Yuxarı Buzqovda sabitlik və inkişaf dastanı yazılıb - FOTOLAR
Dağların sinəsinə boyunbağı kimi dolanan hamar yolla Cəhridən, Payızdan yol alıb Yuxarı Buzqova getmək daha əvvəlki kimi müşkül məsələ deyil. Dövlət müstəqilliyimizin bəhrələri bu gün bütün ucqar dağ və sərhəd kəndlərində olduğu kimi, burada da duyulmaqdadır. Babək rayonunun təşkil olunmasının 40 illiyi ərəfəsində muxtar respublika rəhbərinin iştirakı ilə Yuxarı Buzqovda yaradılan infrastruktur, istifadəyə verilən yeni sosial obyektlər dosta sevinc, kəndin bir addımlığında yerləşən, uzun müddət Yuxarı Buzqovla bağlı məkrli niyyətlərini həyata keçirməyə çalışan mənfur ermənilərə isə göz dağıdır.
Ötən əsrin 90-cı illərində Babək rayonunun Yuxarı Buzqov kəndi də aramsız düşmən hücumlarına məruz qalıb və həmin vaxt kənddəki infrastruktur yerlə yeksan edilmişdi. Kənd camaatının etiraf etdiyi kimi, ağır günlər yaşadılar, tarixi sınaq qarşısında qaldılar, amma bir qarış torpağı belə düşmənə güzəştə getmədilər. Səhəri səngərdə açıb elə orada da yola saldıqları günlər oldu, lakin Vətən torpağının hər qarışı kimi Yuxarı Buzqov da müqəddəsdir deyib, mənfur erməniləri yerinə oturda bildilər. Bu hadisələr zamanı Yuxarı buzqovlular da əsl qəhrəmanlıq dastanı yazıblar.
Zaman keçdi, illər ötdü kəndin dağ-dərəsində səngər qurub primitiv ov tüfəngləri ilə keşik çəkənlər yerlərini güclü, qüdrətli Azərbaycan Ordusunun əsgərlərinə verdilər. İndi bu oğulların əlində ən müasir atıcı silahlar, qəlblərində əcdadları kimi sonsuz vətənpərvərlik duyğusu və düşmənə qarşı amansız nifrət var. Üstəgəl, Yuxarı Buzqovun sərhədlərini qoruyanlar üçün ən müasir xidmət və məişət şəraiti yaradılıb.
Kənd qorunursa, deməli, inkişaf və tərəqqi də olacaq. Bu gün ucqar dağ kəndində tamam başqa bir ab-hava, insanlarında ayrı bir əhval-ruhiyyə var. Müharibə, narahatlıq, təşviş buranın insanlarına yaddır. Kəndin icra nümayəndəsi Vahid Şahverdiyev deyir ki, Yuxarı Buzqovda müasir layihə əsasında qurulan kənd mərkəzində poçt, klub, kitabxana, feldşer-mama məntəqəsi və digər xidmət sahələri var.Kəndin məhəllələrinə içməli su xətti çəkilib. Naxçıvanın bütün yaşayış məntəqələrində olduğu kimi, bu sərhəd kəndində də qaz və elektrik problemləri həll edilib. Mənzillər telefon xətləri və internetlə təmin olunub. Bu ildən başlayaraq kənddə yeni mərasim evinin də tikintisi aparılır.
Haşiyə: Naxçıvanda inşa olunan mərasim evləri hüzn mədəniyyətinin bir parçası olmaqla yanaşı,həm də kəndlərimizdəki birlikdən, bərabərlikdən, insanlar arasındakı həmrəylikdən xəbər verir.
Əhalinin rayon mərkəzinə və Naxçıvan şəhərinə gediş-gəlişini yaxşılaşdırmaq üçün marşrut xətləri fəaliyyət göstərir, elə şəxsi avtomobillərin də sayı ilbəil artır. Etiraf edək ki,əvvəllər yolun bərbad olması ucbatından Yuxarı Buzqova maşın tapıb getmək üçün necə deyərlər, “kisənin ağzını açmaq” lazım gəlirdi. Amma bu gün Naxçıvan-Şahbuz-Batabat magistral yolundan ayrılıb Yuxarı Buzqova qədər uzanan yol o qədər rahat, o qədər abaddır ki, bunu sözlə ifadə etmək olmaz.
Yaradılanlar, qurulanlar təkcə yolla məhdudlaşmır. Ali Məclisin Sədri cənab Vasif Talıbovun himayəsi və qayğısı sayəsində kiçik bir kənd üçün elə bir məktəb binası tikilib ki,uzaqdan baxanda diqqəti çəkir. Uzun illər nəvə-nəticə,oğul-uşaq taxtadan qurulmuş uyğunlaşdırılmış tikilidə dərs keçib. İndi isə mənzərə tamam başqadır. Ucqar dağ kəndinin məktəbi şəhər və rayon mərkəzlərin təhsil ocaqlarından seçilmir.
Məktəblə daha yaxından tanış oluruq. Qahab kəndindən olan və təyinatla bu məktəbə tarix müəllimi kimi göndərilən gənc pedaqoq Qafar Zamanov deyir ki, artıq ikinci ildir, Yuxarı Buzqovda həm işləyirəm. Buranın insanları o qədər qonaqpərvərdir ki, özümü evimizdəki kimi hiss edirəm. Dərs keçmək üçün hərtərəfli şərait var. Bu gün sərhəd olan kənddən şəhər məktəbləri ilə internet üzərindən interaktiv əlaqə qura biliriksə bu artıq inkişaf və tərəqqidir. Bu şəraiti yaradanlara minnətdarıq.
...Yaz aylarında çaylarında, çəmənlərində gəzməkdən doyulmayan Yuxarı Buzqovda payızın tamam başqa bir ahəngdarlığı, füsunkarlığı hökm sürür. Dağlardan qalxan çən, duman kəndi mühasirəyə alır. Narın payız yağışı isə lap yerinə düşür. Təbiətlə insan arasında görünməz körpü yaranır, onu duyğulandırır, kövrək notlar üstündə kökləyir. Yarpaqları yavaş-yavaş tökülən ağacların budaqlarından sallanan meyvələrdən,yerə sərilmiş xəzan yarpaqlarından süzülən yağış damlaları ətrafa məftunedici rayihə yayır. Bir sözlə, payız lövhələri kəndə hakim kəsilib. Hiss edirsən ki, havalar bir qədər soyusa da camaatın əli işdən soyumayıb. Yuxarı buzqovluların çox sevdikləri bir atalar sözü var: “Vaxtında yaxşı tutsan bazarı, qışda görməzsən azarı”. Buna görə də kənddə öncədən qışa hazırlıq görülür. Özü də bazara getmədən, elə həyət-bacadan, bağ-bağçadan. Öyrəndik ki, cəviz, alma, armud, heyva yığımının əsl vaxtıdır. Ağaclarda o qədər məhsul var ki, az qala budaqları sındırır. Meyvələr yeşiklərə doldurulur, satan satır, satmayan qışa tədarük görür. Nemətlərin dadına isə söz ola bilməz. Bir tərəfdə qış süfrələrinin dadı olan əriştə kəsilir, digər tərəfdə isə cəviz çırpılıb qurudulur. Buzqovun balı kimi, cəvizinin də dadı naxçıvanlılara yaxşı məlumdur.
Günün sonuna doğru avtomobilimizə əyləşib üzüaşağı yol alırıq. Bu kiçik kənddə gördüklərim,qazandığım təəssüratlar məndə bir fikir formalaşdırır:Doğrudan da, dövlət müstəqilliyimiz ən böyük varlığımız,ən müqəddəs nemətimizdir. Bu gün dünyanın siyasi xəritəsində yer alsa da özünün müstəqil siyasətini yeridə bilməyən neçə-neçə dövlət qeyri-sabit həyat şəraitindən əziyyət çəkir. Amma bu gün Azərbaycanın dövlət müstəqilliyinin bəhrələri qapımızın ağzınadək gəlib çıxıb. Elə Yuxarı Buzqovdakı kimi..
Muxtar Rzazadə
“Şərqin səhəri” qəzeti