiqləyir. 2009-cu ildə İngiltərənin Sasseks Universitetində aparılmış elmi araşdırmalara əsasən, musiqi dinləmək, çay və ya kofe içmək, gəzmək, kitab oxumaq və başqa bu kimi məşğuliyyətlər əsəbi gərginliyi azaltmağın ən təsirli yollarındandır. Adı çəkilən universitetdə aparılmış elmi təcrübələr zamanı insanda qan dövranı və qan təzyiqi nəzarətdə saxlanılaraq səhifələri çevirməyə başladıqdan 6 dəqiqə sonra əsəbi gərginliyinin azalması müşahidə olunub.
Oxumaq, anlama qabiliyyətimizi artırır .Uşaqlar üzərində yeni məlumatların qəbul edilməsi ilə bağlı aparılan elmi təcrübələr zamanı onların kitabdan televiziyaya baxmaqla öyrəndiklərindən 50 faiz daha artıq kəlimə öyrəndiyi təsdiqlənib. Kaliforniya Universitetlərində aparılan araşdırmalar isə kəlimə sayı digər insanlara nisbətən geniş olan insanların, yalnız oxu testlərində deyil, eyni zamanda digər dərslərdə də uğurlu nəticələr qazandıqlarını aşkara çıxardıb.
Oxumaq eyni zamanda zəkanı itiləşdirir. Amerika Nevroloji Akademiyasının“Neurologi” jurnalına əsasən, orta hesabla 89 yaşına qədər yaşamış 294 nəfərlə araşdırma nəticəsində kitab oxumaq kimi zehni fəallaşdıran məşğuliyyətlərlə daha çox məşğul olan insanların, yaşlanma nəticəsində adi hal kimi qəbul olunan hafizə itgisinə daha az məruz qaldıqları müəyyən edilib. Amma zehin məşğələlərini davamlı yerinə yetirməyən insanlar zehni qabiliyyətlərini digərlərinə nisbətən 48 faiz daha tez itirirlər.
Hətta mütəxəssislər oxumanın Alzheimer xəstəliyinə qarşı belə bir qorumaq vasitəsi olduğunu qeyd edir, onların fikrincə kitab oxumaq,tapmacalara cavab tapmaq kimi beyni qədərindən artıq çalışdıran xüsusi həvəsə sahib olan insanlarda Alzheimer xəstəliyinə tutulma riski çox aşağıdır.
Müasir insan kitaba ruhu ilə bağlanmalı və onu orqanizminin əsas bir üzvü kimi hiss etməli, digər ehtiyaclar kimi kitabsız da yaşaya bilməməlidir. Ömrü dəryaya, insanı gəmiyə bənzətsək, bu dərya üzündəki gəminin kompası, şübhəsiz, kitabdır. Bəlkə də insanın insana ən böyük hədiyyəsi elə kitab olmalıdır. Yaradanın göndərdiyi müqəddəs kitabda “Oxu!” deyildiyini hansımız bilmirik? Bütün bunlar kitabın misilsiz dəyərindən xəbər vermirmi?
O xalq xoşbəxtdir ki, onun kitab mağazalarında növbə olur. Xoşbəxt o xalqdır ki, hər ailəsinin, heç olmasa, bir kitab rəfi var.
Dünyada heç kimin kitabsız olmaması arzusu ilə…
Aysel Əliyeva
Naxçıvan radiosunun baş redaktoru