Velosiped, motosiklet və moped sürücüləri arasında maarifləndirici tədbirlər aparılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin  Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planı”na uyğun olaraq muxtar respublikada  velosipedçilərin, həmçinin motosiklet və mopedlərin sürücülərinin yol hərəkəti qaydaları və təhlükəsizlik vasitələrindən istifadə barədə maarifləndirilməsi ilə bağlı təbliğat-təşviqat işləri aparılıb.  

Naxçıvan Muxtar Respublikası  Daxili İşlər Nazirliyinin  Dövlət Yol Polisi İdarəsinin təbliğat üzrə baş inspektoru, polis baş leytenantı Ayaz İsmayılovun NUHÇIXAN-a verdiyi məlumata görə, bu məqsədlə oktyabr ayında ümumi şəkildə 11 dəfə ümumtəhsil məktəblərində, 9 dəfə idarə və müəssisələrdə, 1 dəfə isə ictimaiyyət arasında maarifləndirici söhbətlər aparılıb. Eyni zamanda küçə və yollarda fərdi qaydada bu tip nəqliyyat vasitələrini idarə edənlərə zəruri informasiyalar verilib, küçə və yollarda təhlükəsiz hərəkət qaydaları haqqında ümumi məlumatlar onların diqqətinə çatdırılıb. Onları maraqlandıran dıgər suallara da aydınlıq gətirilib.

Bundan başqa bu nəqliyyat vasitələri haqqında da ətraflı məlumat verilib. Bildirilib  ki;

-velosiped-əlil arabaları istisna olmaqla, idarə edən şəxsin əzələ enerjisi ilə, xüsusən pedalların və ya dəstəklərin köməyi ilə hərəkətə gətirilən hər hansı nəqliyyat vasitəsidir,

-motosiklet-mühərriki olan ikitəkərli, arabalı və ya arabasız mexaniki nəqliyyat vasitəsidir,

-moped-iş həcmi 50 kub santimetrdən çox olmayan, mühərriklə hərəkətə gətirilən və maksimium konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan, iki və ya üç təkərli nəqliyyat vasitəsidir. Belə nəqliyyat vasitələrini idarə edən sürücülər ümumi yol hərəkəti qaydaları ilə yanaşı qanunvericilikdə nəzərdə tutulan digər xüsusi qaydalara əməl etməlidirlər. Belə ki,  velosipedçilər xüsusi velosiped zollaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol ciyinləri ilə hərəkət etməklə yanaşı, texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipedlərdən istifadə etməli, velosipedi idarə etməyə maneə olan yük və ya sərnişin daşımamalıdirlar.

Motosiklet və moped sürücüləri isə sutkanın işıqlı vaxtında belə hərəkət edərkən nəqliyyat vasitəsini göstərmək məqsədilə faranın yaxın işıqlarını yandırmalıdırlar. Həmçinin belə nəqliyyat vasitələrini idarə edənlər mütləq təhlükəsizlik vasitələrindən istifadə etməlidirlər. Əgər avtomobillərdə təhlükəsizlik vasitəsi kimi kəmərlər nəzərdə tutulubsa velosipedçilərin, həmcinin motosiklet və mopedlərin sürücülərinin təhlükəsizliyi üçün də motodəbilqələr nəzərdə tutulub. Yəni təhlükəsizlik baxımından motodəbilqədən belə nəqliyyat vastələrinin sürücüləri və sərnişinləri mütləq istifadə etməlidir.

Bu barədə zəruri məlumatlar həm Naxçıvan  televiziyasında efirə gedən “Yaşıl işıq” proqramında, həm də   Naxçıvanın səsi radiosunda  yayımlanan “Təhlükəsiz yol” proqramında müvafiq olaraq tamaşaçı və dinləyicilərin diqqətinə çatdırılıb, onları maraqlandıran digər suallara da ətraflı cavablar verilib.      

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: