Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi haqqında Konvensiyanın 40 illiyi tamam olur

A- A A+

Bu il 1979-cu ilin dekabrında qəbul edilmiş Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi haqqında beynəlxalq Konvensiyanın 40 illiyi tamam olur. NUHÇIXAN BMT-nin saytına istinadla xəbər verir ki, hazırda zərif cinsin nümayəndələri planetin əhalisinin yarısını təşkil edir. Gender bərabərliyi isə cəmiyyətdə sülhün və barışığın təmin edilməsində, insan potensialının tam şəkildə üzə çıxarılmasında mühüm rol oynayır. Qadınların ictimai həyatda fəal iştirakının məhsuldarlığın və iqtisadi inkişafın mühüm amili olduğu artıq sübut edilib.

Beynəlxalq Konvensiyanın qəbulunun 40 illiyi münasibətilə BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında bildirilir ki, qadınların hüquqlarının və imkanlarının tam şəkildə təmin edilməsi ilə gender bərabərliyinin qəti hökm sürməsi yolunda hələ uzun məsafə qət etmək lazım gələcək. Onun sözlərinə görə, hələ də bir milyarddan çox qadın seksual zorakılığa qarşı hüquqi müdafiədən məhrumdur. Zərif cinsin nümayəndələrinin əməkhaqqı isə qlobal miqyasda 23 faiz, kənd yerlərində isə 40 faiz aşağıdır. Milli parlamentlərdə onların təmsilçiliyi dörddəbir hissədən də azdır, direktorlar şuralarında isə bu rəqəm daha acınacaqlıdır. BMT-nin rəhbəri hesab edir ki, razılaşdırılmış tədbirlər görülmədiyi təqdirdə qadınlara qarşı ayrı-seçkilik daha da güclənə bilər.

“BMT-Qadınlar” strukturu bununla bağlı xəbərdarlıq edir: “Gender bərabərliyinin və qadın və qızların hüquq və imkanlarının genişləndirilməsinin təmin edilməsi zəmanəmizin başa çatdırılmamış problemləridir. Bu, eyni zamanda, müasir dünyada insan haqları sahəsində də ən aktual məsələlərdən biridir. Kişilər və qadınlar arasında bərabərliyi təmin etmək üçün hələ çox iş görülməlidir”.

Təşkilatın saytında qeyd olunur ki, Konvensiyanın 40 illiyi münasibətilə üzv dövlətlərdə, xüsusən BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında geniş tədbirlər keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: