Parlayan ulduza ləkə salmayaq...

A- A A+

Türkiyənin “İYİ” partiyasının Qars vilayəti üzrə keçmiş sədri, Qars Bələdiyyə sədrliyinə namizəd Səttar Kaya “Bölgəmizin parlayan ulduzu Naxçıvan” məqaləsi Türkiyə və Naxçıvan mediasında işıq üzü gördü. Məhz o yazı çoxdandır fikrimdə dolandırdığım bir mövzuya müraciət etməyə səbəb oldu. Öz söhbətimə başlamazdan əvvəl Səttar Kayanın fikirləri haqda qısa məlumat verim.

İlk dəfə 1994-cü ildə, sonra isə 2010-cu ildə Naxçıvana gələn Səttar Kaya 2019-cu ilin sentyabr ayında yenidən Naxçıvanda olub. Şahidi olduğu bu üç dövrdə Naxçıvanı müqayisə edir, muxtar respublikada  həyata keçirilən quruculuq işlərinə, şahidi olduğu nizam-intizama, səliqə-sahmana görə qədim diyarı “Bölgənin parlayan ulduzu” adlandırır. Sonda isə Naxçıvan Muxtar Respublikasının inkişafında göstərdiyi xidmətlərə görə Ali Məclisin Sədri cənab Vasif Talıbovu təbrik edir, ona minnətdarlığını bildirir.

Onu qeyd edim ki, Səttar Kaya Naxçıvana gələn, buradakı müasirliyi, inkişaf səviyyəsini qiymətləndirən yüzlərlə adamdan biridir. Ölkəmizin müxtəlif bölgələrindən və xarici ölkələrdən  muxtar respublikamıza gələn turistlər, ayrı-ayrı iş adamları da Naxçıvandakı  inkişaf səviyyəsinə, səliqə-sahmana, nizam-intizama, dövlətin qanunlarına əhalinin hörmətlə yanaşmasına heyran olduqlarını gizlədə bilmirlər. Məsələn, bir neçə il Naxçıvanda fəaliyyət göstərən Naxçıvan-Fransa birgə arxeoloji ekspedisiyasının Fransadan və digər ölkələrdən olan üzvləri ilə muxtar respublikanın bir çox yerlərində olduq. Hər dəfə yeni bir kəndə getdikdə onlar öz maraq və təəccüblərini gizlədə bilmirdilər. Bir neçə il əvvəl bir  qrup geomarfoloq ilə qədim göllərin yerlərini axtarırdıq. Həmin dövrdə Şahbuz rayonunun Ayrınc, Qızıl Qışlaq, Kükü, Nursu kəndlərində kompleks quruculuq işləri ilə yanaşı, yol infrastrukturunun da yenidən qurulması həyata keçirilirdi. Bütün bu kompleks işləri görən qonaqlar təəccüb qarışıq bir ifadə ilə  söylədilər ki, Avropa ölkələrinin kəndləri belə bu səviyyədə inkişaf etməyib, bu cür şərait yaradılmayıb.

Əlbəttə görülən bu işlər muxtar respublikamızı birmənalı olaraq “Bölgənin parlayan ulduzu”na çevirib. Amma...

Burada əcnəbilərə deyil, özümüzə bir sual ünvanlamaq istəyirəm- gəlin görək biz bu təmizliyə, abadlığa lazımi münasibəti göstəririkmi?.. Laqeydlik və biganəlik böyük bəladır. Mətbuatda tez-tez bu mövzuya toxunsaq da, yaşadığı kəndə, şəhərə laqeyd münasibət göstərən adamlardan təəssüf ki, yaxa qurtara bilmirik. Axı hər bir çatışmazlığı, naqisliyi inzibatçılıqla aradan qaldırmaq mümkün deyil. Son illər Naxçıvan şəhərində neçə-neçə istirahət mərkəzləri, parklar, xiyabanlar yaradılıb. Amma bəziləri həmin parklarda, yaşayış binalarının yaxınlığında əhalinin istirahəti üçün qoyulan kətillərin, oturacaqların  ətrafını siqaret kötüyü və günəbaxan tumu ilə “bəzəyir”. Halbuki, yaxınlıqda yetərincə sayda zibil qutuları, tullantı qabları qoyulub. Bu hal kəndlərimizdə əhalinin istirahəti üçün ayrılan yerlərə də xasdır.

20-25 il əvvəl paytaxt Naxçıvan şəhərindən müxtəlif istiqamətlərə şaxələnən avtomobil yollarının kənarında kölgələnmək üçün bir ağac belə tapmaq mümkün deyildi. İndi isə bütün yolların hər iki tərəfində əkilən ağac və bəzək kolları Naxçıvanın meşə ehtiyatının  qat-qat artırılmasına şərait yaradıb. Sual olunur: bəs biz yaradılan şəraitdən necə istifadə edirik? Mütəmadi olaraq yolların kənarına atılan müxtəlif tullantıları toplayan insanlara rast gəldiyimiz halda biz nəyə görə yaşıllıqların kənarını şüşə və kapron butulkularla, sərinləşdirici içkilərin tullantıları ilə “bəzəyirik.” Görəsən hər gün yolların kənarında təmizlik aparan insanları  gördükdə heç bir vicdan əzabı çəkmirik? İnsan nə qədər düşüncəsiz, mənəvi cəhətdən nə qədər aşağı səviyyəli ola bilər ki, Naxçıvandakı təmizlikdən zövq alan qonaqların könlünü milçək kimi bulandırsın?

Bu,son deyil. Təbiət qoynunda, çay və bulaq kənarında, meşəliklərdə, istirahət edilən yerlərdə də tullantıların atılıb toplandığının şahidi oluruq. Məgər hər kəs istirahət etdikdən sonra özündən sonra tökdüyü zibili, müxtəlif tullantıları toplayıb özü ilə apara bilməzmi? Axı təmizlikçilər indi əhalinin kütləvi istirahət etdiyi hər bir yerdə, hətta təbiət qoynunda belə tullantı qutuları qoyublar. Nəzərə almaq lazımdır ki, Batabat yaylağı da, Payız meşəsi də və adını saymadığımız neçə-neçə istirahət məkanı da bizim evimizdir. O zaman evimizə nəyə görə belə münasibət bəsləyirik?. Təəssüf ki, bəzilərini qapısının ağzından bir metr kənar olan yerin təmizliyi maraqlandırmır. Əgər maraqlandırsaydı getdiyimiz istirahət yerlərində ocaq qalaqlarına,şüşə qırıqlarına rast gəlməzdik. Maraqlıdır ki, bəziləri həmin yerdə təkrar-təkrar istirahət məclisi qururlar, bəs görəsən bu zaman öz əməllərindən xəcalət çəkmirlər?

Bəzən binaların  dəhlizlərində, istirahət üçün təşkil olunmuş yerlərdə, tarixi abidələrdə divarlara lazımsız yazılar, ad-soyadlar, internet saytları yazılır. Görünür, bunu edənlər öz əməlləri ilə “tarixdə qalmaq istəyirlər”. Amma tarixdə qalmaq üçün daşın üzərinə süni boya ilə ad yazmırlar. Bunun üçün yaxşı işlər görməklə  əməlini  xalqın “daş yaddaşına” həkk etmək lazımdır. 

Bu yaxınlarda sosial şəbəkələrdə Əshabi-Kəhf Ziyarətgahi Dini-Mədəni Abidə Kompleksinin daşlarına öz adını “həkk edənlər”in fotolarına rast gəldim. Yazılan rəylərə baxıram və düşünürəm ki, doğrudan da bu işdə ictimai qınaq əsas şərt olmalıdır.  Ziyarətgahda və lap elə evimiz bildiyimiz şəhərimizdə  yerə atılan hər hansı bir tullantını yerdən qaldırıb savab əməl qazana biləcəyimiz halda daşları, divarları “qaralayırıq”.

Axı hər yerə nəzarətçi qoymaq, hər şeyi inzibatçılıqla həll etmək mümkün deyil. Unutmayaq ki, ən yaxşı nəzarətçi insanın öz vicdanı, öz mədəniyyətidir. Ona görə də gəlin öz mədəniyyətimizlə “Bölgənin parlayan ulduzu”nun üzərinə kölgə salmayaq!

Zaleh Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: