Sən elə bir yolçusan ki... - FOTOLAR

A- A A+

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!

İlk tanışlığımız bax beləcə başlamışdı azadlığı dərman kimi deyil, səma kimi, günəş kimi istəyən bu şairlə. Bu kiçik şeir parçasıyla... Çox az, təqribən 4 yaşımda olarkən ilk sətrini dayanmadan təkrarladığım Mirzə Ələkbər Sabirin çox sevdiyim “Uşaq və buz” şeirindən belə əvvəl həkk olunmuşdu bu şeir yaddaşıma. Amma etiraf edim ki, müəyyən bir yaşa qədər ailəmizdə Xəlil Rza Ulutürk deyəndə saatlarla danışa biləcək bir üzvün olmasından qaynaqlanırdı bu.

Belə bir fikir var ki, şairin bütün əsərləri məzmun və forma etibarilə nə qədər müxtəlif olsa da, ümumi bir simaya malikdir. Yalnız onların özünə məxsus olan xüsusiyyətləri var. Çünki bunların hamısı bir şəxsiyyətin, vahid və bölünməz bir mənliyin məhsuludur. Buna görə də onun əsərlərinin ruhunu, xarakterinin izahını birinci növbədə şairin şəxsiyyətində axtarmaq lazımdır. Zənnimcə, bu fikirlərin  Xəlil Rza ilə sıx bağlılığı var. Nəticədə, vətənpərvər şair olmaq üçün, ilk olaraq vətənpərvər insan olmaq lazımdır. Qısaca, zamanla haqqında məlumatlandıqca Məmməd Araz, Məmmədhüseyn Şəhriyar, Sədi Şirazi, Hüseyn Cavad kimi sevimli şairlərimlə bir sırada tapmışdım onu.

Xəlil Rza Ulutürk yaradıcılığından nə isə oxuduqca  onun misralara sığdırdığı əzmkarlıq, iddialılıq, mənəvi gücün oxucuya təsir etməməsi mümkün deyil. “Yan... odunla silahlan!”,- deyən şairin bir növ sözün gücünün göstəricisiydi bu:

“Birsən... yüz min olmalısan. Fərdsən... Vətən olmalısan! Gülsən... bahar olmalısan. Kəsafəti alt- üst edən təzə rüzgar olmalısan”.

Azərbaycan türkcəsi ilə bağlı qələmə aldığı “Sən ağzımda dilim yox, Ürəyimdə dilimsən”  misraları ilə bəlli edirdi dil sevgisini, eyni zamanda dil savaşını. “Dilin işğalı torpağın işğalından heç də fərqlənmir”,- deyirdi şair. Dil xalqın bütün yaddaşını və tarixini özündə birləşdirən ən qiymətli xəzinədir. Dil milli varlığın daşıyıcısı, xalqın mövcudluğunun mənəvi pasportudur. Məhz buna görə də, onun dünyasında Azərbaycan dili xalqın, Vətənin özü idi. O, bu mövzuda silahdaşı olan Cəfər Cabbarlının apardığı mübarizəni də öz yaradıcılığında yüksək qiymətləndirir, misralarında ona alqışlar yağdırırdı:

Bütün Azərbaycan gülşənlərindən

Cabbarlı qəbrinə gül bağlayıram.

Öz poeziyasına, öz ideyalarına son dərəcə sadiq olan şairin poeziyası xalqın vicdan səsi idi. Onun şeirləri Azərbaycan xalqını azadlıq, istiqlal uğrunda mübarizənin müsəlləh əsgərinə çevirdi. Məmməd Araz haqqında “Xalqımın yaralı bağrıdır Araz”,- deyən Xəlil Rza bütün yaradıcılığı ilə daim döyüşmüş, inandığı yüksək ideallar uğrunda mübarizə aparmışdır. O, qələmini nizə edib şair- döyüşçüyə çevrilmişdi. Türkün ululuğunu yaradıcılığında ön plana çəkən şair haqqında əbəs yerə “O, millətin şairidir”, “İstiqlaliyyət carçısıdır” deyilməyib. Öz misralarında da vurğulandığı kimi, o elə bir yolçu idi ki, məsləkindən dönməyi yox...

Mən Allahın ver günü oxuyuram Rəsulu,

Qorxuram sona yetə,

Oxuyuram cirəylə, aram-aram Rəsulu.

Bəziləri də onun misralarını bax beləcə- onun Rəsul Rzanı oxuduğu kimi oxuyurdu: aram-aram, bitməsindən qorxaraq.  Bitsə, misraların ardının gəlməyəcəyini bilərək...

Torpaqdan başlanmır, yox,

Səndən başlanır Vətən.

Məndən başlanır Vətən!

deyən şair öldü, torpağa deyil, Vətənə tapşırıldı. Yenə ondan başlandı Vətən!

İtib- batmaq üçün yaranmamışam:

Dünənəm!

Bu günəm!

Gələcəyəm mən!

Bir gün dünyadan getsəm də, nə qəm,

Dünyaya təzədən gələcəyəm mən!

Nəinki itib-batmaq, idealları ilə  hələ də dünyamızda yaşayan, nəfəsini misralarından duyduğumuz, hər oxucusu ilə yenidən nəfəs tapan, şair, bu Vətənə, Azərbaycan ədəbiyyatına bəxş edildiyin gündür bu gün. Günün mübarək, Türkün Ulusu!

 

                                                             Fatma Babayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: